Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-26 13:00:00
III qrupa hazırlaşanlar “əzbərçi” olduğundan riyaziyyatdan çətinlik çəkirlər - 700 bal toplayanlar

Bu gün II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanları keçirilir. İmtahanda 31.904 abituriyentin iştirakı nəzərdə tutulub. Lakin III ixtisas qrupuna hazırlaşan və yüksək nəticə göstərən abituriyentlərə olan münasibət heç də birmənalı deyil.

I və IV ixtisas qrupuna hazırlaşan bir çox abituriyent III ixtisas qrupuna hazırlaşanları “əzbərçi” olmaqla günahlandırırlar. Maraqlısı budur ki, bu iddianı irəli sürənlər arasında texniki fənlər üzrə dərs deyən müəllimlər də var.

Bəs III ixtisas qrupuna hazırlaşan və yüksək bal toplayan abituriyentlər doğurdanmı “əzbərçi” olurlar?

AzEdu.az bu sualla qəbul imtahanında maksimum nəticə göstərən abituriyentlərə müraciət edib.

Yay qəbul imtahanlarında I ixtisas qrupu üzrə 700 bal toplayan 297 nömrəli tam orta məktəbin məzunu Anar Abıyev bildirib ki, III ixtisas qrupunda yer alan fənləri öyrənmək üçün güclü yaddaş və əzbərçilik qabiliyyəti tələb olunur:

“Bəzi abituriyentlərdə qavrama, bəzilərində isə əzbərləmə qabiliyyəti daha yaxşıdır. III ixtisas qrupu əzbərçilik tələb edir. Lakin bu heç də pis xüsusiyyət kimi qəbul olunmamalıdır. Tarix fənnini öyrənmək üçün bu qabiliyyət təbii ki, lazımdır. III ixtisas qrupuna hazırlaşan abituriyentlərin riyaziyyatdan əziyyət çəkdiklərinin şahidi olmuşam. Bu da başa düşüləndir. Çünki tarix fənnindən olan  materialın çoxluğu və vaxt məhdudiyyəti buna gətirib çıxarır. Riyaziyyatla məşğul olmalarına elə də vaxt qalmır”.

Yaz qəbul imtahanlarında IV ixtisas qrupu üzrə maksimum nəticə göstərən Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin məzunu Rəna Əliyeva bu barədə bir qədər tərəddüd içində qaldığını söyləyib:

“Bu haqda dəqiqliklə bir şey deyə bilmərəm. Amma bu ixtisas qrupunda hər nə qədər əzbərçilik olsa belə yüksək bal toplamaq üçün yalnız əzbərçi olmaq kifayət etmir. Abituriyentin müəyyən qədər məntiqi olmasa, əzbərçiliklə yüksək bal toplaya bilməz”.

Yay qəbul imtahanlarında I ixtisas qrupu üzrə 700 bal toplayan Goranboy rayon Safıkürd kənd orta məktəbinin məzunu Kənan Məhəmmədli III ixtisas qrupuna hazırlaşan abituriyentlər haqqında səslənən fikirlərlə müəyyən qədər razıdır:

“III ixtisas qrupunda daha çox humanitar fənlər olduğu üçün müəyyən qədər əzbərçilik halları olur. Ona görə də bəzi III qrupa hazırlaşan abituriyentlər riyaziyyat fənnindən çətinlik çəkirlər. Abituriyentlərin daha dünyagörüşlü və savadlı olması isə onun hansı qrupa hazırlaşamsından yox, özündən asılı olan məsələdir”.

Qeyd edək ki, DİM-in 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə mayın 13-də keçirdiyi imtahanlarda 7 nəfər, I və IV ixtisas qrupları üzrə keçirdiyi imtahanlarda 3 nəfər 700 bal toplayıb.

Yay qəbul imtahanlarında isə I və IV ixtisas qrupları üzrə 15 nəfər maksimum nəticə göstərib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları