Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-22 11:34:00
Fuad Qarayev: “Hədəflərimiz nəticələrimizin daha yaxşı olmasına nail olmaqdır”  

 

Məlum olduğu kimi, 7-12 yanvar 2021-ci il tarixlərində Qazaxıstanın Almatı şəhərində fizika, riyaziyyat və informatika fənləri üzrə onlayn XVII Beynəlxalq Jautıkov olimpiadası (IZhO) keçirilib. Azərbaycan məktəbliləri bu olimpiadada uğurla çıxış edərək 5 gümüş, 10 bürünc olmaqla, ümumilikdə 15 medal qazanıblar. Riyaziyyat fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Fidan Qarayeva, 10-cu sinif şagirdləri Amin Cəfərzadə və Toğrul Abbasov, Bakı şəhəri 220 nömrəli məktəb-liseyin 11-ci sinif şagirdi Yusif Qasımov gümüş, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Emil Xəlilov və Muhamed Nuriyev, eləcə də Bakı şəhəri 72 nömrəli məktəb-liseyin 10-cu sinif şagirdi Cavad İsmayılzadə, Bakı şəhəri 117 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Rüstəm Təhməzov bürünc medal qazanıb. Fizika fənni üzrə Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın 11-ci sinif şagirdi Murad Bəşirov gümüş, 11-ci sinif şagirdi Sirac Yəhyazadə və Təhsil Nazirliyinin tabeliyindəki Bakı Avropa liseyinin 10-cu sinif şagirdi Fəxriyyə Məmmədova, həmçinin Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin 11-ci sinif şagirdi Ayhan Süleymanzadə bürünc medala layiq görülüb. İnformatika fənni üzrə isə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Emin Orucov, Bakı şəhəri 269 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Amin Cəlilov və Gəncə şəhəri M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıb. Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telecom” şirkətinin dəstəyi ilə həyata keçirilir.

 

“Azərbaycan müəllimi” qəzetinə müsahibəsində Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev bilik müsabiqəsinin nəticələri barədə təəssüratlarını bölüşərək qarşıda duran olimpiada təqvimi barədə də məlumat verdi.

 

Komanda işinin nəticəsi

 

Yeni ildə 15  medal qazandığımız Olimpiadanın  nəticələri barədə danışan F.Qarayev ümumən Jautıkov Olimpiadasının nəticələrini müsbət qiymətləndirir.

 

- Azərbaycan məktəbliləri hər ilin yanvar ayında iştirak etdikləri Beynəlxalq Jautıkov Olimpiadasında 2021-ci ildə də bilik və bacarıqlarını ortaya qoyaraq seçildilər. Online formatda keçirilən olimpiadada bu il müxtəlif ölkələrdən iştirakçıların sayı əvvəlki illərə nisbətən kifayət qədər çox idi. Biz də 3 komanda ilə iştirak etmişdik. Riyaziyyat, fizika və informatika fənləri üzrə iştirak etdiyimiz olimpiadanın nəticələrini qənaətbəxş hesab etmək olar. Əlbəttə, bizim hədəflərimiz hər zaman nailiyyətlərin ən yaxşısını əldə etməkdir, ancaq istənilən halda qazanılan medallar görülən işlərin qənətbəxş olduğuna əsas verir. Fənlər üzrə qiymətləndirsək, riyaziyyat fənni üzrə nəticələr nisbətən yaxşıdır, eyni zamanda iştirakçıların əksəriyyətinin medal qazanması müvəffəqiyyətin ayrı-ayrı şagirdlərlə deyil, tam əksinə, komandalarla görülən ümumi işin nəticəsi kimi qiymətləndirmək olar. Artıq iştirak etdiyimiz olimpiadaların əksəriyyətində, demək olar ki, gümüş medallar qazana bilirik. Düşünürəm ki, bu şəkildə, hətta daha intensiv çalışmaqla və müəyyən ənənə formalaşdıqdan sonra növbəti olimpiadalarda qızıl medallar da əldə ediləcək.

 

“Hazırlıqlarımız ilboyu davam edir”

 

Pandemiya şəraitində şagirdlərimizin Olimpiadaya hazırlığı barədə məlumat verən F.Qarayev təsdiqləyir ki, pandemiya şəraiti istər-istəməz şagirdlərin hazırlıq prosesinə təsirsiz ötüşmür.

 

- Mövcud şəraitdən asılı olmayaraq olimpiada mərkəzinin yuxarı yaş qrupu şagirdləri ilə dərslərimiz online şəkildə davam etdirilir. Online şəkildə sözügedən  olimpiadada iştirak edəcək şagirdlərin seçimi həyata keçirildi.  Ölkəni təmsil edəcək şagirdlər müəyyən olundu. Bilirsiniz, bizim hazırlıqlarımız ilboyu davam edir. Çünki regional və dünya miqyaslı bir çox beynəlxalq olimpiadalarda şagirdlərimiz iştirak edir. Elə bu səbəbdən hazırlıq prosesi online şəkildə davam etdirilir, sınaqlar keçirilir və şagirdlərin daim hazırlıqlı olmaları təmin edilir.

 

“Məqsədimiz bütün olimpiadalara ən yaxşı şəkildə hazırlaşmaqdır”

 

Olimpiada komandamızın növbəti hədəfləri, qarşıdan gələn olimpiadalar və hazırlıqlar barədə danışan F.Qarayev qeyd edir.

 

-  Mart, aprel may, iyun və iyul aylarında, demək olar ki, hər ay ayrı-ayrı fənlər üzrə müxtəlif tipli beynəlxalq fənn olimpiadalarının keçirilməsi nəzərdə tutulub. Misal olaraq, Qafqaz Riyaziyyat Olimpiadası, Balkan Riyaziyyat Olimpiadası, Avropa Fizika Olimpiadası, Mendeleyev Kimya Olimpiadası, Avropa Qızlar Riyaziyyat Olimpiadası, Asiya Pasifik Riyaziyyat və Asiya Pasifik İnformatika olimpiadaları və s. Məqsədimiz bütün bu olimpiadalara ən yaxşı şəkildə hazırlaşmaqdır. Bizim cari il üçün olan hədəflərimiz nəticələrimizin əvvəlki ildən daha yaxşı olmasına nail olmaqdır. Olimpiadalara hazırlıq prosesinin həm təlimçilər, həm şagirdlər üçün ağır olmasına baxmayaraq, ölkəmizin ən gözəl şəkildə təmsil edilməsinə nail olmağa çalışırıq.  (Azərbaycan müəllimi)