Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-13 12:00:00
Kasıb ailənin Prezident təqaüdçüsü olan  övladı: “Müəllimlər  mənə maddi güzəştlər edirdilər” - MÜSAHİBƏ

 

 

Bu il ali məktəblərə qəbul olan 102 tələbəyə Prezident təqaüdü təyin olunub.

 

Bu tələbələr arasında  qəbul imtahanlarında yüksək nəticə göstərən aztəminatlı ailələrin övladları da yer alır.

 

Onlardan biri də bu il qəbul imtahanlarında yüksək nəticə göstərərək 674 bal toplayan İsmayıl Əsədovdur.

 

AzEdu.az bu istedadlı gənclə olan müsahibəni təqdim edir:

 

Əvvəlcə onu tanıyaq...İsmayıl Əsədov Gəncə şəhər 27 nömrəli tam orta məktəb-liseyin məzunudur. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) maliyyə ixtisası üzrə I kursda təhsil alır.

 

-Məktəb illərində dərsləriniz necə idi, necə hazırlaşırdız? Xüsusi sevdiyiniz fənlər vardımı?

 

-Biz bütün sinif olaraq məktəbimizdən çox razı idik. Elə nəticələrimiz məktəbimizdə təhsilin keyfiyyətinin göstəricisidir. Doğrusu, dərslərə hazırlaşmaq üçün  xüsusi nəsə etmirdik. Sadəcə, gündəlik dərslərə normal olaraq ciddi hazırlaşırdıq. Daha sonra qəbul imtahanı yaxınlaşdıqca artıq əlavə dərslərlə məşğul olmağa başladıq. Fənlər arasında elə də fərq qoymurdum. Amma, aralarında Tarix, Coğrafiya, Riyaziyyat kimi fənləri daha çox sevirdim. Elə bu fənlərə olan sevgim II qrupu seçməyimə səbəb oldu.

 

-Qəbul imtahanlarına necə hazırlaşdız? Bir az bu müddət haqqında danışardız...

 

-Qəbul imtahanlarına 10-11-ci siniflərdə xüsusi hazırlaşmağa başladıq. Burada müəllimlərimin vacib rolu oldu. Mən daha çox Riyaziyyat yönümlü olduğum üçün Tarix fənnini əzbərləməkdə ­­­ müəyyən qədər çətinlik çəkirdim. Amma bu çətinliyi müəllimlərin dəstəyi sayəsində aradan qaldırmağı bacardım.

 

-Həm orta məktəb illərində, həm də abituriyent dövründə qəbula hazırlaşdığınız müddətdə nə kimi maddi və mənəvi sıxıntılarınız olub? Bu müddətdə kimlər sizin yanınızda olaraq öz dəstəyini göstərib?

 

-Hazırlaşdığım zamanlarda yaşadığım bütün çətinliklərdə, problemlərdə valideynlərim hər zaman yanımda olub. Onların bu müddətdə vacib rolu və əməyi mənim üçün danılmazdır. Eyni zamanda müəllimlərim də məni tək buraxmırdılar, hər zaman öz dəstəklərini bildiridilər. Hazırlıq müddətində də maddi baxımdan müəyyən güzəştlər edirdilər.

 

-Ümumilikdə maraqlıdır, Prezident təqaüdünü qazanacağınızı gözləyirdiniz?

 

-Hər il ən yüksək bal toplayan tələbələr bu təqaüdə layiq görülür. Mən hazırlaşdığım müddətdə sadəcə yüksək bal toplamağa çalışırdım. Düşünürdüm ki, nə qədər yüksək olsa, o qədər yaxşıdır. Doğrusu, məndən çox müəllimlərim bu təqaüdə düşəcəyimə inanırdılar və bunu gözləyirdilər. Yəni mən işin sadəcə çalışmaq hissəsinə diqqətimi cəmləmişdim, gözlənti hissəsi isə müəllimlərdə idi. Onlar buna inanırdılar.

 

-Prezident təqaüdü sizin ehtiyaclarınızı nə dərəcədə təmin edəcək?

 

-Ümumilikdə yaşayış xərclərim daxil olmaqla maddi baxımdan ehtiyaclarımı qarşılamağa kömək edəcək. Belə desək, maddi baxımdan ailəmə çətinlik yaratmayacağam, bu baxımdan mənim üçün daha rahat olur. Bununla yanaşı təqaüddən özümü inkişaf etdirmək məqsədi ilə istifadə etməyi düşünürəm. Bu istiqamətdə mənə dəstək olacaq.

 

-Hazırda I kursda təhsil alırsız. Bəs gələcək üçün nə kimi planlarınız var?


-Təhsilimdə müvafiq pillələri tamamladıqdan  sonra doktoranturaya müraciət etməyi düşünürəm. Bu pillədən əldə etdiyim biliklərlə həm müəyyən istiqamətdə elmi araşdırmalar aparmaq, həm də öz ixtisasım üzrə daha yaxşı fəaliyyət göstərmək istəyirəm. Gələcəkdə magistratura və doktorantura pillələri üzrə təhsilimi xaricdə almağı düşünürəm. Bu vasitə ilə fərqli elmi mühitlə tanış olmaq maraqlıdır.

 

-Sizin kimi müəyyən maddi və mənəvi çətinliklər çəkmiş, ancaq təhsil yolunda uğur qazanmaq üçün çalışan şagird və abituriyentlərə ürək sözləriniz və tövsiyələriniz nələrdir?

 

-Hazırda özümü o qədər də uğurlu hesab etmirəm. Bu səbəblə məsləhət vermək hesab edirəm ki, doğru olmaz. Amma mənim hazırlıq müddətində ən çox məşğul olduğum şey araşdırmaq idi. Müxtəlif mənbələri, uğur qazanan insanları araşdırır, onların metodlarınızı sınayırdım. Bu metodların mənə təsiri, onların aldığı effekti mənim də ala bilməyim maraqlı gəlirdi. Nəticə olaraq öz çalışma planlarımı daha ağıllı və sistemli şəkildə qurmağa çalışırdım. Bu tip araşdırmalar apararaq öz fəaliyyətlərinə diqqətlərini daha yaxşı istiqamətləndirə bilərlər.