Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-18 12:54:00
Distant təhsilə qəbulun aparılmaması qabağa çıxmaq istəyən universitetləri arxadan tutub saxlamağa bənzəyir-Osman Gündüz

 

“Ölkəmizdə ən azı bir neçə universitet var ki, rəqabətli mühit formalaşdırmaq, rəqəmsal transformasiya, əmək bazarına rəqabətədavamlı kadrlar hazırlamaq, regionun və dünyanın təhsil mühitinə inteqrasiya olunmaq üçün ardıcıl səylər göstərirlər”

 

AzEdu.az xəbər verir ki, bunu "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edib.

 

Direktor bildirib ki, həmin universitetlər çəkinmədən bu sahəyə böyük pullar, investisiyalar və resurslar yatırırlar:

 

“Bir neçə universitet var ki, konkret bir-iki ixtisası distant müstəviyə gətirmək üçün xeyli müddətdir ki, işlər aparırlar, investisiya yatırırlar. İxtisasa daxil olan 30-40 fənnin kontentini rəqəmsallaşdırırlar, müəllimləri hazırlayırlar, distant mərkəzlər qururlar və s. Artıq elə universitetlərimiz var ki, bu sektora milyonlarla yatırım ediblər. İndi sual olunur ki, universitetlər bu pulu necə doğrultmalıdır. Lokalda necə irəli çıxmalı, regional və qlobal təhsil bazarında necə rəqabətə tab gətirməlidir?”

Universitetlər adicə distant təhsil forması üzrə tələbə qəbulu həyata keçirmək hüququndan məhrumdur...

 

“Mövcud hüquqi mühit universitetlərə inkişaf, müstəqillik, biznes, tədqiqat və sahibkarlıq fəaliyyəti üçün nə kimi imkanlar yaradır? Təəssüf ki, hələlik bu itiqamətdə ciddi addımlar müşahidə olunmur. Təsəvvür edin ki, bütün şəraitin ola, təhsil xidməti vermək üçün milyonlarla pul yatırasan, müəllimləri hazırlayasan, təhsil xidmətini əldə etmək istəyənlər və bu məqsədlə universitetə pul vermək istəyənlər də ola, amma bu xidməti verə bilməyəsən. Absurd bir vəziyyətdir. Universitetlər hər il, DİM və Təhsil Nazirliyinin rəyləri ilə hökumət tərəfindən müəyyən olunan say həddində, yalnız əyani və qiyabi təhsil forması üzrə tələbə qəbulu apara bilərlər”.

 

Prezident universitetlərə distant təhsil forması üzrə qəbulun aparılmadığını vurğulayıb:

 

“Distant formada tələbə qəbuluna qanun icazə versə də, DİM hələlik öz elanlarında yalnız iki ənənəvi təhsil formasına üstünlük verir. Bu isə əslində şəraiti və imkanı olub daha qabağa çıxmaq istəyən, daha üstün mövqe qazanmaq istəyən universitetləri arxadan tutub saxlamağa bənzəyir”.

 

Direktor yeni universitet modelinin formalaşmasının vacibliyinə diqqət çəkib:

 

“Baxmayaraq ki, ötən bir neçə il ərzində bu sektorda xeyli müsbət istiqamətdə dəyişikliklər var, tələb-təklif dəyişib və münbit şərait formalaşıb, amma bu ictimai münasibətlərin tənzimlənməsi sanki “donub”. Düşünürəm ki, yeni münasibətlər formalaşmalıdır, universitetlərin birləşərək vahid distant ixtisas formalaşdırmasına, mövcud ənənəvi təhsilin daha effektiv formalarını tapmağa, yeni universitet modelini formalaşdırmağa yönəlik addımlar atılmalıdır”.

 

Son olaraq o, universitetlərin gələcək fəaliyyətlərində görülməli olan işləri sadalayıb:

 

“Düşünürəm ki, Nazirlər Kabineti bu istiqamətdə zəruri qaydaları təsdiq etməli, DİM və Təhsil Nazirliyi isə distanta iddia edən təhsil müəssisələri üçün lisenziyalaşma mexanizmlərini hazırlamalı, onları audit etməli, mövcud resurslara uyğun tələbə və müəllim sayının hədlərini müəyyən etməli, növbəti tədris ilində universitetlərin distant təhsil forması ilə tələbə qəbuluna icazə verməlidir”.