Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-17 12:12:00
Elektrik mühəndisliyi ixtisası ilə bağlı vebinar təşkil olunacaq  

Təhsil İnstitutu ölkədə mühəndislik ixtisaslarının təbliği məqsədilə vebinarlara start verir. İlk vebinar iyunun 21-i saat 16:00-da “Elektrik mühəndisliyinin gələcək perspektivləri” mövzusunda keçiriləcək.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, vebinarda spiker qismində Fuad Soltanov çıxış edəcək. O, bakalavr təhsilini Türkiyənin Dokuz Eylül Universitetinin Elektrik və elektronika mühəndisliyi fakültəsində, magistr dərəcəsini isə İngiltərənin Bath Universitetində alıb. Neft-qaz sənayesində dəniz qurğuları və quru qurğularındakı elektrik sistemləri və avadanlıqları üzrə mühəndis elektrik kimi 11 il, əməliyyat risklərinin auditoru vəzifəsində isə 4 il təcrübəsi var.

 

Vebinarın keçirilməsində əsas məqsəd elektrik mühəndisliyi ixtisasının perspektivlərinin müzakirəsidir. Habelə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İnha Universiteti tərəfindən ali təhsilin bakalavriat səviyyəsində elektrik mühəndisliyi ixtisası üzrə beynəlxalq ikili diplom proqramına qəbul barədə ətraflı məlumatın verilməsidir. Vebinar ikili diplom proqramı çərçivəsində elektrik mühəndisliyi ixtisasının təşviqatı üçün nəzərdə tutulur.

 

Azərbaycan dilində təşkil olunacaq tədbirdə iştirak etmək istəyənlər iyunun 19-dək qeydiyyatdan keçməlidirlər.