Dövlət İmtahan Mərkəzi 3 iyul 2026-cı il tarixində qabiliyyət imtahanlarını müşahidə etmək məqsədilə media nümayəndələri üçün infoatur təşkil edib.
AzEdu.az Təhsil Portalı olaraq əvvəlcə Tofiq Bəhramov adına Respublika Stadionunda idman istiqaməti üzrə keçirilən imtahanları, daha sonra isə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində musiqi istiqaməti üzrə imtahanları izlədik. Tədbirdə qabiliyyət imtahanları haqqında iştirakçılara ətraflı məlumat verilib.
Valideyn Xəlilova Aytən Rasim qızı qeyd edib ki, böyük oğlu Xəlilov İsmayıl Adil oğlu bu il ali məktəbə qəbul üçün imtahan verib:

"Buraxılış imtahanında 266 bal toplayıb, qəbul imtahanının blok hissəsində isə 86 bal yığdı. Ümumi nəticəsi bizi qane etmədi. Hesab edirik ki, imtahanda diqqətsizlik və sürüşdürmə səbəbindən təxminən 70 bal itirib. Əslində məqsədi kompüter mühəndisliyi ixtisasına qəbul olmaq idi və bu istiqamətdə 7-ci sinifdən hazırlaşırdı.
İmtahanın ikinci cəhdinə də böyük ümidimiz var. Müəllimləri də deyirlər ki, şansı yüksəkdir. Hazırda hazırlığını davam etdirir. Hətta bəzi fənlərdən fərdi şəkildə iki müəllimlə məşğul olur ki, nəticəsini yaxşılaşdırsın.
Eyni zamanda ehtiyat variant kimi idman istiqaməti üzrə qabiliyyət imtahanında da iştirak edir. Uşağın idmana marağı əvvəldən olub. 6-8-ci siniflərdə üç il karate ilə məşğul olub, müxtəlif kəmərlər qazanıb. Yarış təcrübəsi olsa da, böyük nailiyyətləri olmayıb. Açığı, mən onun idmançı olmasını çox istəmirdim. Amma marağı olduğu üçün seçimlərinə hörmətlə yanaşıram.
Hazırda qabiliyyət imtahanının nəticəsini gözləyirik. Qaçış normativini yaxşı yerinə yetirib, turniklə bağlı isə bir qədər narahatlığım var. Ümid edirəm ki, həm qabiliyyət imtahanında, həm də qəbul imtahanının ikinci cəhdində uğurlu nəticə əldə edəcək və gələcəyi üçün ən doğru seçimi edəcək".
Valideyn Ruhəngiz Hüseynova bildirib ki, övladı bu il ali məktəbə qəbul olmaq üçün idman istiqaməti üzrə qabiliyyət imtahanında iştirak edir:

"Buraxılış imtahanında 159 bal toplayıb. Hazırda ən böyük arzum onun istədiyi nəticəni əldə etməsi və arzuladığı ixtisasa qəbul olmasıdır.
Oğlum təxminən illərdir ki, idmanla məşğul olur. Bu sahəyə maraq göstərməsində xalası oğlunun da təsiri olub.
İnanıram ki, oğlum da qarşısına qoyduğu məqsədə çatacaq. Ona ən böyük arzum budur ki, istədiyi ali məktəbə qəbul olsun, gələcəyi uğurlu və işıqlı olsun".
Oğlu Hüseynzadə Mirmehdi Hüseynzadə isə qeyd edib ki, idman istiqaməti üzrə qabiliyyət imtahanına bu ilin mart ayından hazırlaşır:
"Hazırlıq müddəti çox uzun olmasa da, özümə inanıram və yaxşı nəticə göstərəcəyimə ümid edirəm. Məqsədim imtahandan maksimum nəticə əldə etməkdir.
Uşaqlıqdan idman sahəsini seçməmişdim, amma sonradan marağım yarandı. Bu istiqamətə yönəlməyimdə xalamoğlunun da təsiri olub. O da idmanla məşğul olur və bu, mənə motivasiya verdi.
Buraxılış imtahanında 159 bal toplamışam. Qəbul imtahanının birinci ixtisas qrupu üzrə blok mərhələsində də iştirak etmişəm və 88 bal yığmışam. Həmin istiqamətdə qəbul olsaydım, Azərbaycan Texniki Universitetində təhsil almağı düşünürdüm.
Hazırda əsas diqqətim qabiliyyət imtahanındadır. Təbii ki, müəyyən qədər həyəcan var, amma özümə güvənirəm. İnanıram ki, zəhmətimin qarşılığını alacağam.
Mənim kimi bu imtahana hazırlaşan abituriyentlərə isə uğurlar arzulayıram. İnanıram ki, hər kəs öz üzərində çalışsa və özünə inansa, istəyinə çata bilər".
Daha sonra Dövlət İmtahan Mərkəzinin xüsusi növ imtahanların təşkili və idarə edilməsi üzrə sektor müdiri Eltun Süleymanov media nümayəndələrinin suallarını cavablandırıb:

"Ümumi orta və tam orta təhsil bazasından, həmçinin 5-ci ixtisas qrupu üzrə qabiliyyət tələb edən ixtisaslara qeydiyyat artıq başa çatıb. Ümumilikdə 30 minə yaxın abituriyent qeydiyyatdan keçib. Qabiliyyət imtahanları iyunun 22-dən başlayıb və hazırda musiqi sənəti, idman, teatr, kino, xoreoqrafiya və təsviri sənət istiqamətləri üzrə davam edir. İndiyədək 10 mindən çox abituriyentin imtahanı təşkil olunub.
İmtahanların təşkili üçün Dövlət İmtahan Mərkəzi tərəfindən 100-dən çox qabiliyyət imtahan komissiyası yaradılıb. Komissiyaların tərkibində ali və orta ixtisas təhsili müəssisələrinin müəllimləri, ekspertlər, müxtəlif dövlət qurumlarının, o cümlədən Gənclər və İdman Nazirliyi nümayəndələri iştirak edirlər.
Hazırda idman istiqaməti üzrə imtahanlar Azərbaycan İdman Akademiyası və Tofiq Bəhramov adına Respublika Stadionunda, musiqi sənəti üzrə imtahanlar Bülbül adına Orta İxtisas Musiqi Məktəbində, təsviri sənət istiqaməti üzrə imtahanlar isə 167 nömrəli tam orta məktəbdə keçirilir.
Bu gün idman istiqaməti üzrə 62-ci komissiyanın imtahanları təşkil olunub. Buraya ümumi fiziki hazırlıq, kütləvi sağlamlaşdırıcı idman və adaptiv bədən tərbiyəsi ixtisasları daxildir. Abituriyentlər yerindən uzununa tullanma, turnikdə dartınma, 100 metr və 1000 metr məsafəyə qaçış normativlərini yerinə yetirirlər. Tələb olunan nəticələri göstərən abituriyentlər bu ixtisaslar üzrə müsabiqədə iştirak etmək hüququ qazanırlar.
Bütün qabiliyyət imtahanları tam şəkildə videomüşahidə altında keçirilir. Hər normativdən sonra nəticələr abituriyentlərə elan olunur. Nəticədən narazı qalanlar günün sonunda apellyasiya müraciəti edə bilərlər. Bu zaman videogörüntülər ekspertlərin iştirakı ilə yenidən araşdırılır və hər hansı uyğunsuzluq aşkar olunarsa, nəticəyə müvafiq dəyişiklik edilir".
İndi isə yollandıq Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə...
Abituriyent Buta Maqsudova qeyd edib ki, uşaqlıqdan pianoya böyük marağı olub:

"Altı yaşımda təsadüfən bir musiqi alətləri mağazasının qarşısından keçərkən pianonu gördüm və həmin gündən bu alətə vuruldum. Ailəmdə musiqi ilə məşğul olan heç kim yoxdur, bu sahəni seçən ilk insan mənəm.
Musiqi təhsilimi Bülbül adına orta ixtisas musiqi məktəbində almışam, ümumi orta təhsilimi isə 35 nömrəli məktəbdə başa vurmuşam. Buraxılış imtahanında 145 bal toplamışam. Hazırda isə qabiliyyət imtahanında maksimum, 10 bal əldə etmişəm. Bu nəticə mənim üçün böyük sevinc oldu.
Qabiliyyət imtahanına hazırlıq uzun və məsuliyyətli prosesdir. Təxminən bir il əvvəl repertuar müəyyənləşdirilir və hər gün 5-8 saat məşq edilir. Mən də bu imtahana böyük əziyyətlə hazırlaşmışam. İmtahanda ifam təxminən 30 dəqiqə davam etsə də, həyəcan və musiqiyə kökləndiyim üçün zamanın necə keçdiyini hiss etmədim.
Altı yaşımdan bəri müəllimim Tamilla Abdullayevanın rəhbərliyi altında piano üzrə təhsil alıram. Onun mənim inkişafımda böyük əməyi var və buna görə hər zaman minnətdaram.
İndiyədək respublika və beynəlxalq müsabiqələrdə iştirak etmişəm. 30-dan çox laureat və diplomat adına layiq görülmüş, müxtəlif müsabiqələrdə Qran-pri və laureat mükafatları qazanmışam.
Ən böyük arzum tanınmış və sevilən pianist olmaq, Azərbaycanı beynəlxalq səhnələrdə layiqincə təmsil etməkdir. Gələcəkdə həm səhnədə çıxış etmək, həm də müəllim kimi fəaliyyət göstərərək öz bilik və təcrübəmi yeni nəsillə bölüşmək istəyirəm. Səhnəni çox sevirəm və gələcəyimi məhz musiqi ilə bağlı qurmağı planlaşdırıram.
İmtahandan sonra yaşadığım sevinci sözlə ifadə etmək çətin idi. Göz yaşlarım həyəcanın və sevincin nəticəsi idi. Ən xoş hiss isə əldə etdiyim nəticəni ailəmlə bölüşəcəyim anı gözləmək idi".
Abituriyent Fatimə Mehdiyevanın sözlərinə görə, qabiliyyət imtahanı uğurlu keçib:

"Həyəcanlı olsam da, 9 bal topladım. Bu nəticəni gözləyirdim və çox sevinirəm ki, zəhmətimin qarşılığını ala bildim.
Bu imtahana ilboyu hazırlaşmışam. İfa edəcəyim əsərlər əvvəlcədən müəyyən edilmişdi və uzun müddət onların üzərində çalışmışdım. İmtahan təxminən 45 dəqiqə davam etdi. Hər dəfə məşqlərdə ifa müddəti fərqli olurdu, bu dəfə isə proqramımı daha qısa müddətdə təqdim etdim. Komissiya üzvləri ifamı sona qədər dinlədilər və bu da mənə özümü rahat hiss etməyə kömək etdi.
Musiqi təhsilimi Tofiq Quliyev adına 12 nömrəli Uşaq Musiqi Məktəbində almışam. Ümumi orta təhsilimi isə 132-134 nömrəli Təhsil Kompleksində başa vurmuşam. Buraxılış imtahanında 187 bal toplamışam. Mən əvvəldən seçimimi 5-ci ixtisas qrupu üzrə etmişdim və başqa istiqamət üzrə qəbul imtahanında iştirak etmədim.
Gələcəkdə özümü böyük səhnələrdə görürəm. Ən böyük arzum peşəkar skripka ifaçısı olmaq, konsert salonlarında çıxış etmək və musiqiçi kimi tanınmaqdır. Hazırda müəllimlik haqqında düşünmürəm. Daha çox səhnədə olmağı, ifalarımla insanlara ilham verməyi istəyirəm.
Musiqiyə sevgim ailəmdən gəlir. Anam piano ifaçısıdır. Bacım da bir vaxtlar piano üzrə təhsil alıb, lakin sonradan dizayn sahəsini seçib. Uşaqlıqda anam mənə məşhur skripka ifaçılarından biri haqqında kitab oxuyurdu. Onun həyat hekayəsini dinlədikdən sonra skripkaya böyük maraq yarandı və həmin gündən bu alətin ifaçısı olmağa qərar verdim. Ailəm də bu seçimimdə məni hər zaman dəstəkləyib.
İnanıram ki, qarşıdakı illərdə daha böyük uğurlar qazanacaq, Azərbaycanı beynəlxalq musiqi səhnələrində layiqincə təmsil edəcəyəm".
Konsertmeyster Ülviyyə Nağızadə bildirib ki, Fatimə ilə təxminən bir ildir ki, çalışır və bu gün onun qabiliyyət imtahanında uğur qazanmasını böyük həyəcanla gözləyir:

"Hər bir şagirdin imtahanı müəllim və ya konsertmeyster üçün də xüsusi məsuliyyət və həyəcan deməkdir. Bu hissləri sözlə ifadə etmək çətindir.
Fatimə mənim qabiliyyət imtahanında müşayiət etdiyim ikinci abituriyentdir. Bir müddət bu fəaliyyətə ara vermişdim, sonradan yenidən qayıtdım. Bundan əvvəl müşayiət etdiyim abituriyent də uğur qazanaraq hazırda konservatoriyada təhsil alır.
Konsertmeyster olmaq sadəcə fortepianoda müşayiət etmək deyil. Bu prosesdə sən də abituriyentlə birlikdə bütün həyəcanı, məsuliyyəti və sevinci yaşayırsan. Vaxtilə özümüzün qəbul imtahanlarında keçirdiyimiz hisslər yenidən canlanır. Ona görə də hər çıxış mənim üçün də xüsusi əhəmiyyət daşıyır.
Fatiməni uzun illərdir tanıyıram. O, gözümün qarşısında böyüyən, zəhmətkeş və istedadlı bir musiqiçidir. Bu gün onun uğurlu çıxışı və yüksək nəticə əldə etməsi məni çox sevindirdi.
Düşünürəm ki, konsertmeysterin rolu bu prosesdə kifayət qədər önəmlidir. İfaçı ilə səhnədə bir nəfər kimi işləmək, ona rahatlıq və inam vermək lazımdır. Əgər şagirdlərimin uğurunda mənim də kiçik bir payım varsa, bunu özüm üçün böyük xoşbəxtlik hesab edirəm".
Abituriyent Vəfadar Ramizadə qeyd edib ki, nağara ixtisası üzrə qabiliyyət imtahanında iştirak edib və 9 bal toplayıb:

"Nəticəmdən razıyam və imtahanın təşkilindən də məmnun qaldım. Komissiya üzvləri və müəllimlər abituriyentlərə çox dəstək oldular. Xüsusilə konsertmeysterim Mehriban xanıma minnətdarlığımı bildirirəm. İmtahan zamanı mənə böyük dəstək göstərdi.
Əslində böyük səhnələrdə və müxtəlif konsert proqramlarında çıxış təcrübəm var. Buna baxmayaraq, imtahan mühiti tamam fərqlidir. Qarşında ustad müəllimləri görəndə istər-istəməz həyəcan yaranır. Düşünürəm ki, tam bal toplaya bilməməyimin əsas səbəbi də məhz bu həyəcan idi.
Musiqiyə marağım ailəmdən gəlir. Musiqiçi ailəsində böyümüşəm və bu sənət uşaqlıqdan həyatımın ayrılmaz hissəsinə çevrilib. Bu yolu davam etdirmək, peşəkar musiqiçi kimi inkişaf etmək və gələcəkdə daha böyük səhnələrdə çıxış etmək istəyirəm.
İmtahandan uğurlu nəticə ilə ayrıldığım üçün sevincliyəm və bundan sonrakı təhsil yolumda da eyni uğurları davam etdirməyə çalışacağam".
Abituriyent Onur Əliyev söyləyib ki, iki il əvvəl təhsilini başa vurub:

"Hazırda ən böyük məqsədim ADMİU-ya qəbul olmaqdır. Ümid edirəm ki, bu il istəyimə çatacağam.
Qabiliyyət imtahanı mənim üçün kifayət qədər rahat keçdi. Təhsil aldığım müddətdə bu repertuarı öyrənmişdim və müəllimlərimin tövsiyələrinə uyğun hazırlaşmışdım. İmtahanda topladığım nəticə məni tam qane edir. Ən yüksək qiyməti əldə etmişəm. Qarşıda məni nəzəriyyə imtahanı gözləyir və hazırda əsas diqqətimi həmin mərhələyə yönəltmişəm.
Musiqiyə marağım uşaqlıqdan yaranıb. Bu sevginin formalaşmasında mərhum babamın böyük rolu olub. Onun arzusu və mənə olan inamı bu yolda irəliləməyimə motivasiya verdi. İlk vaxtlar musiqi məktəbinə yaşım uyğun olmadığı üçün qəbul edilməsəm də, həvəsimdən vaz keçmədim və bu sənətin arxasınca getdim. Sonralar həm ifaçılıq, həm də vokal sahəsində istedadımın olduğunu kəşf etdim və musiqini həyat yolum kimi seçdim.
İmtahanda "Hicran Kərəmi", operasından "Aşıq mahnısı"nı və "Qarabağ şikəstəsi"ni ifa etdim. Həm ifam, həm də vokal çıxışım yüksək qiymətləndirildi.
Orta təhsilimi Ağstafa şəhərindəki 1 nömrəli məktəbdə, musiqi təhsilimi isə Ağstafa 1 nömrəli Uşaq Musiqi Məktəbində almışam. Musiqiyə marağım isə cəmi beş yaşım olanda yaranıb.
Gələcəyimi saz sənəti ilə bağlamaq istəyirəm. Hazırda da şagirdlər hazırlayıram və düşünürəm ki, bu alət həm mənim gələcəyim, həm də milli musiqimizin yaşadılması üçün böyük əhəmiyyət daşıyır. Arzum yalnız müəllim olmaq deyil. İstəyirəm ki, sazı və Azərbaycan musiqisini beynəlxalq səviyyədə tanıdım.
Mənə maraqlı gələn istiqamətlərdən biri də sazla caz musiqisinin sintezidir. Bu istiqamətdə artıq müəyyən təcrübələrim var. İnanıram ki, milli musiqimizi müasir üslublarla təqdim etməklə onu daha geniş auditoriyaya çatdırmaq mümkündür. Gələcəkdə həm özüm səhnədə çıxış etmək, həm də yetişdirdiyim tələbələrlə birlikdə Azərbaycan musiqisini dünyada tanıtmaq istəyirəm".
Dövlət İmtahan Mərkəzinin musiqi sənəti istiqaməti üzrə təşkilatçı və kuratoru Günel Qulamova qeyd edib ki, musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanları iyulun 1-dən etibarən keçirilir:

"Hər gün müxtəlif ixtisaslar üzrə orta hesabla 90-98 abituriyent qabiliyyət imtahanında iştirak edir. Bu gün isə 92 nəfərin imtahanı təşkil olunub. İmtahanlar bir neçə otaqda keçirilir və hər otaqda təxminən 10-11 nəfər qiymətləndirilir.
Musiqi sənəti istiqaməti üzrə imtahana qatılan abituriyentlər adətən yaxşı hazırlıqlı və məqsədyönlü olurlar. Çünki onların əksəriyyəti 11 illik musiqi təhsili almış və ya musiqi kolleclərini bitirmiş gənclərdir. Bu hazırlıq səviyyəsi imtahan nəticələrində də özünü göstərir və iştirakçıların əksəriyyəti yüksək və qənaətbəxş nəticələr əldə edir.
Hazırda fortepiano, skripka, qarmon, nağara, saz və digər instrumental ifaçılıq ixtisasları üzrə imtahanlar keçirilir. Gün ərzində xanəndəlik ixtisası üzrə də qabiliyyət imtahanları təşkil olunur. Qiymətləndirmə prosesində müxtəlif ali təhsil müəssisələrinin professorları, müəllimləri və sahə üzrə ekspertləri iştirak edirlər.
İmtahanların keçirilməsi zamanı ciddi neqativ hallarla demək olar ki, rastlaşmırıq. Hər hansı problem yarandıqda isə operativ şəkildə müdaxilə edilir və vəziyyət dərhal aradan qaldırılır.
Nəticələrindən narazı qalan abituriyentlər üçün apellyasiya komissiyaları fəaliyyət göstərir. İmtahandan dərhal sonra ekspertlər iştirakçılara qiymətləndirmə meyarlarını izah edir, ifa zamanı buraxılmış nöqsanlar barədə ətraflı məlumat verirlər. Bu günədək artıq 284 abituriyentin musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanı keçirilib".
Qabiliyyət imtahanları bu il də yüksək təşkilatçılıqla davam edir. Həm abituriyentlər, həm valideynlər, həm də müəllimlər üçün bu proses yalnız qiymətləndirmə deyil, eyni zamanda bir sənət yolunun başlanğıcı kimi dəyərləndirilir.
DİM-in məlumatına görə, imtahanlar şəffaf, videomüşahidə altında və ekspertlərin iştirakı ilə həyata keçirilir.
Nəticələrdən narazı qalanlar üçün isə apellyasiya imkanı yaradılıb.
Beləliklə, musiqi və idman sahələrində yüzlərlə gənc öz gələcəyini müəyyənləşdirir. Bəziləri səhnəyə, bəziləri stadionlara, bəziləri isə böyük akademik uğurlara doğru ilk addımını atır.