Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-26 10:52:00
Müəllimlərin işə qəbulu üzrə test imtahanlarında bu gün 3 mindən çox namizəd iştirak edəcək  

İyulun 26-da müəllimlərin işə qəbulu müsabiqəsində Azərbaycan dili və ədəbiyyat, həmçinin biologiya fənni üzrə işə qəbul imtahanları keçirilir.

Təhsil Nazirliyindən bildirilib ki, müəllimlərin işə qəbulu üzrə test imtahanlarında bu gün 3 min 208 namizədin iştirakı gözlənilir.

Mövcud pandemiya şəraitini nəzərə alaraq müsabiqənin test imtahanı mərhələsi Bakı, Abşeron, Sumqayıt, Gəncə, Masallı, Ağcabədi, Şirvan, Balakən, Quba, Şamaxı, Mingəçevir və Kürdəmirdə yaradılmış müvafiq imtahan mərkəzlərində keçirilir. Test imtahanı mərhələsi avqustun 2-də başa çatacaq.

Xatırladaq ki, müsabiqəyə müraciət edənlərdən 59 min 171 nəfərin ərizəsi isə qəbul olunub. Müsabiqədə iştirakı uyğun hesab edilən namizədlərdən 18 nəfəri ümumi təhsil müəssisələrində fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərib və 3 ildən az müddətə işdən ayrılmış şəxslərdir. Bu namizədlər diaqnostik qiymətləndirmə balı ilə birbaşa vakansiya seçimi mərhələsində iştirak edəcəklər. 59 min 153 namizəd isə müsabiqənin test imtahanı mərhələsində iştirak edəcək.