Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-03 12:43:00
BMU-nun akademik tərəfdaş kimi iştirak etdiyi layihənin hesabat tədbiri keçirilib  

Bakı Mühəndislik Universitetinin (BMU) tərəfdaş kimi iştirak etdiyi “Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzləri” adlı proqram/layihə çərçivəsində hesabat yığıncağı keçirilib.

 

AzEdu.az xəbər verir ki, Masallı rayonunda təşkil olunan tədbirdə proqramın rəhbəri və “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin sədri Mirzə Məmməd Vəliyev layihənin mövcud icra vəziyyəti haqqında danışıb. Qeyd olunub ki, bütövlükdə sağlamlıq imkanları məhdud və həssas sosial qruplara aid şəxslərin cəmiyyətə inteqrasiyası və sosial sahibkarlıq fəaliyyətinin təşviqi məqsədinə xidmət edən layihə ötən ilin dekabr ayında 7 əsas tərəfdaş ( Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və DOST Agentliyi,  Bakı Mühəndislik Universiteti, “Azərsu” ASC, “FORİELLA” MMC və “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi) ilə başlayıb. Bu gün isə tərəfdaşların sayı “Azərmaş” ASC, Bakı Tekstil Fabriki və Ekvita şirkətlərinin qatılması ilə 10-a çatıb.

 

Tədbirdə BMU Texnoparkın baş mütəxəssisi və proqram/layihənin universitet üzrə koordinatoru Arif Nəcimov çıxış edib. O, BMU-nun layihədə təmsil olunan yeganə ali təhsil müəssisəsi olduğunu önə çəkərək, universitetin akademik tərəfdaş kimi proqram/layihə çərçivəsində əlavə olaraq görə biləcəyi işləri vurğulayıb. BMU-nun mövcud fakültələri, müasir maddi-texniki bazası, beynəlxalq əlaqələri və hazırda xarici tərəfdaşlarla birgə icra olunan layihələr haqqında məlumat verən A. Nəcimov ali təhsil ocağının yeni və ortaq layihələrin hazırlanması, həmçinin icrası üçün kifayət qədər potensialının olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirin ikinci hissəsində tərəfdaşlar və qonaqlar Masallı Sənaye Məhəlləsində qısa müddətdə (22 avqust 2022-ci il tarixindən) fəaliyyətə başlamış ilk Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzinə səfər ediblər. Qonaqlar Mərkəzdə həssas sosial qrup nümayəndələrinin və əlilliyi olan şəxslərin məşğulluğunu təmin etmək üçün təşkil olunmuş, peşəkar təlimçilər tərəfindən aparılan dərzilik və xalça toxuma kursunun iş prosesi ilə yaxından tanış olublar.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Niyazi Bağırov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Masallı rayon nümayəndəsi Murad İbrahimov və digərləri də çıxış edərək, görülmüş və görüləcək işlər barədə qonaqları məlumatlandırıblar.