Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-01 13:22:00
Coğrafiyaşünas alim: Suya qənaət sistemi işlənib hazırlanmalıdır  

Su qıtlığının və insanların suya tələbatının artmasının başlıca səbəbi dünyada gedən qlobal iqlim dəyişmələri ilə əlaqəlidir. Bu proses növbəti 10-15 il ərzində davam edəcək.

Bu barədə  açıqlamasında akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsini müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılov məlumat verib.

İndiki suvarma dövründə Kür çayının vəziyyəti haqqında danışan alim bildirib ki, Gürcüstan, Ermənistan və İran Kür və Araza tökülən çaylardan intensiv surətdə istifadə edir. Həmin ərazilərdə su anbarları tikilir, suvarılan sahələr genişləndirilir ki, bu da nəticədə Kür və Araza tökülən suların azalmasına səbəb olur.

Azərbaycanın su ehtiyatlarının ölkənin indiki tələbatını ödəyə bilmədiyini vurğulayan mütəxəssis çıxış yolunu çaylar üzərində kiçik su anbarlarının tikilməsində, daxili su ehtiyatlarından səmərəli istifadədə və suya qənaət sisteminin yenidən işlənib hazırlanmasında görür.