Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-29 16:46:00
UNESCO rəhbərliyi Ermənistanın mülki əhaliyə və təhsil ocaqlarına qarşı törətdiyi cinayətlər barədə məlumatlandırıldı  

Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəsinin səlahiyyətlərini icra edən Ayaz Qocayev təşkilatın Baş direktorunun Təhsil üzrə müavini Stefania Ciannini ilə görüşüb.

AzEdu.az xəbər verir ki, görüşdə A. Qocayev qarşı tərəfi Ermənistanın Azərbaycana qarşı törətdiyi son hərbi təxribat haqqında məlumatlandırıb.

 

Bildirib ki, Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinin və infrastrukturlarının hədəfə alınması nəticəsində bu günə qədər, uşaq və qadınlar da daxil olmaqla çox sayda dinc əhali həyatını itirib, bir çoxları ağır yaralanıb, xeyli sayda mülki infrastruktura, o cümlədən məktəblərə, bağçalara ciddi ziyan dəyib.

 

A.Qocayev qeyd edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən münaqişə zonasından uzaq ərazilərimizin artilleriya atəşinə tutulması nəticəsində, bu ərazilərdə fəaliyyət göstərən məktəb və bağçalara ciddi ziyan dəyib, 39 məktəb yararsız hala düşüb, 1200 məktəbdə təhsil prosesi dayandırılıb və minlərlə şagird təhsildən uzaq qalıb. Ermənistanın Azərbaycanın mülki infrastrukturunu raket atəşinə tutması beynəlxalq humanitar hüquqa, xüsusən də 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə Protokollarına ziddir.

 

Diqqətə çatdırılıb ki, Ermənistan tərəfindən hərbi əməliyyatlarda uşaqlardan istifadə etməklə, mülki əhalinin qorunmasına dair IV Cenevrə Konvensiyası və “Uşaqlar xüsusi hörmət obyektinə çevrilməli və hər cür ədəbsiz hücumdan qorunmalıdır” deyən I Əlavə Protokolun uşaqların müdafiə olunması zəmanətini pozub. Ermənistan bu cür hərəkətləri ilə BMT-nin Uşaq Hüquqları Konvensiyasında, uşaqların silahlı qarşıdurmaya cəlb olunmasına dair Fakültativ Protokolda təsbit olunmuş uşaq hüquqlarını da kobud şəkildə pozaraq, uşaqları döyüşçü kimi istifadə edir, onları əsas hüquqlarından, xüsusən yaşamaq və qorunma hüququndan məhrum etdiyi vurğulanıb.

 

Qeyd edilib ki, uşaqların döyüşçülər kimi hərbi hədəf ola biləcəyini bilərək Ermənistan bu yolla qəsdən gələcəkdə Azərbaycana qarşı ittihamlar səsləndirmək niyyətindədir.

 

A.Qocayev Ermənistanın uşaqları və məktəbləri hədəf almasının, uşaqları müharibəyə cəlb etməsinin beynəlxalq cinayət olduğunu bildirərərək, bu hərəkətlərin beynəlxalq təşkilatlar, həmçinin beynəlxalq ictimaiyyət tərəfindən pislənməsinin vacib olduğunu diqqətə çatdırıb.

 

UNESCO rəsmisinə Ermənistanın ordusunun Bərdə şəhərini atəşə tutması və nəticədə 20-dən çox mülki şəxsin öldüyü, 70-dən çoxunun isə yaralandığı barədə məlumat verilərək, hadisəyə dair müvafiq fotolar təqdim edilib.

 

S.Ciannini təqdim olunan məlumatlara görə təşəkkürünü bildirərək, şagirdlərin həlak olmasından təəssüfünü ifadə edib, UNESCO tərəfindən hadisələrin yaxından izlənildiyini və öz mandatları çərçivəsində şagirdləri və tələbələri, ümumilikdə təhsili müdafiə etməyə hazır olduqlarını diqqətə çatdırıb.

 

Azərbaycanın UNESCO-nun sadiq tərəfdaşı olduğunu vurğulayaraq, gələcəkdə də ölkəmizlə yaxından əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirib.