Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-19 12:29:00
Təhsil sahəsində tətbiq olunan peşəkar və şəffaf yanaşma uğurlu nəticələrini verir

Bütün uğurlar kadr potensialından, yüksək səviyyəli pedaqoji və idarəçi heyətdən asılıdır. Son illər ərzində təhsil sahəsində - istər müəllimlərin, istərsə də təhsil idarəçilərinin seçimində tətbiq olunan peşəkar və şəffaf yanaşma uğurlu nəticələrini verir. Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 2019-2020-ci dərs ili üçün 1442 vakansiya təqdim olunub.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində BŞTİ-nin müdiri Rəşad Tağıyev söyləyib. O bildirib ki, müsabiqə və müsahibələr nəticəsində 993 nəfər daimi əsaslarla işə qəbul edilib. Onlardan 414 nəfər müəllimlərin işə qəbulu müsabiqəsinin müddətsiz müqavilə ilə işə qəbul mərhələsi nəticəsində, 319 nəfər vakant yer üzrə müddətli müqavilə əsasında çalışan müəllimlərin daimiləşmə prosesi nəticəsində, 260 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.

 

2019-2020-ci tədris ilində müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində 1273 namizəd müddətli müqavilə ilə müxtəlif fənlər üzrə müəllim vəzifəsində işlə təmin olunub. İdarənin tabeliyindəki təhsil müəssisələrində çalışmanın yaş həddinə çatmış 1004 nəfər ilə dərs ilinin sonunadək müddətli müqavilə bağlanılıb. 2019-2020-ci tədris ilində təşkil edilən müsabiqələr vasitəsilə BŞTİ-nin tabeliyindəki ümumtəhsil müəssisələrində 54 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, 29 tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), 19 təsərrüfat işləri üzrə direktor müavini, 27 psixoloq, 29 kitabxanaçı, 12 gənclərin çağırışaqədərki hərbi hazırlığı üzrə rəhbər, 19 uşaq birliyi təşkilatı rəhbəri, 175 nəfər laborant vəzifələrinə işə qəbul olunub. Qeyd edilən vəzifələr üzrə ümumilikdə, 364 nəfərin işə qəbulu həyata keçirilib. Həmçinin 2019-2020-ci tədris ili ərzində qurumun tabeliyindəki təhsil müəssisələrinə 18 nəfər direktor vəzifəsinə işə qəbul edilib. On iki direktorun iş yeri dəyişdirilib, 111 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Çalışmanın yaş həddinə çatmış 42 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb. Dörd direktorla bağlanmış əmək müqaviləsi ləğv edilib, 2 xüsusi təhsil məktəbinin fəaliyyəti dayandırılıb. BŞTİ-nin tabeliyindəki ümumtəhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 2019-2020-ci tədris ili üçün 688 manat təşkil edir.

 

R.Tağıyev qeyd edib ki, tədris uğurları ilə yanaşı, şagirdlərin layiqli vətəndaş kimi formalaşması məsələsi də diqqət mərkəzində saxlanılır. Paytaxtın ümumtəhsil müəssisələrində ölkə Prezidentinin müvafiq sərəncamlarına əsasən, yubileyləri qeyd edilən ziyalıların və tarixi şəxsiyyətlərin həyat və fəaliyyətinə həsr olunmuş tədbirlər keçirilib.

 

BŞTİ-nin təşkilatçılığı ilə paytaxtdakı ümumtəhsil məktəblərində “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər keçirilib. Həmçinin qurumun tabeliyindəki təhsil müəssisələrində “Nəsimi ili” çərçivəsində silsilə tədbirlər təşkil edilib. Ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarının xatirəsini yad etmək, böyüməkdə olan nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq məqsədilə təhsil müəssisələrində müvafiq tarixi günlərə həsr olunmuş silsilə tədbirlər keçirilib. Hərbi vətənpərvərlik oyunları, yarışlar da ənənəvi xarakter daşıyır.