https://www.zirve.edu.az/ #
2021-12-03 13:54:00
Kanadada uşaqların STEAM təhsilə cəlb edilməsinə əsasən 3-5 yaş araları başlanılır-Araşadırma

STEAM sahələr üzrə mütəxəssislər tələb edən müəssisələrin sayı artır

 

Kanada STEAM (elm, texnologiya, mühəndislik, incəsənət, riyaziyyat) təhsili üzrə son zamanlar dünya liderlərindən birinə çevrilib. Bu sahədə Kanada ABŞ, Britaniya, Avstraliya ilə uğurlu rəqabət aparır. STEAM təhsili Kanadada dövlət siyasəti olaraq tətbiq olunur. PISA (Programme for International Student Assessment) beynəlxalq qiymətləndirmə proqramının nəticələrinə əsasən kanadalı şagirdlər hər il ön sıralarda yer alırlar. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (Organization for Economic Cooperation and Development-OECD) araşdırmalarına görə vətəndaşlarının ali savadlılıq göstəriciləri üzrə Kanada dünyada öncül yerləri tutur.

 

STEM/STEAM təhsilə keçid

 

Kanada dövlətinin ABŞ-la yaxın qonşuluq və iqtisadi əməkdaşlıq əlaqələri ölkənin təhsil sistemindən də yan keçməyib. Kanadanın təhsil sistemi ABŞ və Britaniya təcrübəsinə əsaslanır. Bundan irəli gələrək, 2006-cı ildə ABŞ Milli Elmlər Akademiyası ölkədə STEM təhsilin vəziyyətilə bağlı narahatlıq bildirdikdən və STEM təhsilin XXI əsrin tələblərinə uyğun gələn 10 əhəmiyyətli tədbir siyahısı hazırladıqdan sonra Kanadada da bu istiqamətdə işlər həyata keçirilir.

 

2007-ci ildə Kanada Federal Hökuməti tərəfindən STEM tədrislə (elm, texnologiya, mühəndislik, riyaziyyat) bağlı ən əhatəli sənədlərdən biri - “Elm və texnologiya strategiyası: elm və texnologiyanı Kanadanın xeyrinə səfərbər etmək”(Science and Technology Strategy: Mobilizing Science and Technology to Canada’s Advantage) hesabatı hazırlanır. Bu hesabatda qeyd olunur ki, “elm və texnologiya həyatımızın hər bir sahəsinə daxil olur, problemləri həll etməyə və imkanlar yaratmağa kömək edir”. Həmçinin hesabatda elmi kəşflərin və yeni texnologiyaların kanadalılar üçün vacib olan məsələlərin həllinin təmin edilməsində, ətraf mühitin, nəsli kəsilməkdə olan növlərin qorunmasında, sağlamlığın, ictimai təhlükəsizliyin möhkəmləndirilməsində, təbiəti idarə etməkdə  mühüm rol oynadığı önə çəkilərək STEM sahələrə təhsildə xüsusi yer vermək, inkişafını təmin etmək qarşıda duran ən vacib məsələ kimi təqdim olunur. Beləcə, STEM tədris metodikası Kanada hökuməti tərəfindən ölkə təhsilinin əsas istiqaməti olaraq qəbul edilir.

 

2012-ci ildə ABŞ-da STEM təhsilə Art-incəsənət sahələrini artırmaqla fənləri bir-birilə əlaqəli şəkildə kompleks təqdim edən STEAM adlanan müasir təhsil fenomeni meydana gəlir.Kanadada tez bir zamanda STEAM təhsil metodikasının tətbiqinə başlanılır və  bu istiqamətdə mühüm işlər görülür. Qızların və STEM təhsildə azlıq təşkil edən aborigen xalqların STEAM metodikasına cəlb olunması, bütün öyrənənlərin STEAM təhsilə dəvət edilməsi və həmin sahə üzrə karyerasını davam etdirməsi üçün şərait yaradılması, dövlət tərəfindən texniki və maddi dəstək göstərilərək proqramlar hazırlanması, tələbələri öyrədə biləcək müəllimlərin yetişdirilməsi, STEAM təhsili yönümlü yeni məktəblərin inşa edilməsi  bu istiqamət üzrə təhsil səviyyəsinin əhəmiyyətli şəkildə yüksəlməsinə səbəb olur.

 

Sonrakı illərdə Kanadada “Təbiət Elmləri və Mühəndislik Tədqiqatları Şurası”, “Birgə tədqiqat və təlim təcrübəsi”, “Sosial elmlərin rəqəmsal iqtisadiyyatı” proqramları qəbul olunur. STEAM sahələrinin inkişafı məqsədilə dövlət tərəfindən Kanada universitetlərinə altı illik maliyyə yardımı ayrılır.

 

Məktəbəqədər təhsil müəssisələrində

 

Məktəbəqədər təhsil müəssisələrində uşaqların STEAM təhsilə cəlb edilməsinə əsasən 3-5 yaş araları başlanılır. Bağçalarda körpələr əyləncəli, faydalı, onları bir-birinə bağlayan oyun və təcrübələr vasitəsilə problemləri həll etməyi öyrənir, ixtiralara ruhlandırılır. Dünyanı yenicə kəşf etməyə başlayan körpələr ətrafdakı əşyaların və canlıların rənglərini, ölçülərini və formalarını öyrənir, mini “Legoadamlarla” tanış olur, Lego DUPLO kərpicləri ilə sadə qurğular hazırlayır, kərpicləri birləşdirməyi öyrənir, binaların, heyvanların, müxtəlif nəqliyyat növlərinin və nağıl personajlarının modellərini yaradırlar. Uşaqlarda toxunaraq, düzəldərək öyrənmə, yaradıcılıq, səhvlərdən öyrənmə, şifahi ünsiyyət bacarığı, liderlik kimi xüsusiyyətlər, motor bacarıqları, əl-göz koordinasiyası, məntiqi təfəkkür, sayma, məkan və zaman kimi riyazi anlayışlar formalaşdırılır. Texnologiya, mühəndislik, incəsənət və riyaziyyat sahələrinin əhəmiyyətini vurğulamağa və təşviq etməyə yönlənmiş əyləncəli, xeyriyyəçi proqramlar vasitəsilə uşaqlar sadalanan elm sahələrinin əsaslarına yiyələnirlər. 

 

Məktəbəqədər təhsil müəssisələrindən əlavə Kanadada məktəbəqədər yaşlı uşaqlara STEAM təhsil təklif edən onlarla kurslar mövcuddur. Bu kurslar ödənişlidir və 1-5 yaşlı uşaqların STEAM təhsilə yiyələnməsinə xidmət edir. Kurslar onlayn və oflayn formada fəaliyyət göstərir. Uşaqları cəlb edəcək maraqlı oyunlar, təcrübələr vasitəsilə elmlərin əsasları öyrədilir, mövzuya uyğun qurğuların hissələri, oyuncaqlar, Leqo və avadanlıqların evə çatdırılması təşkil olunur. Belə kurslarda uşaqlarla bərabər valideynlər də aktiv iştirak edirlər.

 

Ümumi təhsil məktəblərində

 

Kanadada dövlət (ödənişsiz) və özəl (ödənişli) məktəblər fəaliyyət göstərir. Məktəb təhsilinə ibtidai (elementary), orta (secondary) və yuxarı (high) siniflər-K12 aid edilir. Məktəb təhsil sistemində şagirdlər fənləri seçmək, maraqlandıqları fənləri cədvəllərinə əlavə etmək kimi hüquqa malikdirlər. Riyaziyyat, ingilis dili (Kvebek və digər fransızdilli əyalətlərdə fransız dili) mütləq fənlər hesab olunur.

 

Məktəblərin STEAM metodikası proqramları hər əyalətdə özünəməxsusdur. Ümumiyyətlə, ölkədə yeganə məktəb proqramı mövcud deyil. Proqramlar əyalət və ərazilərə görə dəyişir. Məktəblərdə XXI əsrin bacarıqları kimi zəruri olan ən qabaqcıl proqramlar, oflayn, onlayn və hibrid STEAM metodu cəmləşdirilərək tədris edilir. Müəllimlər proqramları sadə, maraqlı, faydalı və əyləncəli şəkildə uşaqlara təqdim edirlər. Dərslər macəra dolu turlar, laborator təcrüblər, kollektiv müzakirə şəklində aparılır. Misal olaraq, biologiya dərsində düşərgələr təşkil olunur, şagirdlər ətraf mühiti canlı müşahidə edir, Petri fincanı hazırlayır, bakteriya yetişdirir, meyvələrdən DNK alır, mikrobiologiya, genetikanı öyrənirlər.

 

Robot texnologiyası dərsində şagirdlər alqoritmlər, robotların layihələşdirməsi, proqramlaşdırmasını öyrənir, maraqlı tapşırıqlar həll edən, labirintlərdən keçən, pilləkana qalxan, divara dırmaşan robotlar hazırlayır, kritik düşünmə və yaradıcılıq bacarıqlarını inkişaf etdirən animasiyalar proqramlaşdırır, elektron komponentlərin, elektromaqnetizm, mühərriklərin, günəş batareyasının, elektron piano, AM radio hazırlanmasını öyrənirlər. Peşəkar müəllimlər tərəfindən öyrənənlərə Aurdino təcrübələr, 3D printer və modelləşdirmə, mühəndis bacarıqları, proqramlaşdırma (internetdən düzgün istifadə, kompüterlərin idarə olunması, riyaziyyat və məntiq bacarıqlarının inkişafı), uçan aparatlar, dronlar (aerodinamika və uçuşun əsaslarının öyrənilməsi, şagirdlər tərəfindən şəxsi uçuş aparatlarının hazırlanması, onların uzun məsafələrə uçması və yük daşımalarının araşdırılması) tədris olunur. Şagirdlər oyunlar, animasiyalar, 3D çap dizaynları, sxemlər, kod oyunları, proqramlar yaradır, kosmosu araşdırır, robotlar, uçuş aparatları düzəldərək müxtəlif yerli və beynəlxalq yarışlarda iştirak edirlər. Keçilən mövzulardan asılı olaraq maraqlı ekskursiyalar, praktiki məşğələlər təşkil olunur. Təcrübələr zamanı şagirdlər öz nəzəriyyələrini sınaqdan keçirir, səhv etməkdən qorxmur, səhvlərdən nəticə çıxarmağı öyrənirlər.

 

Ödənişli olmasına baxmayaraq özəl məktəblərə böyük tələbat var. Bu da həmin məktəblərin daha mükəmməl avadanlıq və laboratoriyalarla təchiz edilməsi, yüksək səviyyəli STEAM hazırlığı ilə bağlıdır.

 

Ali təhsildə

 

Kanadada ali və orta ixtisas təhsili (kolleclər) səviyyəsində aktiv STEAM təhsili tətbiq olunur. Kolleclərdə ixtisaslardan asılı olaraq təhsil1-4 il arasında dəyişir və məzunlara “mütəxəssis” dərəcəsi verilir. İnformasiya texnologiyaları, veb-dizayn sahələri işəgötürənlər arasında çox tələb olunandır. Dərslər çox zaman kolleclərin sinif otaqlarında deyil, laboratoriya və müəssisələrdə praktiki təcrübələrə əsaslanaraq keçilir. Ölkədə 175-dən çox dövlət və özəl kolleclər fəaliyyət göstərir. STEAM tədris metodikasından istifadə edən kolleclərdən Sentennial Tətbiqi İncəsənət və Texnologiya Kolleci, Konnestoq Texnologiya və Qabaqcıl Elmlər Kolleci, Seneka Tətbiqi İncəsənət və Texnologiya Kolleci, Corc Braun, Hamber Kollecini və s. qeyd etmək olar.

 

Kanadanın Toronto, MakGill, Britaniya Kolumbiyası, Alberta, MakMaster, Kalqari, Ottava, Vaterloo kimi mükəmməl tədqiqat bazaları və laboratoriyaları olan universitetlər əmək bazarında yüksək tələblərə malik STEM ixtisaslarla tələbələrə geniş imkanlar yaradır. Ali təhsil proqramları akademik mühazirələrdən çox praktikaya əsaslanır. Kanada universitetlərini yüksək texnologiyalar, aeorokosmik sənaye, aviasiya və kosmonavtika, mikroelektronika, mühəndislik, təbiət elmləri, tibb elmləri, biotibbi mühəndislik, kompüter qrafikası və animasiya, telekommunikasiya, biotexnologiya, informasiya texnologiyaları sahələri üzrə dünya öncülləri adlandırmaq olar. Viktoriya Universiteti iqlim elmləri, meşələr və iqlim dəyişikliyi, Vindsor Universiteti su ekosisteminin sağlamlığı və təhlükəsizliyi, Nyu-Brunsvik Universiteti su hövzəsi və ətraf mühitin tədqiqatı, Qərbi Ontario Universiteti  suyun təmizlənməsi və enerjinin bərpası üçün təmiz texnologiyalar üzrə mükəmməl tədqiqatlar həyata keçirir.

 

Sadalanan STEM ixtisasların tədrisi zamanı gənclərə incəsənət, humanitar və sosial elmlər üzrə proqramlar öyrədilir. Nəticədə məzunlar yalnız yüksək texnologiyalara deyil, həmçinin satış, marketinq və digər sosial elmlərə yiyələnmiş olurlar. STEAM təhsil bugünkü innovasiya dövrünün reallıqlarını və ehtiyaclarını qəbul edir, tələbələrə işin öhdəsindən uğurla gəlmək üçün lazım olan alətlər, bacarıq və təfəkkür verir.

 

Kanadada universitet bazası əsasında tətbiqi sənətlər verən universitet kollecləri də fəaliyyət göstərir. Universitet və kolleclərin nəzdində məktəbəqədər, məktəb yaşlı uşaqların STEAM hazırlığı ilə məşğul olan kurslar və mərkəzlər mövcuddur. Eyni zamanda universitetlərdə müəllimlərin ixtisaslaşmasına xidmət edən yüksək səviyyəli STEAM təhsili kursları vardır. Kurslar müəllimləri yüksək səviyyəli STEAM hazırlıqla bərabər alət dəstilə, CSTA K-12 kompüter elmləri üzrə standartlaşdırılmış slaydlar, interaktiv videoyazılarla təmin edir.

 

Kanada “elmə əsaslanan iqtisadiyyat qurmaq” şüarı ilə hazırda dünya təhsil bazarında nüfuzlu yerə sahibdir. Burada STEAM sahələr üzrə işçi qüvvəsi tələb edən şirkət və müəssisələrin sayı günü-gündən artmaqdadır. Bunun üçün də ölkəyə gələcəyin problemlərini həll edə biləcək yeni kadrlar tələb olunur. Kanadanın Baş naziri Castin Trüdo Davosda Dünya İqtisadi Forumunda çıxış edərkən demişdi: “Bizə təhsil lazımdır ki, insanlar öyrənsin, düşünsün və uyğunlaşsın. Bizə elmi, innovasiyaları və tədqiqatları dəstəkləyən siyasət lazımdır”. Bu gün Kanada təhsil keyfiyyəti və təhsilə ayırdığı sərmayənin həcmilə bu sözləri bir daha təsdiq etməkdədir. 

 

Lamiyə ƏLİMƏRDANOVA

Azərbaycan müəllimi