https://www.zirve.edu.az/ #
2021-04-15 13:52:25
LDU ilə Türkiyənin  Kars  Kafkas  Universiteti arasında onlayn dərslərə start verildi  

    

 

Lənkəran Dövlət Universiteti (LDU) qardaş Türkiyə Cümhuriyyətinin universitetləri ilə  təhsil əlaqələrini genişləndirir. Belə universitetlərdən biri də LDU-nun 2017-ci ildən əməkdaşlıq etdiyi Kars  Kafkas Universitetidir.Bu gün əməkdaşlıq edən  bu  universitetlər arasında ilk dəfə olaraq  onlayn dərslərə start verilib. KOVİD-19 pandemiyasına görə Microsoft Teams platforması  üzərindən   onlayn  yayımlanan  dərsə hər iki universitetdən professor-müəllim heyəti, aqrar ixtisaslarda təhsil alan tələbələr qoşulub.

 

AzEdu.az xəbər verir ki, LDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Zaur Məmmədov universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun   salamlarını tədbir iştirakçılarına  çatdırıb və belə dərslərin davamlı olmasının vacibliyini  qeyd edib. Kars Kafkas Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri,  professor Hacəli Nəcəfoğlu da çıxışında  mövcud pandemiya səbəbindən onlayn keçirilən tədbirin müsbət əhəmiyyətini yüksək qiymətləndirərək bunun tələbələrin hazırlıq səviyyələrinə , elmi və təcrübi  biliklərinin, praktik vərdişlərinin  yüksəlməsinə xidmət etdiyini bildirib.

 

Kars  Kafkas Universitetinin Baytarlıq fakültəsinin professoru İsa Özaydın  Baytarlıq 3-cü tədris ili tələbələrinə Baytarlıq Cərrahiyəsi-1 fənnindən «Yeni doğulmuş buzovlarda tendon problemi və onların cərrahiyəsi» mövzusunda  geniş məruzə edib.Slaydlarla müşayiət edilən məruzədə elmin son nailiyyətlərinə istinad edilib və  iştirakçılar tərəfindən maraqla qarşılanıb. Lənkəran Dövlət Universitetinin Tədrisin təşkili və innovasiyalar üzrə prorektoru vəzifəsini icra edən dosent Elvin Əliyev,  Aqrar və mühəndislik fakültəsinin dekanı , dosent Balayar Şahbazov, dosent Rəhim Bilalov məruzə ətrafında fikirlərini bildiriblər..

 

Sonda professor İsa Özaydın sualları cavablandırıb.

 

Qeyd edək ki, məruzə mətni və slaydlar tələbələrin elektron ünvanlarına  göndəriləcək.