Peşə Təhsili üzrə Dövlət Agentliyi, Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramının birgə təşəbbüsü ilə ölkədə peşə təhsilində ilk dəfə olaraq “Elektron qiymətləndirmə aləti” yaradılıb. Bu, peşə təhsili alan tələbələrin biliklərinin onlayn qaydada qiymətləndirilməsi prosesini yerinə yetirir.

 

Bu barədə Azedu.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, sözügedən alət Avropa İttifaqının maliyyələşdirdiyi “Gələcək üçün peşə təhsili və təlimi” layihəsi tərəfindən peşədə inklüziv tədrisə dəstək və peşə təhsilində innovativ yanaşmaların tətbiqi fəaliyyətləri çərçivəsində hazırlanıb. Elektron qiymətləndirmə platforması ilə internetə çıxışı olan istənilən müvafiq mühitdə imtahanların təşkil edilməsi mümkündür və qiymətləndirməni başa vuran namizəd öz nəticəsini dərhal ekranda görə bilir.

 

Qiymətləndirmə prosesi ilk dəfə pilot olaraq Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində aşpaz ixtisası üzrə təhsil alan tələbələr üçün təşkil edilib. İmtahanda 8 nəfər sağlamlıq imkanları məhdud şəxs olmaqla, ümumilikdə 31 nəfər iştirak edib.

 

Elektron qiymətləndirmə alətində suallar “Tək seçim”, “Çoxlu seçim” və “Doğru/Yanlış” sual növləri üzrə və çətinlik dərəcəsinə görə “1 bal”, “2 bal” və “3 bal” üzrə hazırlana bilər. İmtahanla bağlı bütün məlumatlar (fənlər, modullar, suallar), o cümlədən iştirakçılar və nəticələrə dair təfərrüat sistemdə saxlanılır və sistemə müvafiq keçidi olan şəxslər istənilən vaxt bu məlumatları nəzərdən keçirə bilir.

 

Bu platforma Peşə Təhsili üzrə Dövlət Agentliyinə tələbələrin iştirakı, tərəqqisi, uğurlu nəticəsi və ya kəsiri, habelə ümumi performans çətinlikləri haqqında məlumatı hesabat formasında əldə etməyə imkan yaradacaq. Toplanmış məlumatlara əsasən, agentlik öyrənmənin qiymətləndirməsi hesabatlarını ümumiləşdirərək bütün prosesi qiymətləndirmək üçün onları təhlil edə biləcək. Qiymətləndirmə alətinin növbəti tətbiqi avqustun 4-də Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində dərzi qrupu üzrə təşkil ediləcək.

 

Qeyd edək ki, platformanın istifadə edildiyi bu inklüziv təlimlər ödənişsizdir və hazırda 10-a qədər müxtəlif peşə istiqamətləri üzrə təşkil edilir. Təlim proqramını müvəffəqiyyətlə bitirən şəxslərə Təhsil Nazirliyinin dövlət nümunəli sertifikatları təqdim ediləcək. Təlim proqramı Azərbaycanda ömür boyu təhsil yanaşmasına dəstək olacaq və gələcəkdə həmin istiqamət üzrə təlim keçmiş həssas qruplara, gənclərə, qadın və kişilərə yeni məşğulluq imkanları yaradacaq.

 

Peşə təhsilində müasir inklüziv tədrisə dəstək fəaliyyəti Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunur.