https://www.zirve.edu.az/
13.08.2020 16:55
Yeni tədris ili 1 milyon 969 mindən çox təhsilalanı əhatə edəcək

"Yeni tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı qərar 4,642 təhsil müəssisəsi, 1 969 673 təhsilalan və 163,218 təhsilverəni əhatə edəcək”.

AzEdu.az-nın məlumatına görə, bu barədə Təhsil İnstitutunun COVID-19 şəraitində yeni tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin təşkil ilə bağlı təklif və tövsiyələri əks etdirən elmi araşdırma nəticələrində yer alıb.

Bildirilib ki, eyni zamanda, 1 600 000 təhsilalan və 141 749 nəfər təhsilverən olmaqla, ümumi təhsil pilləsi say etibarilə ən çox təsirə məruz qalan əhali qrupunu əhatə edir. Bu səbəbdən, ümumi təhsil məktəblərində uşaqların siniflərdə sıxlığı məsələsi xüsusi olaraq nəzərə alınmalıdır.

Qeyd olunub ki, şagird sayı 200-dən çox olan məktəblərin payı 47% və ya 2,104 məktəb təşkil edir: “Şagird sayı 200-dən az olan məktəb sayı ilə 53% və ya 2,335 məktəb təşkil edir. Bununla yanaşı, ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin 87%-i və ya 1,392,000 şagird 200-dən çox şagirdi olan məktəblərdə təhsil alır. Şagirdlərin cəmi 13%-i və ya 208 000 şagird 200-dən az şagird olan məktəblərdə oxuyur”.

Təklifdə bildirilib ki, şagirdlərin say aralığının məktəblərin sayına nisbəti də müxtəlif mərhələlərə keçid və ya açılış barədə qərar qəbul edilərkən nəzərə alınmalı amillərdən biridir: “Ölkə ərazisində fəaliyyət göstərən 77 məktəbdə şagird sayı 2 000 və daha artıq, 105 məktəbdə isə 1501-2 000 şagird təşkil edir. Bu isə o deməkdir ki, faktiki şagird sayının layihə tutumuna nisbəti toplam 182 məktəbdə mövcud məktəb tutumu normasının xeyli üzərindədir. Bu tip məktəblərdə xüsusi tədbirlər, iki və ya üç növbəli təhsilin verilməsi planlaşdırıla bilər”.