Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-08 12:41:00
Peşə təhsili müəssisələrinə qəbulun nəticələri bilindi 

Peşə təhsili pilləsi üzrə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən şəxslərin mobil telefonlarına nəticə barədə SMS göndərilib. 

 

AzEdu.az xəbər verir ki, peşə təhsili müəssisələrinə qəbul olan şəxslər qəbul olunduqları ixtisas və təhsil müəssisəsi barədə məlumatları portal.edu.az platformasındakı “Şəxsi kabinet” bölümündən əldə edə bilərlər.

 

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsi çərçivəsində müsabiqədən uğurla keçən şəxslər 8 – 12 sentyabr (saat 17:00-dək) tarixlərində aşağıda qeyd olunan sənədləri qəbul olunduğu peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər:

• Attestatın əsli;
• Sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;
• Sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi;
• Şəxsiyyət vəsiqəsinin surəti;
• 3 x 4 sm ölçüdə dörd ədəd fotoşəkil;
• Hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;
• Güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.

 

Qəbulun II mərhələsində müsabiqədən uğurla keçən şəxsin qəbul olunduğu peşə təhsil müəssisəsində qeyd edilən tarixlərdə qeydiyyatdan keçməməsi və ya sənədlərini tam təqdim etməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

 

Qeyd edək ki, ikinci mərhələdə www.portal.edu.az platforması vasitəsilə ümumilikdə 9897 nəfərdən 30432 müraciət daxil olub.

 

2022-2023-cü tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 127 ixtisas olmaqla 23340 yer üzrə aparılıb.