https://www.zirve.edu.az/
2021-02-28 14:22:00
Mars səthində nəhəng burulğanlar aşkarlandı - VİDEO

ExoMars-2016 missiyasının Trace Gas Orbiter Rusiya-Avropa kosmik aparatı Mars planetinin səthində nəhəng burulğanların şəklini çəkib.

AzEdu.az xəbər verir ki, bu şəkilləri "Roskosmos" paylaşıb.

"Nəhəng toz burulğanları Mars səthində daimi hadisədir. 2021-ci il fevralın 27-də Trace Gas Orbiter aparatındakı CaSSIS kamerası ilə 45 saniyə fərqlə çəkilmiş bu iki şəkildə iki hərəkət edən burulğan görünür", - dövlət şirkətinin saytında deyilir.

Məlumat verilir ki, parlaq ləkələr Marsın cənub yarımkürəsində, 70 kilometrik kraterin dibi ilə hərəkət edərək özlərindən sonra tünd rəngli zolaqlar buraxır. İki toz sütununun hərəkət edən kölgəsi də görünür. Burulğanlardan birinin sürəti saniyədə 4, digərinin isə saniyədə 8 metrdir.

Marsdakı burulğanların hündürlüyü 8 kilometrə çata bilər. Onlar özlərindən sonra onlarla, yüzlərlə kilometr enində izlər qoya bilir. Qırmızı planetin burulğanlarının öyrənilməsi son dərəcə vacib hesab olunur. Çünki bu, onların zaman keçdikcə planetin iqliminə necə təsir etdiyini anlamağa kömək edər.