Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-27 18:00:00
Beynəlxalq olimpiada birincisi - "Yüksək təhsil haqqı səbəbindən istədiyim yerdə oxuya bilməyəcəyəm"-MÜSAHİBƏ

Beynəlxalq olimpiada birincisi - "Yüksək təhsil haqqı səbəbindən istədiyim yerdə oxuya bilməyəcəyəm"-MÜSAHİBƏ

 

Məktəblilərimiz və  məzunlarımız  bu  il  müxtəlif  fənlər  üzrə  təşkil edilən  dünya  olimpiadalarına  uğurlara  imza  atıblar.

 

Xüsusi  ilə iki  iştirakçımız  Portuqaliya tərəfindən onlayn şəkildə  təşkil  edilən 32-ci Beynəlxalq Biologiya  Olimpiadasında   hər biri  ölkəmizə  iki  qızıl  medal qazandırıb.

 

Bu  gənc  istedadlı  qaliblərdən  biri  də  Ranal  Qurbanovdur.

 

AzEdu.az  bu  istedadlı  gənclə  olan  müsahibəni  təqdim  edir.

 

Əvvəlcə  onu  tanıyaq...

 

Ranal  Bəşir oğlu Qurbanov, 2  may 2004-ci ildə  Lənkəran şəhərində anadan olub. 2010-cu ildə Lənkəran şəhər V.Əliyev adına 4 №-li HTML-nın 1-ci sinifinə gedib. 2014-2016-cı illərdə S.Kazımbəyov adına 6 saylı tam orta məktəbində oxuyub. 2016 –cı ildə Lənkəran şəhər İSTƏK  liseyində, 2017 –ci ildə isə Bakı şəhər İSTƏK liseyində təhsil alıb. Daha sonra təhsilini  Bakı şəhəri M.F.Axundzadə adına 102 nömrəli tam orta məktəbində davam edib və 11-ci sinifi həmən məktəbdə  bitirib.Uğur qazandığı sahə - biologiya fənnidir.

 

-Bildiyimiz qədəri ilə məktəbi yeni bitirmisiz. Bir az orta təhsil illərinizdən danışardız. Dərslərə hazırlığınız necə idi? Nə kimi aktivliklər göstərmisiz?

 

-Orta təhsil aldığım zaman bir çox məktəb dəyişmişəm. Azərbaycan məktəblərində məcburi surətdə  keçirilən  humanitar-dəqiq olmayan fənləri heç vaxt sevməmişəm. Nəticə  olaraq  qiymətlərim  aşağı  olub. Bu  kimi  səbəblərə  görə  xaricdə  təhsil  almaq  qərarına  gəldim.

 

-Dünya Biologiya Olimpiadasında qızıl medala layiq görülmüsüz. Bu müsabiqəyə necə hazırlaşdız? Ümumi proses barədə bir az danışardız ...

 

-Olimpiadaya xarici  ədəbiyyatlar  vasitəsi  ilə  hazırlaşmışam.Bu  proses  müddətində  ingiliscə  bilməyim  mənə  xeyli  kömək  oldu.  Keçən  il  Azərbaycanın  biologiya fənni   üzrə  ən  yaxşı  4  şagirdindən  biri  seçildim. Yaponiyanın  təşkilatçı  olduğu  31-ci  Beynəlxalq  Biologiya  Olimpiadasında  gümüş  medal  qazandım. 50-ə yaxın  ölkənin  iştirak  etdiyi  yarışda Azərbaycanı  təmsil  etdim. Keçən  il  gümüş  medal  qazandığım  üçün  artıq  bu  il  daha  hazırlıqlı  idim. Sevinirəm  ki, ölkəni  beynəlxalq  səviyyədə  təmsil  etmişəm.

 

Bununla  yanaşı  2021ci ildə Respublika Fənn Olimpiadasından qızıl medal qazandım və  “Birincilərin  birincisi” nominasiyasının qalibi  oldum.

 

-Azərbaycan və Türkiyənin nüfuzlu universitetlərindən qəbul təklifi aldğınız  bildirilib. Maraqlıdır, bu siyahıda hansı ali təhsil müəssisələri var?

 

-Türkiyədə  heç  bir  nüfuzlu  ali  təhsil  müəssisəsinə  qəbul  almamışam. Amerika  Universitetlərindən  fərqli  olaraq  Türkiyə  Universitetləri  şagirdin  imtahanlardan  kənar  akademik  nailiyyətlərini  qəbul  prosesində  dəyərləndirmir. Türkiyədə  Acıbadem  kimi  özəl  universitetlərdə  təhsil  almaq  şansım  var. Ancaq  oranın  da  illik  ödənişi  20  min  dollardır. Bu  səbəblə  oranı  seçməyi  düşünmürəm. Azərbaycanda  isə  Nazirlər  Kabinetinin  qərarına  əsasən, istənilən  fakültədə  təhsil  ala  bilərəm. Lakin  mən  Azərbaycanda  təhsilimi  davam  etdirməyi  planlaşdırmıram.

 

-Təhsilinizi harada davam  etdirməyi düşünürsüz və seçiminizin səbəbi nədir?

 

-Mən  Flex  təqaüd  proqramının  qalibi  olmuşam. Beləcə bir  il  ABŞ-da  təhsilimi  davam  etdirməyi  düşünürəm. Əgər  ABŞ-a  yola  düşməmişdən  əvvəl  Türkiyə  universitetlərindən  qəbul  gələrsə,  akademik  məzuniyyət  alıb  yola  düşməyi  planlaşdırıram.

 

-Maraqlıdır,uğurlu təhsil yoluna malik istedadlı bir məzun olaraq gələcək üçün nə kimi planlarınız var?

 

-Həkim  olmaq  istəyirəm.  Bu  arzumun  reallaşması  üçün  Türkiyə  universitetlərindən  tam  təqaüd  almalıyam. Əks  halda  KAİST  kimi  daha  prestijli  universitetlərdə  biotibb  fakültəsini  oxumaq  məcburiyyətində  qalacam.Türkiyədən  qəbul  almasam, bura  müraciət  edəcəyəm.

 

-Son olaraq, təhsilində uğurlara imza atan biri kimi digər təhsilalanlara nə kimi tövsiyələriniz olar?

 

-Digər  təhsilalanlara  məsləhətim  budur  ki, təhsillərini  ölkə  xaricində  davam  etdirsinlər.

 

Qeyd  edək  ki, Ranal, 2019-cı ildə 9-cu sinifdə oxuyarkən Fənn Olimpiadalarının Respublika  turunda Biologiya fənni üzrə  3-cü yerə laiq görülüb və bürünc medal qazanıb.

 

Məzunumuza  uğurlar  arzu  edirik!