https://www.zirve.edu.az/
19.10.2020 13:16
"Vəfat edən yaşlı  müəllimlərimiz  heyf ki, bu günləri görə bilmədilər”- Füzuli təhsilinin rəhbəri  

 

 

“Füzuli şəhərində aparılan uğurlu hərbi əməliyyatlar bizi daha həvəslə işləməyə sövq edir. İşğaldan öncə bütün rayon ərazisində fəaliyyət göstərən məktəblərin siyahısını hazırlamışıq. Füzulidə ümumilikdə 86 məktəb, 54 bağça fəaliyyət göstərib. Bu bağçalardan 25-i rayon təhsil şöbəsinin balansında olub”.

 

 

Bu fikirləri AzEdu.az-a açıqlamasında Füzuli RTŞ-nin rəhbəri Ramella Məmmədova səsləndirib. O, Füzuli rayonunun azad edilən bölgələrində fəaliyyət göstərmələrini səbirsizliklə gözlədiyini bildirdi:

 

“İşğaldan azad edilən Füzuli şəhərində və digər kəndlərdə infrastruktur bərpa edildikdən sonra sözsüz ki, hər birimiz qürurla orada işə başlayacağıq. Bunu səbirsizliklə gözləyirik. Hər bir Füzuli sakini tezliklə o torpaqlara getməyi arzu edir. Çox təəssüf ki, yaşlı müəllimlərimizin əksəriyyəti həyatdan köçdü və bu günləri görə bilmədi, lakin onların övladları həmin torpaqlarda yaşayacaq, işləyəcək”.

 

RTŞ rəhbəri öz valideynlərinin də Füzuli təhsili üçün çalışdığını vurğuladı:

 

“Mənim valideynlərim də müəllim olub. Atam 50 il Füzuli təhsilinə xidmət edib, 25 il məktəb direktoru olub. Anam fizika-riyaziyyat müəllimi işləyib. Onlar da torpaqlarımızın azad olunması xəbərini gözləyərək vəfat etdilər. Biz valideynlərimizin nakam bölgələrimizlə bağlı  qalan arzularını reallaşdırmalıyıq”.

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları