https://www.zirve.edu.az/ #
2021-05-07 14:29:00
BŞTİ məktəbliləri ilə Türkiyə məktəbliləri arasında onlayn konfrans keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri ilə Türkiyə məktəbləri arasında onlayn konfrans keçirilib.

 

AzEdu.az xəbər verir ki, konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Eskişehir Təhsil İdarəsinin müdiri Hakan Cirit, Çamlıca Kız Anadolu İmam Hatip Liseyinin müdiri Muammer Demirkan, Uluslararası Cevat Ülger İmam Hatip Liseyinin müdiri Ahmet Acı, Eskişehir Azərbaycanlılar dərnəyinin müdiri Cavid Aydın, 170 nömrəli məktəbin direktor əvəzi Ülviyyə Aslanova, 271 nömrəli məktəbin direktoru Fuad Mirzəyev, müəllim və şagirdlər iştirak ediblər.

 

Konfransın keçirilməsində əsas məqsəd dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi ilə bağlı 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli”, Türkiyə Respublikasında 2021-ci ilin "Yunus Əmrə və Türkcə ili”  elan  edilməsi çərçivəsində birgə tədbirlərin təşkili və əməkdaşlıq imkanlarının genişləndirilməsindən ibarətdir.

 

Konfransda çıxış edən BŞTİ-nin müdiri müavini Hüseyn Əsgərov qardaş ölkə olan Türkiyə ilə təhsil sahəsində əlaqələri genişləndirməyin və qarşılıqlı əməkdaşlıq çərçivəsində ümumi təhsil müəssisələri arasında münasibətləri daha da inkişaf etdirməyin vacibliyini qeyd edib. Müdir müavini Azərbaycan xalqının milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin formalaşmasında mühüm rol oynayan dahi şəxsiyyətlər, mütəfəkkirlər yetişdirdiyini qeyd edərək, onların hər zaman öyrənilməsinin əhəmiyyətini vurğulayıb. H.Əsgərov dahi şair və mütəfəkkir Nizami Gəncəvi yaradıcılığının və türk dünyası üçün örnək olan Yunus Əmrənin həyatı və irsinin şagirdlərə bu kimi tədbirlər vasitəsilə çatdırılmasının önəmli olduğunu da deyib.

 

BŞTİ ilə əməkdaşlıqdan məmnun olduqlarını bildirən Eskişehir Təhsil İdarəsinin rəisi Hakan Cirit təhsil əlaqələrinin ölkələrarası münasibətlərin inkişafında mühüm əhəmiyyət daşıdığını qeyd edib. H.Cirit bu baxımdan ortaq dəyərlərin ciddi birləşdirici qüvvə olacağına inandığını söyləyib.

 

Konfransda çıxış edən azərbaycanlı şagirdlər Yunus Əmrənin həyat və fəaliyyəti, yaradıcılığı, əsərləri barədə araşdırmalarını, türkiyəli məktəblilər isə Nizami Gəncəvinın həyat və yaradıcılığı, əsərləri barədə araşdırmalarını təqdim ediblər. 

 

Konfrans məktəblilərin ifasında N.Gəncəvi və Y.Əmrənin əsərlərindən seçmələrin səsləndirilməsi ilə başa çatıb.