Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-01 12:58:00
Doktorantura imtahanlarının ölkə birincisi: “İndiyədək 400-ə qədər tələbəm olub”

 

2021-ci  üzrə ali  təhsilin  doktorantura  pilləsi  üzrə  keçirilən  qəbul  imtahanlarının  nəticələri  bir neçə  gün  öncə  elan  olundu.

 

Bu  imtahanlarda  ən  yüksək  nəticəni   göstərən   şəxs   Çingiz  Çingizzadədir.

 

O, doktorantura  pilləsinə  qəbul  imtahanlarında  47 bal  toplayaraq   ən yüksək  nəticə  göstərən  iki  məzundan  biridir.

 

AzEdu.az  Çingiz  Çingizzadə  ilə  olan müsahibəni  təqdim  edir.

 

Əvvəlcə  onu  öz  dilindən  tanıyaq...

 

-Mən, Çingizzadə Çingiz Nəsimi oğlu 1998-ci ilin iyun ayının 16-sı  Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlmişəm. Ailəm kifayət qədər böyükdür. Atam, anam, 2 bacım və qardaşım var. Ailənin də ən kiçiyi elə mənəm. Orta təhsilimi Nərimanov rayonunda yerləşən Ankara Məktəbi, məktəb - liseyində almışam. Elə məktəb vaxtlarında çoxsaylı olimpiada və yarışmalarda  iştirak etmişəm. Bakı şəhərində  Tarix  fənni  üzrə  I  yerə layiq görülmüşəm. Məktəbi bitirdikdən sonra, TQDK (indiki DİM) qəbul imtahanından 662 bal toplayaraq, Bakı Dövlət Universiteti Hüquq fakültəsinə (ingilis bölməsi) qəbul olunmuşam. Bakalavr təhsilimi bitirdikdən sonra elə Bakı Dövlət Universitetində magistr təhsili almağa, həmçinin  bu dövrdə  işləməyə də başladım. İnnovasiyalar Agentliyi, ASG Business Aviation kimi müəssisələrədə çalışmışam. Hazırda isə “Legalize” MMC hüquq şirkətində işləyirəm. Bundan başqa Master School Tədris Mərkəzində ingilis dili müəllimi kimi də fəaliyyət göstərirəm.  

 

-Bakalavriat pilləsini fərqlənmə diplomu ilə bitirmisiz. Bir az  bu  müddət  haqqında  danışardız. Dərslərə  hazırlıq  prosesiniz  necə idi? İmtahanları necə verirdiz? Bu pillədə  nə kimi aktivliklər göstərmisiz?

 

-Həyatımın ən maraqlı və sevincli dönəmi məhz Bakı Dövlət Universiteti ilə bağlıdır. 2015-ci ildə BDU-ya qəbul oldum. Universitet mənə çox şey qazandırdı. Ətrafım genişləndi, yaxşı dost, yoldaş  əldə etdim. Semestr ərzində yaxşı oxuduğum  üçün və imtahana çox tələbələr kimi 2-3 gün qabaqcadan hazırlaşmadığım  üçün daim imtahanlardan yüksək bal  almışam. Ortalama balım 95- dən çoxdur. Bakalavr təhsilim müddətində çox saylı məhkəmə simulyasiyalarında, seminar və təlimlərdə iştirak etmişəm. European Law Students Association-ının üzvü olmuşam. 2018-ci ildə mən, iki qrup yoldaşım - Sara və Tərcə ilə Azərbaycanı Gürcüstandanda keçirilən Vis-Moot (məhkəmə simulyasiyası) yarışmasında təmsil etməyə layiq görülmüşük. Bakalvr olduğum müddətdə Bakı şəhəri, Səbail rayonu Məhkəməsi, icra hakimiyyəti və prokurorluğunda (hər biri bir ay olmaqla) təcrübə   keçmişəm. Ən maraqlı hissəsi isə diplom işimlə bağlıdır. Mövzum "TANAP layihəsinin beynəlxalq hüquqi aspektləri" - idi ki, bu mənim ən bəyəndiyim mözvulardandır. Diplom işimi müdafiə edib, bakalavr təhsilimi sonlandırdım.

 

-Eyni zamanda  magistratura  pilləsini  də  fərqlənmə  diplomu  ilə  bitirmisiz. Magistratura  pilləsinə   necə  hazırlaşırdız? Bu  müddətdə  ən  çox  hansı  fənni sevirdiz  yaxud  çətinlik çəkirdiz?

 

-Magistraturaya hazırlıq biraz çətin olub desəm, yalan danışmaram. Çünki, həmin dönəmdə həm yuxarıda qeyd etdiyim praktikalara gedir, həm də diplom işi üzərində çalışırdım. Bunları magistraturaya hazırlıq ilə bir vaxtda çatdırmaq çətin olsa da, bacardım. Mənə magistr adını qazandıran, hazırda da çalışdığım Master School Tədris Mərkəzi oldu. Fürsətdən istifadə etmişkən, kollektivimizi salamlayır və minnətdarlığımı bildirirəm! Mən qəbul olan il magistraturaya qəbul iki pillədən ibarət idi. Biraz çətinlik çəkdiyim 2-ci mərhələ oldu. Səbəbi isə ondan ibarətdir ki, ixtisasımı həmişə Azərbaycan dilində oxuyub, seminarları ingilis dilində cavab vermişəm. Halbuki, orta məktəbi rus bölməsi  olaraq bitirmişəm. Hazırlıq vaxtında da, ixtisasımı Azərbaycan dilində oxuyub, lakin imtahanı  rus dilində vermişəm. Buna baxmayaraq, hər iki  turu müvəffəqiyyətlə keçdim.

 

-Magistratura  pilləsi  üzrə  təhsil  almaq  üçün  yenə BDU-nu  seçmisiziniz. Niyə  məhz  BDU? Bu  pillə  üzrə  təhsiliniz  müddətində  nə  kimi  fəaliyyətləriniz  olub?

 

-Seçimim yenə Bakı Dövlət Universiteti oldu. Seçəcəyim ixtisası qabaqcadan bilirdim. Mənə çox maraqlı gələn “Əqli mülkiyyət hüququnu” (yenə ingilis bölməsi) seçdim və bu ixtisası seçməyimə görə heç peşman olmadım. Əksinə, gələcək təhsilimi elə bu sahə üzrə davam etdirmək istəyirəm. Magistratura təhsilim müddətində artıq işə başladım. Bu  pillədə  təhsil  aldığım  müddətdə  iki fərqli  yerdə işlədiyim də olub. İxtisasım üzrə işləməkdən başqa, artıq 2 ildən çoxdur ki, ingilis dili müəllimi kimi çalışıram. Bugünə kimi isə, 400-dən çox tələbəm olub.

 

 

-Bu  il  doktorantura  üzrə  qəbul  imtahanında  ən  yüksək  bal  toplayan  iki  nəfərdən  birisiniz. Təəssüratlarınız  maraqlıdır. Bu  imtahanlara  necə  hazırlaşdınız? Bu  nəticəni  gözləyirdinizmi? Bu  dəfəki  seçiminiz  hara  olacaq?

 

-İngilis dilini yaxşı bilirəm. Nəticədə  6 il ingilis bölməsi oxumuşam. Müəllim olduğumu da artıq qeyd etmişəm. Düzü, imtahan proqramının  nələrdən ibarət olduğu pis bilirdim. Essenin  necə formatda olduğunu ümumiyyətlə bilmirdim. Özümə güvəndiyim  üçün, hazırlaşmadım. Mənim  üçün  imtahan çox rahat oldu. Mənim tələbərə keçdiyim proqramla eyni səviyyədə  idi  deyə bilərəm. Bu dəfəki seçimim də, inşAllah, yenə Bakı Dövlət Universiteti olacaq. O Universitetə çox bağlıyam. Həm Universitet rəhbərliyinə, dekanlığımıza, müəllimlərimə. Üzərimdə danılmaz əməkləri olub. Hamısına təşəkkürümü bildirirəm. Özümə söz vermişəm ki, doktoranturaya qəbul olan il BDU-da dərs deməyə başlayacam. Amma  qarşıda  hələ 2 imtahan var. Onlara mütləq şəkildə yaxşı  hazırlaşmaq  lazımdır.

 

Həm  bakalavriat, həm də  magistratura  pilləsini  uğurla  tamamlayan və  təhsilini  doktorantura  üzrə  davam  etdirəcək  biri  olaraq  gələcək üçün  nə  kimi  planlarınız  var? Maraqlıdır,  bu  uğurlarınızın  sirri  nədir?

 

-Planlar var və böyükdürlər. Ph.d ( Fəlsəfə doktoru)  təhsilimi  almaq  istəyirəm. Gələcəkdə vəkil, daha sonra isə hakim olmaq istəyirəm. Həyatdakı  arzum bir gün Avropa İnsan Hüquqları Məhkəməsində hakim olmaqdır. Uğurlarımın sirrini çalışqanlığım və ailəmdən mənə göstərilən mənəvi dəstəkdə görürəm. Onları  uğurlarım ilə sevindirmək mənə çox xoş gəlir.

 

Son  olaraq  həm  abituriyentlərə, həm  də  əvvəlki  iki  pillə  üzrə  təhsil alan  tələbələrə  tədris  müddətində  uğur  qazanmaq  üçün  nə  kimi  tövsiyələriniz  olar?

 

-Həmişə dayanmadan öz üzərlərində işləsinlər. İmtahandan-imtahana kitab açmaqla güclü mütəxəssis olmaq olmaz. Təlimlərə, seminarlara tez-tez qoşulsunlar. İctimai aktiv olsunlar.  Allah heç kimin əziyyətini yerdə qoymaz. Hamısına uğurlar arzu edirəm.