Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-19 10:40:00
“Nəzarətçilərin elektron qeydiyyatı” sistemi ilə işləyəcək əlaqələndiricilər üçün treninq keçirilib

“Nəzarətçilərin elektron qeydiyyatı” sistemi noyabrın 19-dan dekabrın 10-dək aktiv olacaq

 

AzEdu.az xəbər verir ki, treninqdə Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun, həmçinin qeyd olunan şəhərlərdə məskunlaşmış qaçqın və məcburi köçkün rayonlarının ümumi təhsil müəssisələrinin əlaqələndiriciləri və Dövlət İmtahan Mərkəzinin regional bölmə mərkəzlərinin məsul şəxsləri iştirak etmişdir. Treninqlər eyni qaydada regional bölmə mərkəzlərinin məsul şəxsləri tərəfindən həmin mərkəzlərə daxil olan rayonların əlaqələndirciləri üçün də keçiriləcək.

 

Əlaqələndiricilərə “Nəzarətçilərin elektron qeydiyyatı” sisteminin strukturu, funksiyaları, sistemlə işləmək qaydaları haqqında, bazaya daxil edilmiş nəzarətçi-müəllimlərin şəxsi və digər zəruri (təhsil səviyyəsi, ixtisası və təhsillə bağlı digər informasiyalar, sosial sığorta və bank rekvizitləri haqqında məlumatlar və s.) məlumatlarının daxil edilməsi və dəqiqləşdirilməsi, yeni nəzarətçilərin qeydiyyatının aparılması və əmək müqavilələrinin bağlanılması qaydaları barədə ətraflı məlumat verilmişdir.

 

Nəzarətçilərin elektron qeydiyyatı sistemində həmçinin zal nəzarətçilərinə şəxsi kabinetlərinin istifadəçi adı və parolundan istifadə etməklə öz məlumatlarını fərdi qaydada təsdiq etmək imkanı yaradılmışdır. Qeyd edək ki, cari bazada 16000-dən çox zal nəzarətçisi var.

 

Qeyd edək ki, bu sistem ümumi təhsil müəssisələrindən test imtahanlarına cəlb olunan müəllimlərdən ibarət zal nəzarətçiləri bazasının formalaşdırılması işinin sürətləndirilməsi və səmərəliliyinin artırılması məqsədilə yaradılmışdır. Ümumi təhsil müəssisəsi tərəfindən sistemə cavabdeh şəxs qismində təyin olunan əlaqələndirici şəxsi kabinetinin istifadəçi adı və şifri ilə məktəb üzrə zal nəzarətçiləri bazasına daxil olur, mövcud nəzarətçilər bazasında onların zəruri məlumatlarını dəqiqləşdirir, yeni nəzarətçilərin qeydiyyatını aparır, müqavilələr bağlayır və məktəb üzrə ümumi siyahını təsdiq edərək DİM-ə təqdim edir.