https://www.zirve.edu.az/
26.10.2020 10:39
BMU yeni teledərslər yayımladı  

Bakı Mühəndislik Universitetində (BMU) təşkil olunan “Teledərs” layihəsi davam edir. BMU-nun saytında (www.beu.edu.az) yaradılan “Teledərs” bölməsinə hər həftə olduğu kimi, bu həftə də yeni dərslər əlavə edilib. İngilis dilində təqdim olunan növbəti dərslərə Kimya mühəndisliyi və Mexanika mühəndisliyi ixtisasları üzrə iki laboratoriya, İqtisadiyyat ixtisası üzrə isə bir nəzəri dərs daxildir.

 

BMU-dan AzEdu.az-a verilən məlumata görə, “Teledərs” layihəsinin həyata keçirilməsində əsas məqsəd mövcud pandemiya şəraitində tədrisə marağın azalmamasını təmin etməkdir. Bu layihə çərçivəsində təqdim olunan dərslər distant təhsil zamanı tədrisi çətinlik yaradan xüsusi ixtisasları, eləcə də laboratoriya şəraitində öyrədilməsi zəruri olan fənnləri əhatə edir.

 

Teledərslər vasitəsilə tələbələr praktik-təcrübi laboratoriya işlərini daha rahat və istənilən zaman izləmək, eyni zamanda dil bacarıqlarını təkmilləşdirmək imkanı qazanırlar. Bununla yanaşı, təledərslərdən təkcə BMU-da ingilis dilində tədris alan tələbələr deyil, həmçinin eyni ixtisaslar üzrə təhsil alan digər universitet tələbələri də yararlana bilərlər.