Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-06 13:28:00
Məktəblər ancaq bu formada ənənəvi tədrisə qayıda bilər- Sarı və narıncı zonalar üzrə

Covid-19 pandemiyası ilə əlaqədar olaraq ümumi təhsil müəssisələrində tədrisin ənənəvi qaydada (tədris planlarına) uyğun təşkil edilməsi mümkün hesab edilmir. Ümumi təhsil müəssisələrinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı qərar verilərsə, bu halda yalnız uyğunlaşdırılmış tədris planlarının tətbiqi mümkündür.

 

AzEdu.az xəbər verir ki, müəssisələrin fəaliyyəti bərpa olunduğu təqdirdə ölkədə mövcud olan “sarı” və “narıncı” zonalara uyğun olaraq müvafiq tədris planlarının tətbiqi tövsiyə edilir. Bu halda fənlərin bir qismi sinif otaqlarında, digər bir qismi isə onlayn qaydada tədris edilə bilər. Sıxlığın idarə edilməsi məqsədilə sinif üzrə şagird sayı 20 nəfərdən çox olduqda sinfin yarımqruplara bölünməsi məqsədəuyğun hesab edilir.

 

Məsələn, ənənəvi siniflərdə 22 şagird olarsa, sarı zonada 11-12,  narıncı zonada isə 6-7 nəfər şagird olmaqla siniflər bölünməlidir. X-XI siniflərdə isə   şagirdlər 8 nəfərdən ibarət olaraq müxtəlif vaxtlarda dərs keçməlidir.

 

Uyğunlaşdırılmış tədris planlarına əsasən təhsilalanlara fənlərin bir qismi onlayn, digər hissəsi isə sinif otağında ənənəvi qaydada tədris ediləcək. Bu halda verilmiş ərazidə epidemioloji vəziyyətin “sarı” və ya “narıncı” olmasından asılı olaraq sinif otağında həftəlik dərs saatları müvafiq qaydada müəyyən edilmişdir:

 

Sarı zonalarda şagirdlərin həftədə 3 dəfə, narıncı zonalarda isə 2 dəfə gəlməsi nəzərdə tutulur. Bəzi hallarda məktəbdə şagird sıxlığı nəzərə alınmaqla bu say bir qədər dəyişə bilər.

 

Xüsusilə I sinif şagirdlərinin məktəbəhazırlıq proqramını tam bitirmədiyini nəzərə alaraq müvafiq məzmun dəyişiklikləri ediləcək. Bu məsələ ilə bağlı müəllimlərə müvafiq onlayn təlimlərin keçirilməsi və təlimatların verilməsi planlaşdırılır. Həm müəllimlərin, həm də şagirdlərin məktəb binasına daxil olarkən hərarətinin ölçülməsi, tibbi maskalardan istifadə, sosial məsafənin gözlənilməsi, mütəmadi olaraq dezinfeksiya işlərinin görülməsi və digər sanitar-gigiyena standartlarının aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra tətbiqi nəzərdə tutulur. Yuxarı siniflərdə məktəbdə təşkil edilən dərs saatları, əsasən, tapşırıqların həlli, əlavə izahların verilməsi, şagirdlərə dəstək göstərilməsi məqsədi daşımalıdır. Bu saatlar müddətində həmçinin qiymətləndirmənin təşkili də nəzərə alına bilər.

 

Qeyd edək ki, oktyabr ayının  2-dən 17-sinə qədər ora məktəblərdə tədris bu formada aparılıb.