Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-19 10:36:00
İnnovasiyalar Agentliyi ilə ABŞ-ın Starta Vençur Kapital Fondu əməkdaşlığa başlayır

Yeni əməkdaşlıq platformasının məqsədi yerli innovasiya və startap ekosisteminin potensialının artırılmasıdır”. Bu sözləri investisiya analitiki Qüdrət Quliyev bizimlə söhbətində dedi.

 

Məlumat üçün bildirək ki, Q.Quliyev orta məktəbi Bakıda bitirib. “City University of London”da beynəlxalq siyasi iqtisadiyyat üzrə bakalavr təhsili alıb. Londonda Azərbaycanla bağlı tədbirlərdə fəal iştirak edib. Sonra Bakıya qayıdıb və Maliyyə Nazirliyində işə başlayıb. Bir il orada işlədikdən sonra “EY” konsaltinq firmasında işə başlayıb. Bir müddət sonra maliyyə üzrə magistr təhsili almağa qərar verib. Beləliklə, Nyu-Yorkdakı “Fordham University”də maliyyə ixtisası üzrə ma­gistr təhsili alıb. Eyni zamanda, ABŞ-da fəaliyyət göstərən Azərbaycan diasporunun işində fəal iştirak edib. Hazırda “Accelarator” proqramı üçün startapları qiymətləndirir və təhlil edir. Əlavə olaraq, əgər startapa Starta şirkəti yatırım edirsə, o zaman investisiya memorandumu hazırlayır ki, investorlar startapla tanış olsunlar. Bundan əlavə, müxtəlif ölkələrdə investor şəbəkəsini genişləndirmək üzərində işləyir.

 

Q. Quliyevin sözlərinə görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyi ilə ABŞ-ın Starta Vençur Kapital Fondu arasında innovasiyalar və yüksək texnologiyalar sahəsində Anlaşma Memorandumu imzalanıb. Yeni əməkdaşlıq formatı startap, tələbə və vençur investorlar üçün təlim və akselerasiya proqram­ların həyata keçirilməsi, layihələrin kommersi­yalaşdırılmasını və birgə fondun yaradılmasını təmin edəcək. Bu memorandumun imzalanma­sında Q.Quliyevin böyük əməyi var. Əlavə olaraq, Q.Quliyev öz şirkətində yeganə azərbaycanlı ol­duğu üçün doğma ölkəsində startap ekosisteminin inkişafında kömək etməkdə çox maraqlıdır.

 

Bildirdi ki, Anlaşma Memorandumunu İnnovasi­yalar Agentliyi İdarə Heyətinin sədri Tural Kərimli və Starta Vençur Kapital Fondunun direktoru Gabriel Arant imzalayıblar.

 

Qüdrət Quliyev imzalanma mərasimində çıxış edən Tural Kərimlinin fikirlərini də diqqətə çatdırdı. T. Kərimli deyib ki, Starta Vençur Kapital Fondu ilə əməkdaşlığı Azərbaycan innovasiya ekosis­teminin inkişafı üçün olduqca önəmli mərhələ hesab edirəm. 2022-ci ildən etibarən birgə layihə çərçivəsində Azərbaycan startapları Startanın “Accelarator” proqramında iştirak etmək üçün Nyu-York qərargahına dəvət olunacaqlar. Starta, eyni zamanda, potensial layihələrə ilkin investisiya ya­tırmaqla yanaşı, Azərbaycan startaplarına Amerika bazarında digər investorlar və müştərilər tapmaqda yaxından kömək göstərəcəkdir.

 

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”