https://www.zirve.edu.az/
2021-03-01 15:41:00
DİM magistr imtahanlarının suallarından narazı qalanlara müraciət etdi  

Fevralın 28-də magistraturaya qəbul imtahanları keçirilib. Abituriyentlər imtahan həyəcanını unudaraq, onlara təqdim olunan kitabçadakı sualların qeyri-adiliyinə diqqət çəkiblər. Belə ki, bəzi suallarda məntiqi yaxınlıq olmayıb.

Misal üçün, suallardan birinə diqqət edək.  

- Suya tökülən yarpağın 3-də  1-i çaydakı daşlara ilişdi, bu qədəri torpağa düşdü. Sizcə təqribi neçə yarpaq tökülüb?!

Botanika ilə bağlı təqdim edilən suallarda cavablarla uyğunluq təşkil edilməyib.

AzEdu.az saytı mövzu barədə Dövlət İmtahan Mərkəzinə (DİM) müraciət edib.

Əməkdaşımız sualların necə və kimlər tərəfindən tərtib edildiyini öyrənməyə çalışıb.

DİM-in mətbuat katibi Xanlar Xanlarzadə bildirib ki, magistraturaya qəbul imtahanı bu qurum tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir:

“DİM əvvəlcədən magistratura səviyyəsinə qəbul imtahanına hazırlıqla əlaqədar ali təhsil müəssisələrinin ixtisas kafedraları, professor-müəllim heyəti və aparıcı mütəxəssisləri ilə birgə imtahanın məzmununa aid zəruri elmi-metodiki vəsaitlər – bakalavrların məntiqi təfəkkürünün, xarici dil və informatika üzrə biliklərinin yoxlanılması üzrə qəbul proqramları, yoxlama-ölçmə materialları və digər zəruri materiallar hazırlayır və bakalavrların ixtiyarına verir. “Magistr” jurnalının 1 və 2 nömrəli saylarında test tapşırığı nümunələri də təqdim olunur.

İmtahanda istifadə olunan bütün tapşırıqlar qəbul imtahanı proqramına əsasən hazırlanır və əvvəlcədən elan edilmiş test modellərinə uyğun olur. Test tapşırıqları imtahandan əvvəl və sonra ekspert qrupları tərəfindən elmi-metodiki ekspertizadan keçirilir”.

DİM-in mətbuat katibi onu da bildirib ki, imtahan nəticələri elan olunduqdan sonra da apelyasiya komissiyası fəaliyyət göstərir:

“Məsələn, bazar günü keçirilən imtahanla əlaqədar müraciətlərə baxılması üçün DİM tərəfindən 5 mart 2021-ci il tarixindən etibarən apellyasiya prosesi təşkil ediləcək. İmtahanda istifadə olunan hər hansı bir tapşırığın məzmunu ilə bağlı kimin konkret iddiası varsa, 3-4 mart tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilər”.