Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-31 12:53:00
“Günün sadəcə 5-6 saatını dərslərimə ayırırdım”- Qəbulda 400 bal toplayan MƏZUN

 

II - III qrup üzrə  elan  olunan  imtahan  nəticələrinə  əsasən,  Bakı  məktəblərinin  iki  məzunu  maksimum  nəticə  göstərib.

 

Onlardan  biri  192  nömrəli  tam  orta  məktəbin  məzunu  Mirsaleh Məmmədovdur. O, II qrup  üzrə  keçirilən qəbul  imtahanında  400  bal  toplayaraq  maksimum  nəticə  göstərib.

 

İmtahanın  I  mərhələsində  271 bal  yığan  istedadlı  məzun hər iki mərhələnin cəminə görə  671 bal toplayıb.

 

AzEdu.az  maksimum   nəticə  göstərən  Bakı  məktəbinin  məzunu  Mirsaleh  Məmmədovla  müsahibəni  təqdim  edir:

 

Həm  buraxılış, həm  də  qəbul  imtahanında  yüksək  nəticə  göstərmisiz. İmtahanlara  hazırlıq  prosesiniz  necə  idi?

 

-Düşünürəm  ki, qəbul  imtahanına  məktəbdə  təhsil  aldığımız  11 il  müddətində  hazırlaşmaq  lazımdır. Orta  məktəbdə  təhsil  aldığımız  müddətdə  müəllimlərin  verdiyi  tapşırıqları  yerinə yetirərək  müəyyən  təməl  qoyulur. Daha  sonra  10-11-ci  sinifdə  isə  internsiv  hazırlaşaraq  biz  bildiklərimizi  təkrar  edirik. Uğurlu  nəticə  göstərməyimin  əsas  səbəblərindən  biri  də  bu  idi  ki, mən  aşağı  sinifdən  dərslərimə  önəm  verirdim. Heç  vaxt  günümün  12-14 saatını  dərs  oxumaqla  keçirməmişəm. Günümün  sadəcə  5-6  saatını  düzgün  şəkildə  planlaşdıraraq  və  bölərək  dərslərə  ayırırdım. Əsasən, çətinlik  çəkdiyim  hissələrin  üzərində  çalışırdım, günün  qalan  saatlarını  isə  özümə  ayırırdım.

 

Bu  müddətdə  sevdiyiniz, yaxud  nisbətən sizə çətin gələn  fənn hansı  oldu?

 

-Blok  imtahanlarındakı  fənnlər  mənim  üçün  çətin  deyildi  və  nəticə  olaraq  400  bal  topladım. Nisbətən  buraxılış  imtahanında  çətinliyim  oldu. Fənlər  arasında  İngilis  dilində  bir  az  çətinlik çəkirdim, çünki  məktəbdə  bu  fənnin  tədrisi  zamanı  çox  da  önəm  vermirdim. Ancaq  imtahanda  İngilis  dili  üzrə  göstərdiyim  müsbət  nəticəyə  11-ci  sinifdə  çox  çalışaraq  nail  oldum.Gələcək  üçün  də  İngilis  dilinin  önəmini  anlayıram  və  üzrəimdə  çalışıb  bu  dil  üzrə  səviyyəmi  daha  da  yüksəldəcəyəm. Hətta  ixtisas  seçimi  zamanı  bu  dil  bölməsi  üzrə  seçimə  üstünlük  verəcəm  ki, öyrənmək  üçün  daha  çox  diqqət  ayırım.

 

Bildiyimiz  kimi  buraxılış  imtahanında da yüksək  bal  toplamısız. Qəbul(blok)  imtahanında  göstərdiyiniz  nəticə  sizin  üçün  nə  dərəcədə  gözlənilən  idi?

 

-Əslində, yüksək  bal  toplayacağımı  gözləyirdim. Həm  iştirak  etdiyim  sınaq  imtahanlarına  əsasən, həm  də  hazırlaşdığı  müddətdə  insan  nəyə  malik  olduğunu  bilir. Yüksək  bal  toplacağımı  bilirdim, ancaq  nəticənin maksimum, yəni 400  olacağını   gözləmirdim. Bu  nəticə  məni  çox  sevindirdi. Ancaq  ümumilikdə  balımın  650-dən  yuxarı  olacağını  gözləyirdim.

 

Təhsilinizi  hansı  universitet  və ixtisas  üzrə  davam  etdirməyi  düşünürsüz?

 

-Təhsilimi  İqtisadiyyat  üzrə  İngilis  bölməsində  davam  etdirməyi  düşünürəm. Burada  iki  universitet  arasından  seçim  etməyi  planlaşdırıram: ADA  və  UNEC. Hər  iki  universitetin  imkanları  və  xarici  proqramlarını  yaxşı  araşdırıb  elə  qərar  verəcəyəm ki, sonradan  peşman  olmayım.

 

Növbəti  illərdə  qəbul  imtahanlarına  hazırlaşacaq  abituriyentlərə  nə  kimi  tövsiyələriniz olar?

 

-Qəbul  imtahanlarına  hazırlaşan  abituriyentlərə  tövsiyə  edirəm ki, günün  bütün  hissəsini  dərs  oxumaqla  keçirməsinlər. Bacardıqları  qədər  çox  çalışsınlar, ancaq  doğru  şəkildə  çalışsınlar. Yaxşı  bildikləri  mövzunu  təkrar işləməklərinə  ehtiyac  yoxdur. Diqqəti  zəif  olduqları  mövzulara  yönəlsinlər. Bilmədiyin  mövzuda  100  test  işləmək, bildiyin  mövzuda  1000  test  işləməkdən  daha  yaxşıdır. Bununla  yanaşı, ancaqq  sevdikləri  ixtisas  üçün  çalışsınlar. Çünki  sevmədiyin  bir  şey  üçün  çalışmaq  çox  çətindir. Yaxşı  nəticə  göstərməyimin  əsas  səbəblərindən  biri  də  bu  idi  ki, hazırlaşdığım  fənnləri  çox  sevirdim  və  bu  fənləri  oxumaqdan  zövq  alırdım. Sistemli  şəkildə  çalışmağa diqqət  etsinlər. Bu gün həvəsim  yoxdur  deyib  sonraya  saxlamasınlar. Mən  özümü  yaxşı  hiss etməsəm  belə, özümü  məcbur  edərək  qalxıb  dərslərimlə məşğul  olurdum.

 

Məzunumuza  uğurlar arzu edirik!