Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-06 16:44:00
"Son zamanlar müəllimlərə qarşı olan etinasız və laqeyd yanaşmanı qəbul edə bilmirəm" -Sona Əliyeva  

 

 

“Hazırda 50-60 minə yaxın diplomu olub, lakin iş tapa bilməyən müəllimlər  var”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında sabiq deputat, tanınmış pedaqoq Sona Əliyeva deyib.

 

2022-ci il yeni başlasa da, müəllim namizədləri narahat edən əsas məsələlərdən biri də bu il keçiriləcək MİQ  müsabiqəsində yeniliklərin olub-olmayacağı ilə bağlıdır.

 

Sona Əliyeva MİQ-də hansı dəyişiklərin edilməsinin vacib olduğuna aydınlıq gətirib:

 

“MİQ-də ilk olaraq şəffaflıq təmin edilməlidir. Ötən il keçirilən MİQ müsabiqəsində bir çox narazılıqlar oldu. Bunlar həm imtahanın gedişi, həm də çətinlik dərəcəsi ilə bağlı  ortaya çıxan problemlər idi. Baş verən hadisələr zamanı isə müxtəlif qurumlar bir-birini günahlandırdı. Deyə bilərəm ki, bunların hamısı bəhanələrdir”.

 

 Pedaqoq qeyd edir ki, müəllimlərin işlə təmin edilməsi ən vacib məsələlərdəndir:

 

 “Müəllim hazırlığı məsələsi bir masa ətrafında müzakirə edilməlidir. Burada ilk olaraq çoxlu sayda müəllim yetişdirməyin nəyə lazım olduğu ilə bağlı fikirlər irəli sürülməlidi. Hazırda 50-60 minə yaxın diplomu olub, lakin iş tapa bilməyən müəllimlər  var. Bu insanlar əmək bazrında təmsil oluna bilmirlər. Tələbat olmayan yerdə bu sayda müəllim yaratmağın nə mənası var? Müəllim hazırlığında məsələ kəmiyyətə yox, keyfiyyətə hesablanmalıdır. Pedaqoji ixtisaslara qəbulu nisbətən azaltmaq lazımdır. Çünki tələblat təklifi üstələyir. Rəqabət olan yerdə savadı, qabiliyyəti yaxşı olan şəxs  imtahandan keçməlidir.

 

Ötən il MİQ-də haqlı narazılıqlar oldu. Düşünürəm ki, məsələni ilk olaraq kökündən həll etmək lazımdır. Əmək bazarında təmsil olunan  pedaqoji işçilərlə bağlı dövlət müəyyən addımlar atmalı, onları işlə təmin etməlidir. Hər insan ali məktəbə daxil olmaq üçün zəhmət çəkir, vəsait xərcləyir, ümidlə arzu edirlər ki, gələcəkdə iş tapa biləcəklər. Onların işlə təmin edilməsi ilə bağlı məsələ öz həllini tapmalıdır. Son zamanlar müəllimlərə qarşı olan etinasız və laqeyd yanaşmanı qəbul edə bilmirəm. Bizim hər birimizi insan kimi yetişdirən müəllimdir. Valideyndən daha çox uşaqla təmasda olan təhsil işçisidir. Bu tip məsələlərə diqqət ayrılmalıdır”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları