https://www.zirve.edu.az/
01.03.2018 12:17
İbtidai siniflərdə tədris proqramı sadələşə bilər - Ekspertlər xəbərdar edir

Xarici dil biliyi karyeranın qurulmasında önəmli rol oynayır. Dünya təcrübəsinə nəzər salsaq, ingilis dili birinci sinifdən tədris olunmağa başlanır. Azərbaycanda bir neçə il əvvələ qədər bu təcrübədən istifadə olunmasa da, hazırda  birinci siniflərdə ingilis və rus dillərinin tədrisinə üstünlük verilir.

İbtidai sinifdən xarici dillərin tədrisi təqdirəlayiqdir. Bəs ana dilinin əlifbasını yeni öyrənməyə başlayan uşaqlarda bu, öz təsirini necə göstərir? 3 müxtəlif dili eyni vaxtda öyrənən  uşaq üçün qavrama qabiliyyəti, ailədə hansı dilin işlək  olması və hansı dildə təhsil alması kimi faktorlar əhəmiyyətlidir. Bu məsələylə bağlı pedaqoqların fikirləri müxtəlifdir. Bəzilərinin fikrincə, xarici dilin yuxarı siniflərdə tədrisi məqsədəuyğundur.

Birdən artıq xarici dilin tədrisinin doğru olmadığını düşünən ibtidai sinif müəllimi Şahid Muradlı AzEDU saytına açıqlamasında bildirib ki, günümüzün uşaqları daha çox informasiya qəbulu iqtidarındadır. O hesab edir ki, uşaqları həddindən artıq yükləmədən də öyrətmək mümkündür: “Təcrübəmdə bir neçə uşağa oyun, musiqi ilə xarici dil öyrətməyə çalışmışam. Oreqon Universitetinin dəstəyi ilə şərq ölkələrində tətbiq olunan dərslərdən də istifadə etmişəm. Nəticə əla idi, sadəcə üsullar əyləncəli olmalıdır ki, uşaqlar yorulmasın”.

unnamed (2).jpg

Psixoloji araşdırmaların nəticələrinə əsasən xarici dillərin tədrisinin uşaq psixologiyasına həm mənfi, həm də müsbət təsirləri var. 5 yaşdan aşağı uşaqlara xarici dilin öyrədilməsi ilk növbədə nitq inkişafında  kəkələmə probleminə gətirib çıxarır.

Psixoloq Arzu Məmmədova uşaqlarda dərs rejimini nəzərə almadan əlavə dilin öyrədilməsi yüklənmələrə, bu isə erkən tükənməyə  gətirib çıxarır: “Əgər uşaq öz ana dilini mükəmməl mənimsəməyibsə, 5 yaşına qədər psixoloji ləngimələr yarana bilər. Bu aradan qaldırılmadıqda 6-7 yaşdan başlayaraq, geriliyə gətirib çıxaracaq. Ləngiməni aradan qaldırmaq olur, amma gerilik uşaqları öz yaşıdlarından arxada qoyur. Yenə də uşaq psixologiyasına diqqət etmək lazımdır. Uşaq rus dilli ailədə böyüyübsə, ona ingilis dilini öyrətmək olar, amma azərbaycan dilli ailədə böyüyən azyaşlıya eyni anda rus və ingilis dilini qətiyyən  öyrətmək olmaz. Əks halda bir  çox psixoloji problemlərə gətirib çıxara bilər.

28534912_2039229732987348_303895809_n.jpg

Psixoloq  qeyd edib ki, ümumiyyətlə uşağa hər hansısa bacarığı öyrətməmişdən qabaq onun potensialını öyrənmək mütləqdir: “Potensial buna imkan vermirsə lap 10 dil də öyrətməyə cəhd etsək, mənimsəyə bilməyəcək. Yeniyetməlik dövründə bütün akademik uğurları qazanmış uşaqlar görmüşük ki, sonrakı yaşlarda artıq tükənirlər və bacarıqları getdikcə azalır. Ümumilikdə əlavə dilin öyrədilməsi üçün  ailə üzvlərinin biri və ya bir neçəsi ilə ünsiyyət qurulmalıdır, çünki dil təqliddir və ünsiyyətlə inkişaf edir.

Məsələylə bağlı təhsil eksperti Kamran Əsədov da tədris proqramı hazırlanarkən uşaqların xüsusiyyəti və qavrama qabiliyyətinin əsas götürülməsini vurğulayır. "İstər  dərsliklər, istərsə də tədris proqramları hazırlanarkən peşəkar pedaqoqlar tərəfindən yoxlanmalıdır. Dünya təhsil praktikasında belə bir norma var ki, hər bir fənn üzrə şagirdin öyrənə biləcəyi sözün miqdarı 20-dir. Bir çox ölkələrdə, məsələn, Rusiya, Gürcüstanda 6 fənn tədris olunursa, bizdə 9 fəndir. Bu o deməkdir ki, həftə ərzində hər fənnə görə şagirdin öyrənəcəyi söz ikidən artıq ola bilməz. Əks halda şagird informasiya ilə yüklənəcək. Bu da onun dərsə, fənnə olan marağını azaldacaq".  Birdən artıq xarici dilin tədrisinin doğru olmadığını düşünən ekspert bildirir ki, hər hansı sinifdə ikinci xarici dil tədris olunarsa, əvvəl monitorinq, diaqnostik, summativ yoxlamalar keçirərək şagirdlərin bilik və bacarıqlarının səviyyəsi müəyyən edilməlidir.

unnamed (1).jpg

"Şagirdlərin hamısının qavrama qabiliyyəti  eyni deyil. Bəzi istedadlı uşaqlar var ki, 3-4 yaşlarında xarici dildə söz öyrənə bilirlər. Bunu bütün şagirdlərə şamil etmək olmur.  Şagirdlərin bilik və bacarıqlarına uyğun olaraq  fənn proqramı tədris olunmalıdır" - deyə K.Əsədov bildirir. Ekspertin sözlərinə görə şagird rus dilini gündəlik danışıq səviyyəsində bildiyi halda ingilis dilinin tədrisi normal ola bilər: “Tədris  akademik səviyyədə olmamalıdır. Təəssüf ki, Azərbaycanda ibtidai siniflərin tədris proqramı olduqca ağırdır. 2018-2019  tədris ilində müəyyən proqramların sadələşəcəyi gözlənilir. Təhsil İnstitutu və bu kimi qurumlar bunun üzərində işləyirlər”. 

Əsmər Qabil