Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-23 12:49:00
Şura sədri: “Göstərilən bütün yardımlar dövlətin adından təqdim olunmalıdır”

Son günlər iş yerlərinin bağlanması ən çox  günəmuzdlu işləyən  şəxslərə, ailələrə  təsir göstərdi.

 

Dövlət belə ailələrə qayğı məqsədilə bir sıra vacib addımlar atdı. Aztəminatlı ailələr üçün nəzərdə tutulan 190 manat birdəfəlik  ödəmə,  tələbələrin təhsil haqqının ödənilməsi və s. belə əhəmiyyətli addımlardandır.

 

Həmçinin ayrı-ayrı şəxslərin təşkilatçılığı ilə aztəminatlı ailələrin övladları olan tələbələrə, şagirdlərə köməklik məqsədilə sosial şəbəkələrdə ianələr toplanıb ünvanlara çatdırılır.

 

İşin dürüstlüyünü sübut etmək məqsədilə göstərilən yardımlar sosial şəbəkələrdə müxtəlif fotolarla paylaşılır.

 

“Gərək elə kömək edilə ki, “sağ əl verdiyini sol əl bilməyə””

 

Məsələ ilə bağlı AzEdu.az-a danışan Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov edilən yardımların gizli olmasının əhəmiyyətini vurğulayıb.

 

O, göstərilən bütün yardımların dövlətin adından təqdim edilməsinin lazım olduğunu bildirib.

                                             

“Bizim dində kasıb insanlara yardım edilməsi var. Amma gərək elə kömək edilə ki, “sağ əl verdiyini sol əl bilməyə” , yəni heç kim kimə kömək olunduğunu bilməməlidir. Ona görə  yox ki, kömək edən şəxs təbliğ olunmamalıdır, sadəcə alan adamın “zəif” tərəfinin olduğu gizli saxlanılmalıdır. 

 

İqtisadi cəhətdən ehtiyacı olan ailələrin olması bizə qürur verən bir şey deyil.  Bu kömək gizlin şəkildə ayrı-ayrı şəxslərin, tutalım, Əlinin, Həsənin, filankəsin yox, dövlətin adından təqdim olunmalıdır.  Çünki dövlətin adında təqdim olunanda dövlət qüdrətlənər, amma şəxsin adından təqdim olunanda şəxsə dua edərlər.  Hansı yaxşıdır, dövlətə minnətdar olmağımız, yoxsa hansısa müğənniyə, milyonerə və s. duaçı olmağımız? “.

 

“Yardımı dövlətin adından etmək lazımdır ki, bütün dualar dövlətin ünvanına getsin”

 

O, insanları bu məsələyə həssas yanaşmağa çağırıb.

 

“Bu məsələdə də ideologiya səhv gedir. Ona görə mən istərdim ki, bu məsələdə insanlarımız diqqətli olsun.  Əlində mikrofon, “karopka”  ailələrə gedib “sənə gətirmişəm, nə deyirsən? “ deyirlər. Bu kömək olmadı ki...

 

Belə etməklə sadəcə həmin ailələrin çarəsiz, ümidsiz olduğunu televiziya vasitəsilə bütün aləmə sübut edirlər. Amma onu gizli etsələr belə vəziyyət yaranmaz. Həm də onu dövlətin adından etmək lazımdır ki, bütün dualar dövlətin ünvanına getsin”.

 

“Mən, sən qüdrətli olsaq, yaxud 10-15  nəfər oliqarx olmaqla, Azərbaycanı bəlalardan qurtara bilmərik. Amma bizim qüdrətli dövlətimiz olsa, Azərbaycanı bütün bəlalardan qurtara bilərik”-deyə Şura sədri Ş. Əsgərov  fikirlərinə əlavə edib.