https://www.zirve.edu.az/
09.03.2018 17:00
“Thomson Reuters” agentliyi bu universitetimizdə xüsusi məktəb yaradır

“Clarivate Analytics” təşkilatının Rusiya və MDB ölkələri üzrə icraçı direktoru Oleq Utkin, təşkilatın təhsil proqramları üzrə direktoru Valentin Boqorov Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olublar.

UNEC-dən AzEdu.az-a verilən məlumata görə,   bu ali məktəbin rektoru, professor Ədalət Muradovla keçirilən görüşdə “Thomson Reuters” agentliyi ilə universitet arasında əməkdaşlığın istiqamətləri, xüsusən elmi seminar, beynəlxalq konfransların təşkili və elmmetrik məktəbin yaradılması məsələləri müzakirə olunub.

UNEC-in ev sahibliyi ilə keçirilən “Müasir universitetlərdə elmi fəaliyyətin idarə olunması modeli: innovativ inkişaf, çağırışlar və perspektivlər” mövzusunda beynəlxalq konfransın elmi ictimaiyyətdə böyük maraq doğurduğu və konfrans materiallarından ibarət kitabın çap olunduğu qeyd edilib. Bildirilib ki, “Thomson Reuters” və UNEC-in birgə təşkilatçılığı ilə daha bir beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulub.

UNEC-in beynəlxalq səviyyəli universitet olması istiqamətində məqsədyönlü addımların atıldığından məmnunluğunu ifadə edən O.Utkin “Thomson Reuters”in bu istiqamətdə həyata keçirilən layihələri dəstəklədiyini bildirib. O, UNEC-in nüfuzlu elmi jurnallarda nəşrlərinin sayının ilbəil artdığını yüksək qiymətləndirərək universitetin dünya elm məkanına uğurla inteqrasiya etdiyini söyləyib. UNEC-in elmi aləmdəki nüfuzunu nəzərə alaraq elmmetrik məktəbin məhz burada yaradılmasının vacibliyi vurğulanıb.