Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-09 14:37:00
Prezident təqaüdçüsü: Ən böyük arzum Vətənimə, xalqıma xidmət etməkdir  

Hansı ixtisas üzrə təhsil almağımdan və ya hansı peşədə çalışmağımdan asılı olmayaraq ən böyük arzum hər şeydən öncə, Vətənimə, xalqıma xidmət etməkdir. Yüksək səviyyədə təhsil isə bu hədəfimə çatmaq üçün çox güclü bir vasitə idi. Ona görə dərslərimi yaxşı oxuyurdum.

 

AzEdu.az xəbər verir ki, Bakı Ali Neft Məktəbinin tələbəsi Turanə Rəşidova deyib.

 

O bildirib ki, məktəb vaxtı dəfələrlə riyaziyyat fənni üzrə olimpiadalarda qalib olub: “Məktəbdə oxuyarkən bütün fənlər üzrə biliyimi maksimum səviyyədə artırmağa çalışmışam. Bu yolda müəllimlərimin üzərimdə çox böyük əziyyəti olub. 7-ci sinifdə oxuyarkən isə Bakı Ali Neft Məktəbi haqqında məlumat əldə etdim. Qərara gəldim ki, bu məktəbdə oxumaqla yüksək səviyyədə təhsil ala və qarşıma qoyduğum məqsədə çata bilərəm. Sərt karantin rejimi və onlayn təhsil müəyyən çətinliklər törətsə də, valideynlərim və müəllimlərimin dəstəyi ilə bu çətin dövrə adaptasiya ola bildim. Maksimum dərəcədə çalışaraq dərslərimə məsuliyyətlə yanaşdım. Eyni zamanda, özümü psixoloji cəhətdən imtahana hazırladım. Buraxılış və qəbul imtahanlarında narahatlıq keçirsəm də, dəfələrlə sınaq imtahanlarında iştirak etdiyim üçün şəraitə uyğunlaşa bildim və soyuqqanlı yanaşaraq sualları cavablandırdım. Nəticə mənim üçün həqiqətən möhtəşəm oldu, çəkilən bu qədər əziyyətdən sonra 691,4 bal toplamaq mənim üçün çox böyük uğur idi.

 

Bakı Ali Neft Məktəbi 7-ci sinifdən bəri xəyalını qurduğum universitet idi. Ancaq ixtisas seçimini qəbul imtahanlarından sonra dəqiqləşdirdim. Xeyli müddət araşdırıb düşündükdən sonra informasiya təhlükəsizliyi ixtisasını seçdim. Diqqətimi çəkən bu ixtisasın yüksək keçid ballı ixtisas olması deyildi, gələcəyin ixtisası olması idi. Üstəlik müasir texnologiyaların inkişaf etdiyi bir dövrdə kompüter sahəsinə olan marağım çox böyükdür və bunu nəzərə alaraq seçim etdim. Seçimimin uğurlu olacağına inanıram”.

 

Turanə Rəşidova tələbəliyin daha məsuliyyətli bir dövr olduğunu da deyib: “2021/2022-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən təqaüdə layiq görülən 102 nəfərdən biriyəm. Bu, məni qürurlandırır. Əlimdən gələni edəcəm və çalışacağam ki, ixtisasım üzrə peşəkar mütəxəssis ola bilim. Bakı Ali Neft Məktəbində dərslərimiz yeni başlayıb, lakin tədris çox yüksək səviyyədə aparılır. Müəllimlərimdən çox razıyam, dərsləri mükəmməl səviyyədə mənimsəməyimiz üçün əllərindən gələni edirlər. İnanıram ki, burada alacağım təhsillə özümü daha çox inkişaf etdirə biləcəyəm və hədəfimə çatacağam”.

 

Qeyd edək ki, Turanə Rəşidova 2004-cü ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhər 8 saylı tam orta məktəbin məzunudur.

 

Azərtac