https://www.zirve.edu.az/
07.03.2018 10:06
Azərbaycanlı tələbələrin layihəsi “Ginnesin Rekordlar kitabı”na düşə bilər

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəqliyyat tikintisi ixtisası üzrə SABAH qruplarının məzunları Yaqub Mehdiyev və Nəriman Abdinlinin layihəsi “Ginnesin Rekordlar kitab”ına daxil olmağa namizəddir.

AzEdu.az xəbər verir ki bu barədə Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyeva Modern.az-a deyib ki, tələbələrin SABAH qruplarındakı müəllimləri Qulam Əliyevlə birgə layihələndirdikləri Moskva şəhərinin məşhur “Zaryadye” parkının ərazisində inşa edilmiş “Üzən körpü” piyada estakadası dünyada analoqu olmayan tikilidir:

“Estakada azərbaycanlı mütəxəssislər tərəfindən həm layihələndirilib, həm də inşa edilib. Belə ki, “Üzən körpü” Azərbaycanın "Hidrotexniki və nəqliyyat qurğularının layihələndirilməsi üzrə Hidrotransproyekt elmi-tədqiqat mərkəzi" MMC-nin Moskvadakı filialı olan "Hidrotransproyekt İnstitutu" QSC-nin mütəxəssisləri tərəfindən layihələndirilib.

Piyada estakadasının tikintisi Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON" (keçmiş "Azərkörpü") tərəfindən aparılıb. Dünyada konsolunun uzunluğu 70 m olan heç bir estakada və ya tikili yoxdur. Adətən əgər hər hansı bir qurğunun konsolunun uzunluğu 20 m-dən çoxdursa, o, unikal qurğu hesab edilir. Λ şəkilli "Üzən körpü”nün konsolunun uzunluğu isə 70 m-dir və bu göstəriciyə görə, o, Ginnesin “Rekordlar” kitabına düşə bilər”.

N.Mirzəyeva qeyd edib ki, Yaqub Mehdiyev və Nəriman Abdinli hazırda AzMİU-nun magistraturasında təhsil alırlar.