Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-21 15:07:00
Dünya ölkələrində məktəblər bu şəkildə açılacaq– BURADAN ÖYRƏNİN

Bütün dünyanı hazırda iki ən vacib sual maraqlandırır: “ Pandemiya  nə vaxt bitəcək?” və “ Təhsil müəssisələri necə açılacaq?”.  

 

 

Artıq hər ölkə yoluxma sayına və tədbirlər paketinə uyğun şəkildə məktəblərin açılış planını elan etməyə başlayıb.

 

 

AzEdu.az dünya ölkələri üzrə təhsil müəssisələrinin açılış planını və alınan tədbirləri təqdim edir:

 

 

ABŞ: TRUMP TƏLİMAT VERDİ

 

 

Yoluxma sayının yüksək olduğu ABŞ-da Prezident Donald Trump əyalətlərin idarə rəhbərlərinə məktəblərin açılması ilə bağlı təlimat verib. Bəzi əyalətlər isə buna hazır olmadıqlarını açıqlayıblar. Sentyabr ayında məktəbləri açmağa qərar verən Nyu York ştatında şagirdlər həftədə 1-3-cü günlər arası  məktəbə gedəcək, digər günlər isə distant təhsil alacaqlar. Siniflərdə ən çox 12 nəfər olacaq.

 

 

İNGİLTƏRƏ:  QRUP HALINDA TƏHSİL

 

 

Övladlarını məktəbə göndərməyən ailələrə cərimələrin tətbiq olunacağını elan edən İngiltərədə  şagirdlər siniflərdə qup şəklində təhsil alacaq, ayrı-ayrı yemək və nəqliyyatdan faydalanacaqlar. Məktəbə giriş və çıxış saatları da fərqli olacaq.

 

 

İTALİYA: TƏK ADAMLIQ  PARTALAR

 

 

Sentyabrın 14-də məktəbləri açmağı planlaşdıran İtaliya hökuməti, siniflərdə tək adamlıq partlardan istifadə edilməsi ilə bağlı tender hazırladı. Siniflərin hansı şəkildə təşkil edilməsi isə məktəb rəhbərliyinin ixtiyarına verildi. Tədrisin təşkili ilə bağlı yer çatışmazlığı olacağı təqdirdə məktəblərə əlavə yer kirayə götürmələri üçün vəsait təklif ediləcəyi də açıqlanıb.

 

 

FRANSA: HİBRİD SİSTEMİ

 

 

Fransada məktəblər açıldı. Ölkə daxilində təhsil tədricən uşaq bağçalarında, ibtidai məktəblərdə və orta məktəblərdə mərhələli şəkildə fəaliyyətə başladı. Bəzi dərslər üz-üzə, bəziləri isə distant formada təşkil edilir. Liseylərin isə sentyabrda açılması nəzərdə tutulur.

 

 

İSPANİYA: 20 NƏFƏRLİK SİNİFLƏR

 

 

İspaniyada məktəblərin sentyabr ayında açılması, sinif otaqlarında şagirdlərin sayının 20-dən çox olmaması planlaşdırılır. Uşaqlara maska taxmaq tövsiyə ediləcək və sinifdə 1,5 metr sosial məsafə saxlanılacaq.

 

 

BRAZİLYA: MƏSAFƏ QAYDASI

 

 

Braziliyada uşaq bağçaları açıldı. İbtidai, orta və lisey şagirdlərinin də təhsilə avqustun sonunda başlamaları nəzərdə tutulub. Şagirdlər sinifdə və oyun meydançalarında kiçik qruplar şəklində olacaqlar. Bir-birilərinə qarşı məsafə saxlamaları ilə bağlı xəbərdarlıq ediləcək.

 

 

İSRAİL: PƏNCƏRƏLƏR  DAİM AÇIQ OLMALIDIR

 

 

Məktəblərin sentyabrın 1-də açılması planlaşdırılan İsraildə maska taxmaq dördüncü və yuxarı sinif şagirdləri üçün məcburi hala gətirildi. Pəncərələr məktəblərdə hər zaman açıq saxlanılmalı və əllər tez-tez yuyulmalıdır.

 

 

ALMANiYA:  ƏYANİ TƏDRİSƏ BAŞLADI

 

 

Almaniyada məktəbə qayıdan uşaqlar üz-üzə təhsilə başladılar. Şagirdlərə məktəblərdə sosial məsafəyə diqqət yetirmələri üçün qayda və işarələrlə xəbərdarlıq edilir. Şagirdlər və müəllimlərin dəhlizlərdə maska taxması məcburi olsa da, sinif və ya oyun meydançalarında bu məcburi deyil.

 

 

Qonşu Türkiyənin təhsil müəssislərində isə hələ ki, 31 avqust-21 sentyabr arası  tədrisin məsafədən təşkili nəzərdə tutulub.

 

 

Qeyd edək ki, Azərbaycanda növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin hansı qaydada təşkil ediləcəyi hələ ki, elan edilməyib.