https://www.zirve.edu.az/
05.05.2020 15:32
İngilis tələbələr hökumətdən maliyyə yardımı ala bilmədi  
Çap et

Koronavirus dünyanın bir sıra ölkələrində universitet tələbələrini ağır duruma salıb. Ancaq heç də bütün ölkələrdə tələbələrin maliyyə vəziyyətinin yüngülləşdirilməsi istiqamətində ciddi səyləri görmək mümkün deyil. 

 

 AzEdu.az  xəbər verir ki, Böyük Britaniya səlahiyyətliləri universitetlərin bağlanmasına və ölkədə məsafə rejiminə keçilməsinə baxmayaraq, tələbələrin bu payız 9250 funt-sterlinq həcmində tam təhsil haqqı ödəməli olacağını bəyan ediblər. Bu barədə "The Times" informasiya portalı məlumat yayıb.

 

Hökumət nazirliklərin koronavirus pandemiyası ilə mübarizə aparmasına kömək etmək üçün maliyyə yardımı xahişini rədd edib. Universitetlər gələn tədris ilində əcnəbi tələbə sayının aşağı düşməsini kompensasiya etmək üçün tədqiqatların maliyyələşdirilməsi üçün hökumətdən əlavə 2,2 milyard funt-sterlinq tələb ediblər.

 

Bir neçə həftəlik mübahisələrdən sonra hökumət bunun əvəzinə universitetlərə tədqiqat məqsədləri üçün əlavə 100 milyon funt-sterlinq veriləcəyini bildirib. İngilis tələbələrinin təhsil haqqından, təxminən 2,6 milyard funt -sterlinq universitetlərə payızda əvvəlcədən ödəniləcək.

 

Böyük Britaniya parlamentinin üzvü Mişel Donelan bildirib ki, tələbələr kampusda mühazirələrə qatıla, kitabxanadan yararlana və ya tədbirlərdə iştirak edə bilməmələrinə baxmayaraq, təhsilin tam dəyərini ödəməlidirlər.

 

"Son bir neçə ay ərzində biz artıq gördük ki, kurslar onlayn keçirilir, özü də gözəl, keyfiyyətli. Təhsil yüksək keyfiyyətli olarsa, tələbələrin kompensasiya əldə etmək hüququna malik olacağına inanmırıq", - deyə Böyük Britaniya parlamentinin üzvü Mişel Donelan bildirib.(Azərbaycan müəllimi)