Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-06 18:06:00
Sakit, dərsimiz başlandı...

Təhsili evlərə gətirən “Virtual məktəb”

 

Sakit, dərsimiz  başlandı... Bu ifadə hamıya yaxşı tanışdır. Adətən məktəbdə  deyilir və hamı sinifdə  tədris prosesinin başlanmasına ciddi əməl edərək fikrini dərsə yönəldir. Bu gün isə həmin ifadənin sadəcə ünvanı  dəyişib. Belə ki, pandemiya dövrünü yaşadığımız bir vaxtda artıq həmin cümlənin bütün evlərdə bu dəfə məhz uşaqların dilindən eşitməyə bir növ adətkar olmuşuq. Əslində uşaqlar üçün dərsin məzmunu deyil,  sadəcə dərsin keçirilmə formatı dəyişib ki, bu da koronavirus (COVID-19) infeksiyasına yoluxma sayının artması ilə bağlıdır. Bəli, uşaqlarımız yenə də “məktəbə” gedir, öz “siniflərində” doğma müəllimlərinin keçdiyi fənlər üzrə biliklər alırlar. Necə? Əlbəttə ki, “Virtual məktəb”in yaratdığı imkanlar sayəsində.

 

Mövcud vəziyyətə uyğun düzgün qərar

 

Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilərək  ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 1 dekabr 2020-ci il saat 06:00-dək uzadılıb.

 

Tətbiq olunan məhdudiyyətlərdən biri də xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkil olunmasıdır. Ölkə üzrə bütün təhsil müəssisələrində dərslərin   onlayn keçirilməsinə başlanıldı. Onlayn dərslərə keçid isə o qədər də çətin olmadı. Çünki Təhsil Nazirliyi tərəfindən  hələ ötən tədris ilində pandemiyanın təhsilimizə vuracağı zərəri minimum dərəcədə azaltmaq məqsədilə bir sıra mühüm işlər həyata  keçirildiyindən  artıq bu sahədə kifayət qədər təcrübə mövcuddur.  Martın 3-də ölkədə karantin rejiminin tətbiq edilməsi ilə bütün təhsil müəssisələri bağlananda  ölkəmizdə 1 şagirdin belə  təhsildən kənarda qalmaması Təhsil Nazirliyinin qarşısında duran ən prioritet məsələ idi. Çətinliklərin aradan qaldırılması üçün bir neçə fərqli strategiyaları nəzərdən keçirildi ki, bunlardan ilki  martın 11-də “Mədəniyyət” kanalında “Dərs vaxtı” layihəsinə start  verilməsi, çox keçmədən isə “ARB Günəş”in də bu təşəbbüsə qoşulması oldu.

 

Məsafədən tədris imkanlarını genişləndirən “Virtual məktəb”

 

Tədrisin həm onlayn, həm teledərslər vasitəsilə əlçatan olmasını təşkil etmək, eyni zamanda şagirdləri fasilə verilmədən tədris prosesinə cəlb etmək, ən əsası isə çox qısa zamanda “Virtual məktəb” layihəsini həyata keçirmək düşündüyümüz qədər də asan deyildi...  Lakin nəticə etibarı ilə “Vitual məktəb” platformasını reallaşdırmaqla onu  təhsilalanlar və təhsilverənlər üçün əlverişli və olduqca rahat, adından göründüyü kimi virtual təhsil məkanına çevrilməsinə nail olundu.

 

Cari ilin aprelin 2-dən Təhsil Nazirliyi tərəfindən  start verilən “Virtual məktəb” layihəsinin ilk vaxtlar  məqsədlərindən biri  nazirlik tərəfindən yayımlanan teledərslərin interaktivliyini təmin etmək idisə, çox qısa bir müddətdən sonra onun fəaliyyəti genişləndi.  Təhsil Nazirliyi  və “Microsoft” şirkəti arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə eyni zamanda ümumtəhsil müəssisələrinin şagirdləri üçün məsafədən tədris imkanlarını genişləndirmək məqsədini daşıyır. Onu da qeyd edək ki, şagird və müəllimlərin rahatlıqla qeydiyyatdan keçərək elmi biliklər, qiymətləndirmə və onlayn dərslərə çıxışını təmin edən “Teams” bazası üzərində qurulmuş “Virtual məktəb” layihəsi ölkənin ən iri milli onlayn platformasıdır. Hər bir şagird “Virtual məktəb” (virtual.edu.az)   portalında  qeydiyyatdan keçməklə təhsil aldığı məktəbdə onlayn sinifdə müəllimləri tərəfindən  müvafiq fənlər üzrə keçilən dərslərdə iştirak edir. 2019-2020-ci  tədris ilində istifdəyə verilən onlayn platformanın   hazırkı dövrə qədər statistikasına  görə qeydiyyatdan keçən təkcə şagirdlərin sayı 1 milyondan çoxdur, müəllimlərin sayı isə  112 minə qədərdir  və hər iki tərəf  bu layihədən aktiv istifadə edir. 

 

Bu platformada həmçinin  bütün elektron kitablar, videodərslər, əlavə təhsil proqramları və mərkəzləşdirilmiş test nümunələrini tapmaq mümkündür. Bütün bu resurslar üz-üzə görüşləri təmin etmək, tapşırıq və müzakirələri bir-birinə inteqrasiya etmək üçün vahid bir mərkəzdə cəmləşdirilib. Layihə çərçivəsində reallaşdırılan tədbirlərdən biri də həmin platforma üzərindən hər həftə şagirdlər arasında “Virtual əlaçı” müsabiqəsinin keçirilməsidir ki, artıq ötən tədris ilində 140-dan artıq şagird həmin müsabiqənin qalibi seçilib. Eyni zamanda “Virtual məktəb” hazırda ölkə daxilində əməkdaşlıq və birgə fəaliyyət üçün ən geniş onlayn platformaya çevrilib.

 

Təhlükəsiz öyrənmə mühiti

 

“Virtual məktəb” şagirdlər üçün təhlükəsiz öyrənmə mühitidir. Yalnız Azərbaycanda məktəblərdə qeydiyyatdan keçmiş şagirdlər bu platformadan istifadəyə qoşula bilərlər. Eyni yoxlama prosesi müəllimlərə də şamil olunur. Burada məktəb sinifləri vasitəsilə şagirdlər müəllimləri və sinif yoldaşları ilə ünsiyyət qurmaq imkanına malikdirlər. Sinif müəllimi öz hesabını aktivləşdirdikdən sonra bütün şagirdlər mövcud olan siniflərə avtomatik olaraq qoşulur. Bu cür texniki tənzimləmə metodları müəllim və şagirdlərin bir-birini onlayn şəkildə rahatlıqla tapması və dərslərə qaldıqları yerdən davam etmələri üçün mükəmməl şərait yaradır.

 

“Virtual məktəb” həmçinin məsafədən tədris və təhsil üçün vacib olan ən effektiv imkanları geniş formada təqdim edir. Şagird və müəllimlər ana səhifədə göstərilən təlimatlar vasitəsilə əlaqə qura bilirlər.

 

Onu da qeyd edək ki, “Virtual məktəb”də müəllim və şagirdlər hər hansı bir uyğunsuzluğun baş verməməsi üçün öz dərs cədvəllərini birlikdə planlaşdıra bilərlər. Platformanın bu xüsusiyyətinin olması məhz ucqar bölgələrdə yaşayan və dərsə qoşulmaq üçün yalnız bir elektron alətdən istifadə edən ailələr tərəfindən razılıqla qarşılanıb. Layihənin yaratdığı imkanlardan biri də Tapşırıqlar və Qiymətlər imkanının  buraya inteqrasiya edilməsidir ki, bütün bunlar da   müəllimlərə müəyyən viktorinalar təşkil etməyə və verilmiş tapşırıqların qoyulan müddət ərzində uğurla təsdiqlənməsinə şərait yaradır. 

 

“Virtal məktəb” layihəsinin üstünlüklərini  və əhəmiyyətini qeyd  edən mütəxəssislərin fikrincə  bu zəruri bilik, vərdişlərin və kompetensiyaların qazanılmasında təhsil almaq istəyənlərin əsasən müstəqil və onlar üçün uyğun vaxtda, uyğun yerdən əldə etmək imkanlarının reallaşmasıdır. Layihə müəllim-şagird arasında virtual əlaqəni və biliyə əlçatanlığı təmin edir, tərəflər arasında  qarşılıqlı məsuliyyəti artırır. Şagirdlərin dərs prosesi zamanı müzakirələrdə interaktiv iştirakını, tədrisin praktikliyini təmin edir. Digər üstünlüklərdən biri  isə  şagirdlərin tədris prosesində fikrini yayındıran telefonla oynamaq, danışmaq və s. neqativ vərdişlərin qarşısını almağa bilavasitə  yardımçı  olur. Həmçinin “Virtual məktəb”də  övladı dərs keçən valideynin də imkanı var ki,  tədris prosesinə müdaxilə etmədən uşağının dərsə hazırlığının, biliyinin  hansı səviyyədə olmasını müəyyənləşdirsin.

 

Yenilənərək Azərbaycan dilində olan “Virtual məktəb”

 

2020-2021-ci tədris ilinin ilk günündən etibarən respublika üzrə” Virtual məktəb” də  qeydiyyatdan keçmiş  təhsil müəssisələrinin direktorları artıq səhifələrində rəhbərlik etdikləri məktəbin tədris aparılan bütün siniflərini görə bilirlər. Bu, yeni tədris ilində  tətbiq olunan yeniliklərdən biridir ki, direktor bütün siniflərə onlayn nəzarət etmək imkanına malikdir.

 

Tətbiq edilən digər yeniliklərdən biri də “Virtual məktəb”in fəaliyyətinə   nəzarətin gücləndirilməsi ilə bağlı bilavasitə həmin işə məsul olan aidiyyəti qurumlar üçün nəzarət mexanizminin olmasıdır ki,  bu da davamiyyətlə əlaqədar statistikanı  diqqətdə saxlamağı, bütövlükdə tədrisin keyfiyyətinə birbaşa onlayn baxılmasını mümkün edir.

 

Sonuncu edilən yenilik isə artıq “Virtual məktəb”  istifadəçilərinə  “Microsoft Teams” platformasından Azərbaycan dilində istifadə edə bilmək imkanının yaradılmasıdır. Artıq şagird və müəllimlərimiz  ana dilində bu platformadan daha rahat istifadə edə biləcəklər. Bunun üçün isə  istifadəçilərə sadəcə  şəxsi səhifədə parametrlər bölməsində dil siyahısından Azərbaycan dilini, “Yaddaşda saxla və tətbiqi yenidən başlat” düyməsini  seçmək tələb olunur.

 

Təbii ki,  hər birimiz uzun illər alışdığımız ənənəvi əyani  təhsilə qayıtmağımızı arzu edirik. Ancaq mövcud duruma uyğun olaraq bu gün bizlər üçün distant təhsil təhsildən  kənarda qalmamaq üçün ən gözəl bir fürsətdir. Və nə yaxşı ki, ilk başdan təhsili evlərə gətirməyi düşünən “Virtual məktəb” sonunda buna nail olmağı bacarıb. Şagirdlərimiz evlərində  “onlayn siniflərdə oturaraq”  dərsin başlanmasını gözləyir...

 

Samirə KƏRİMOVA

Azərbaycan müəllimi