Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-18 13:19:00
“Məntiq fənnini ildən-ilə daha zəif qavrayırıq” – İQ səviyyəmiz geriyə gedir-PROBLEM

 

 

Hər il magistratura imtahanına hazırlaşan tələbələrin ən çox çətinlik çəkdiyi fənlərin başında məntiq gəlir.

 

Xüsusi ilə imtahanda istifadə olunan sualların çətinlik səviyyəsi tələbələrin müəyyən dərəcədə narazılığına səbəb olur.

 

Yüksək nəticə göstərən tələbələr arasında da bu fikri təsdiqləyənlərə rast gəlmək mümkündür.

 

Bəs görəsən Azərbaycan gənclərinin ümumilikdə bu fənni dərk etmək qabiliyyəti necədir?

 

Mövzu ilə bağlı Məntiq müəllimi Rəşadət Şərifov  AzEdu.az-a açıqlamasında son illərdə ölkə gənclərinin bu fənni qavramasında geriləmə olduğunu bildirib:

 

“Azərbaycan dünya üzrə İQ reytinq cədvəlinə görə 199 ölkə arasında 84-cü yerdədi. Ümumilikdə cədvəldə Azərbaycanın yeri 80-84-cü yerlər arası dəyişir. Bu da təqribən dünya ortalamasından bir az daha yaxşıdır. Belə illər üzrə götürdükdə isə öz işlədiyimiz tələbələri nəzərə alsaq, ölkəmizdə tələbələrin məntiqi qavrama qabiliyyətinə görə 5 il əvvəlki ilə indiki arasında çox geriləmə var. 4, 5, 6 il əvvəlki tələbələrin qavraması indikindən daha yaxşı idi. Təəssüf  ki, bu hər il azalan istiqamət üzrə inkişaf edir, yəni hər il tələbələrin məntiqi qavraması, başa düşməsi əvvəlki illərə nisbətən daha da çətinləşir”.

 

Müəllim aşağı balla universitetə qəbul olan tələbələrin magistraturaya hazırlığında bu halın müşahidə olunmağa başladığını bildirib:

 

“Nə zaman ki, bakalavr səviyyəsi üzrə 150-160 bal toplayan tələbələr universitetlərə qəbul olmağa başladı, daha sonra onlar gəlib magistraturaya hazırlaşdıqda bu hal müşahidə olundu. Onların qavraması ilə əvvəlki illərin tələbələrinin qavraması arasında həqiqətən də çox dəhşətli dərəcədə fərqlər meydana çıxmış oldu. Tam səbəblərinin nə olduğunu bilməsəm də, bunu deyə bilərəm ki, çox təəssüf hər il bu daha da pisə doğru gedir”.