Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-03 09:43:00
Xaricdəki soydaşlarımız informasiya cəbhəsində -" Əcnəbi tələbələr həqiqəti bilib, bizim tərəfimizi tutur" 

Sentyabrın 27-dən Azərbaycan ərazisində hərbi vəziyyət elan olunub.  Ölkədə Vətən müharibəsi gedir. Azərbaycan ordusu yeni tarix yazır-əzəli dədə-baba torpaqlarımızı işğaldan azad etmək uğrunda savaşır. Bu günlərdə həm ölkə daxilində, həm də xaricdə yaşayan vətəndaşlarımız bir olub, dünyaya Azərbaycan, Qarabağ həqiqətlərini çatdırmaq üçün çalışır.

 

AzEdu.az dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin bu istiqamətdə görüb-görəcəkləri  işlərlə  maraqlanıb. Müsahibimiz Estoniyada təhsil alan aktiv azərbaycanlı Hökümə Məmmədzadədir.

 

Cəbhədə baş verənlər haqda məlumatınız var. Həmin hadisələrlə bağlı yaşadığınız ərazidə azərbaycanlılar, xüsusilə tələbələr arasında ab-hava necədir?

 

 “Azərbaycanlı olaraq xaricdə və ya ölkə daxilində olmağımıza baxmayaraq, biz itkilərimiz üçün eyni kədəri və azad olunan torpaqlarımız üçün eyni sevinci paylaşırıq. Vətəndən uzaqda olmağımız vətən sevgimizi azaltmır. Həyatını itirən soydaşlarımızı tanımamağımız kədərimizi susdurmur. Hal-hazırda Azərbaycan ərazisində olmadığımız üçün özümüzü daha təhlükəsiz və ya daha şanslı hiss etmirik. Sevgimiz də, düşüncələrimiz də, ürəyimiz də vətənimiz Azərbaycan və xalqımızladır”.

 

Azərbaycanla bağlı həqiqətləri paylaşmaq üçün hansı tədbirlərə qatılırsınız və nə kimi işlər görürsünüz?

 

“Mən özüm bakılıyam, lakin bu heç nəyi dəyişdirmir. Azərbaycanın hər bir qarış torpağı mənim doğma vətənimdir. Bakılı olmağım Qarabağ sevgimi azaltmır. Sosial media şəbəkələrində erməni təcavüzünü çatdırmaq, bu sahədə gördüyüm əsas işlərdən biridir. Sadəcə sosial media deyil, üzbəüz görüşlərdə saatlarla mövzunu müzakirə edirəm. Tallində yaşayan tələbələr isə maraqlı flaşmob edərək plakatlarda diqqəti cəlb edən yaradıcı yazılar ilə Estoniya vətəndaşlarını müəyyən səviyyədə məlumatlandırıb. Buradakı Diaspora nümayəndəliyi isə həyatını itirən soydaşlarımızın xatirəsinə anım mərasimi keçirib. Təkcə Estoniyada deyil, bir çox xarici ölkələrdə və həmçinin Azərbaycanda soydaşlarımız həm fərdi, həm qrup,  həm də təşkilati səviyyələrdə öz təşəbbüsünü göstərir”.

 

 

“Ukraynalı dostlar ən başdan öz dəstəyini göstərir”.

 

Xarici ölkələrdən olan dostlarınızın Qarabağ məsələsinə münasibəti necədir?

 

“Bir çox xarici tələbələr ilə dostluğum var. Məsələn , xristian fransız dostum danışdıqlarımdan sonra bizim tərəfimizdə olduğunu,  Azərbaycan  üçün dua edəcəyini bildirdi. Dünən Tibetdən olan tanışım öz sosial media hesabında mənim paylaşdığım Bərdə videosunu paylaşdı. Ukraynalı tanış dostlar isə ən başdan öz dəstəyini göstərir.

 

Britaniyalı bir dostum isə erməni işğalı və təcavüzünü sentyabr hadisələrindən öncə də günahlandırırdı və dəfələrlə erməni yalanları haqqında müzakirələr etmişik. Daha bir neçə xarici tələbələr tanışlarım da bizim tərəfimizi tutur. Lakin, erməni yalanlarına aldanmış və erməni terroru nəticəsində ölən insanların avtomobil qəzasında öldüyünü deyənlər də var. Bir müddət sonra onlarla müzakirə və mübarizəni dayandırıram. Çünki həqiqəti dinləmək və görmək istəməyən birinə sərf edəcəyim vaxt sadəcə olaraq zaman itkisidir”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları