Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-04 14:48:00
İşğaldan azad edilmiş torpaqlarımızda elmi infrastruktur layihələrinin həyata keçirilməsi qarşıda duran mühüm vəzifələrdəndir  

 

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi şurasının növbəti onlayn iclası keçirilib.

 

Bölmədən AzEdu.az-a verilən məlumata görə, iclasda Azərbaycan xalqının haqq işi uğrunda davam edən Vətən müharibəsi dövründə elmi müəssisələrin təxirəsalınmaz vəzifələri və prioritetləri geniş müzakirə edilib.

 

Elmi şuranın sədri, akademik Rasim Əliquliyev qeyd edib ki, erməni vandalizmi nəticəsində viran qalan yaşayış məntəqələrimizin, sənaye infrastrukturunun, kommunikasiya və nəqliyyat xətlərinin, kənd təsərrüfatının, ekologiyanın, su ehtiyatlarının, flora və faunanın, eləcə də Qarabağ mədəni mühitinin – tarixi memarlıq və dini abidələrinin, folklorunun, və s. bərpa olunması istiqamətində işğaldan azad edilmiş ərazilərdə müasir texnologiyalar əsasında yeni elmi infrastruktur layihələrinin həyata keçirilməsi və burada informasiya texnologiyalarının geniş tətbiq edilməsi, həmçinin “Elektron Qarabağ” çərçivəsində müəyyən işlər görülməsi yaxın gələcək üçün bölmənin qarşısında duran mühüm vəzifələrdəndir.

 

İclasda Bakıda keçiriləcək 73-cü Beynəlxalq Astronavtika Konqresində Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin elmi müəssisələrinin iştirakı məsələsi də müzakirə edilib. Vurğulanıb ki, Azərbaycanda kosmik sənayenin inkişafının təməlini ulu öndər Heydər Əliyev qoyub. 1973-cü ildə Beynəlxalq Astronavtika Konqresinin ölkəmizdə keçirilməsi bunun bariz nümunəsidir.

 

Onlayn iclasda çıxış edən “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev xatırladıb ki, 2019-cu ildə Astronavtika Federasiyasının Vaşinqtonda keçirilmiş Baş Assambleyasında Bakı şəhəri 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanıb. Onun sözlərinə görə, 73-cü Beynəlxalq Astronavtika Konqresinə namizəd ev sahibləri arasında Nyu-Delhi, Rio-de-Janeyro kimi dünya texnologiya sənayesinin qabaqcıl şəhərləri olub.

 

Elmi şuranın üzvləri tərəfindən ölkəmizdə kosmik tədqiqatlar sahəsində beynəlxalq əməkdaşlığın perspektivləri, “Azərkosmos” ASC ilə yeni elmi əlaqələrin qurulması və s. müzakirə edilib, həmçinin xarici ölkə alimləri ilə tədqiqatlar aparılması, bu sahədə gənc kadrların hazırlanması barədə təkliflər irəli sürülüb.

 

Daha sonra akademik Rasim Əliquliyev bölmənin elmi müəssisələrinin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə dəstəyi haqqında məlumat verib.

 

Onlayn iclasın gündəliyində AMEA-nın Fizika İnstitutunun Elmi şurasının tərkibində, eləcə də İdarəetmə Sistemləri İnstitutunun strukturunda qismən dəyişiklik edilməsi, Biofizika İnstitutunda doktorantura və magistratura təhsilinin təşkil olunması məsələləri də yer alıb.

 

Bölmənin Elmi şurası AMEA-nın müxbir üzvü Aydın Kazımzadənin 70 illik yubileyinin keçirilməsi, Radiasiya Problemləri İnstitutunun əməkdaşı Səbinə Məhərrəmovanın Norveçin Oslo Universitetinə ezam edilməsi haqqında qərarlar qəbul edib.

 

Sonda bir sıra həlli vacib olan məsələlər müzakirə olunub, suallar cavablandırılıb.