Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-22 10:48:00
Şagirdləri ilə birgə döyüşən, qrup yoldaşlarıyla müharibədə qarşılaşan müəllim-MÜSAHİBƏ-FOTOLAR

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və AzEdu Təhsil Portalının I Qarabağ və Vətən Müharibəsi iştirakçısı olan müəllimlərin döyüş yolundan bəhs edən “Müəllimin cəbhə gündəliyi” layihəsi davam edir.

 

 

Layihə çərçivəsində I Qarabağ və Vətən Müharibəsində iştirak edən müəllimlər keçdikləri döyüş yolu, həmçinin məktəb həyatı və şagirdlərlə münasibətləri barədə danışırlar.

 

 

Layihənin budəfəki müsahibi Bakı şəhəri 300 nömrəli tam orta məktəbin Gənclərin çağırışaqədərki hazırlığı müəllimi Səbuhi Səmədovdur.

 

 

DOSYE:

 

 

O, 8 yanvar 1975-ci ildə Bərdə rayonunun Hüseynallar kəndində anadan olub. 1991-ci ildə kəndin şəhid Nemət Malıyev adına tam orta məktəbini bitirib. 1993-cü ildə Bakı Ali Birləşmiş Komandirlər məktəbinə daxil olub. 1997-ci ildə ali təhsilini başa vuraraq leytenant hərbi rütbəsini alıb və bir sıra N saylı hərbi hissələrdə xidmət keçib. 2001-də baş leytenant, 2004-də kapitan, 2014-cü ildə mayor hərbi rütbəsininə layiq görülüb. Xidmət müddəti başa catdıqdan sonra ordu sıralarından tərxis olunub. Hazırda Binəqədi rayonu 300 saylı tam orta məktəbdə Gənclərin çağırışaqədərki hazırlığı müəllimi kimi çalışır.

 

 

Qarabağın azadlığı üçün olunan təkid, illərin istəyi

 

 

“28 sentyabr 2020-ci il tarixində Nəsimi rayon Səfərbərlik İdarəsində qeydiyyata alındım. Öz təkidimlə oktyabrın 22-də məni Səfərbərlik İdarəsindən N saylı hərbi hissəyə yola saldılar. Füzuli, Cəbrayıl və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak etdim”.

 

 

Sevgi və qürurla göstərilən qəhrəmanlıq nümunəsi

 

 

“Əsgərlərdə olan vətənpərvərlik, ruh yüksəkliyi və bir-birinə qarşı olan səmimiyyət inanılmaz dərəcədə yüksək idi. Onların yaralı, şəhid olmuş yoldaşlarını döyüş bölgəsindən necə çıxarmaları hec vaxt yaddaşımdan silinməyəcək. Hərbiçilərimizin düşməni məğlubiyyətə uğratması heyrətamiz qəhrəmanlıq nümunəsi idi”.

 

 

Oyun havaları ilə qarşılanan azad Qarabağ torpaqları

 

 

“Döyüş yoldaşlarımın həm dost, qardaş, həm də valideyni kimi yanında olmuşam. Onlarla bir gülüb, bir kədərlənmişəm. Maraqlı, eyni zamanda gərgin, həyəcanlı hadisələrlə dolu döyüş yolumuz olub. O gərginliyə baxmayaraq özümüzü pozitivə kökləməyi də bacarırdıq. Hər dəfə rayonlardan biri azad olunanda onu oyun havaları ilə qarşılamışıq. Hər bir döyüşün ölümlə üz-üzə dayanmaq olduğunu bilə-bilə yenə də  əsgərlərimiz oxuya-oxuya savaşa girirdi”.

 

 

Şagirdləri ilə çiyin-çiyinə döyüşən müəllim

 

 

Müharibənin maraqlı tərəflərindən biri də o oldu ki, döyüşlərdə bir vaxtlar dərs dediyim şagirdlərimlə qarşılaşdım. Çox sevindirici idi onlarla birlikdə, çiyin-çiyinə Vətənin müdafiəsinə qalxmaq. Hərdən sinifdə olan hadisələri də yada salırdıq. Dərsdə onlara həmişə deyirdim ki, vaxt gələcək və biz hamılıqla torpaqlarımızın azad olunmasında iştirak edəcəyik. O gün gəldi...Dərs dediyim o şagirdlərin necə vətənpərvər, şücaətli olduğunu gözlərimlə görmək qismətim oldu. Onlar qorxmadan, çəkinmədən düşmənin üzərinə şığıyırdılar”.

 

 

Tək sinifdə deyil, cəbhədə də müəllim olan Səbuhi Səmədov

 

 

Şagirdlərim arasında könüllü şəkildə müharibəyə gedənlər var idi. Məktəbi bitirdiklərindən sonra onları uzun zaman idi ki, görmürdüm. Müharibədə qarşılaşmaq qismətimiz imiş. Həmin uşaqlarla artıq müəllim-şagird kimi deyil, döyüş yoldaşı kimi Vətəni müdafiə edirdik. Onlardan böyük qardaş kimi məsləhətlərimi heç zaman əsirgəmədim, özlərini qorumağı, silah-sursatlarına əmanət kimi göz-qulaq olmalarını tövsiyə edirdim. Şagirdlərimə məsləhət verirdim ki, biz ilk olaraq Vətənimizi fikirləşməli və onun bütövlülüyünü qorumalıyıq. Çünki o, anamızdır, bizim əmanətimizdir”. 

 

 

Qrup yoldaşlarını müharibədə tapan döyüşçü- 23 il sonra baş tutan görüş

 

 

“1997-ci ildən sonra- 23 il idi ki, kurs və qrup yoldaşlarımı görməmişdim. Onlarla qarşılaşmaq da 44 günlük müharibəyə qismət oldu. Birlikdə aktiv döyüşlərdə iştirak etdik. Onlarla ilk qarşılaşdığım an gözlərimə inana bilmədim, qucaqlaşıb görüşdük, gözlərimiz doldu, illərin həsrətini geridə qoyduq. İndi də görüşürük onlarla, xatirələri yada salırıq. Bəziləri təəssüflər olsun ki, şəhid oldu və mən tez-tez onların məzarına ziyarətə gedir, əziz xatirələrini yad edirəm”.

 

 

Ocaq başına toplanan əsgərlər, yada salınan xatirələr

 

 

“Gecələr meşələrdən odun toplayıb ocaq qalayırdıq. Sonra  hamımız həmin ocağın başına toplaşırdıq. Ordakı əsgərlərdən yaşca böyük olduğum üçün tövsiyələr verirdim. Döyüşçülərə deyirdim ki, heç vaxt bir-birinizi darda qoymayın. Əsgər yoldaşınız yaralandıqda onun üçün ilkin tibbi yardım etməyi unumayın. Bəzən gənc əsgərlərin əhvalı olmayanda onlara təsəlli verər, hətta lətifələr belə danışardım ki, az da olsa əhvalları düzəlsin”. 

 

Döyüşçü müəllimin yollunu davam etdirməyə hazırlaşan tələbə oğlu

 

 

“Hər zaman oğlumun gələcəkdə vətəninə layiqli övlad olmağını arzulamışam. Məni özünə nümunə götürən oğlum da bu il Daxili Qoşunların Akademiyasına daxil oldu. O, da mənim yolumu davam etdirməyə hazırlaşır”.

 

 

Gecə gələn Zəfər xəbəri

 

 

“Qızgın döyüş gedirdi və bütün şəxsi heyət  düşmənə qarşı canı-qanı bahasına vuruşurdu. Gözləmədiyimiz anda yuxarı komandanlıqdan döyüşü dayandırmağımız haqqında xəbər gəldi və müharibənin bitdiyi məlumatını aldıq. Nəhayət ki, düşmən təslim olaraq torpaqlarımızdan cıxarıldı. Bu, Ali Baş Komandan İlham Əliyevin düzgün siyasəti, şücaətli ordumuz və bizi dəstəkləyən xalqımızın sayəsində baş verdi. Mən qalib komandir və  müəllim kimi çox qürurluyam və qürurla deyirəm ki, Qarabağ Azərbaycandır”.

 

 

 

Təltif və medallarla geri qayıdan qalib müəllim

 

 

“ Ali Baş Komandan İlham Əliyev tərəfindən mənə “Xocavəndin azad olunmasına görə” medalı və “Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli”və “44 günlük müharibə iştirakçısı” medalları verildi”.

 

 

Şagirdlərinə nümunə olan və onları gələcəyə hazırlayan Səbuhi müəllim

 

 

“Artıq şagirdlərimə işğal olunan deyil, azad olunan torpqlardan danışıram. Bu, mənim ücün çox qürurvericidir. Dəmir yumruq əməliyyatında göstərdiyim şücaətlə şagirdlərimə nümunə olmağım çox şərəfli idi. Hərbi və müəllimlik fəaliyyətimdə bundan cox qürurlandıgım an olmayıb. Mən bunu 10 noyabrda yaşadım.

 

 

Əvvəllər şagirdlərimə heç bir döyüş haqqında danışa bilmirdim. Bu qələbə fəaliyyətimə böyük stimul verdi. Şagirdlərimə hər dərsdə torpaqlarımızı necə azad etdiyimiz, necə döyüşkən xalq olduğumuz, torpaqlarımız uğrunda Azərbaycan oğullarının necə fədakarcasına döyüşdüyündən danışıram. Vətən Müharibəsində cəsur Azərbaycanın əsgərinin yazdığı tarix gələcək nəsillər üçün əsl qəhrəmanlıq nümunəsidir”. 

 

 

 

Səbuhi müəllimin dərs prosesində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak edib. Onlar 300 nömrəli tam orta məktəbin açılışı zamanı Səbuhi müəllimin sinfində dərs prosesini izləyiblər.

 

 

“Ali Baş Komandan və Birinci xanım sinifə daxil olaraq şagirdləri salamladılar, hal-əhval tutdular. Cənab Prezident məndən hansı dərsi tədris etdiyimi, onun gedişatını soruşdu. Sonra şagirdlərə öz tövsiyələrini verdi, bilikli, savadlı gənc kimi yetişib Vətənə öz layiqli töhfələrini verməyi arzuladı.”

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları