https://www.zirve.edu.az/
19.04.2020 12:57
Tozsoran modeli hazırlayan I sinif şagirdi yeni hər kəsi təəccübləndirəcək-Anası danışdı

 

 

 

“Məhəmməd müxtəlif texniki avadanlıqlar,  insanların işini asanlaşdıran robotlar hazırlamaq eşqi ilə yaşayır”.

 

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında yeni formada tozsoran modeli hazırlayan 161 nömrəli tam orta məktəbin I sinif şagirdi Məhəmməd Vəlilinin anası Ülviyyə Əliyeva deyib.

 

 

 

O, oğlunun yeni ixtiralarından  söz açıb:

 

 

 

“Məhəmmədin texnologiyaya marağı çox böyükdür. Həmişə deyirdi ki, sənə ev işlərində kömək üçün robot düzəldəcəm. Evdə qaldığı bu müddətdə,  əvvəlcə tozsorandan başladı. Sırf ev əşyası olaraq anasına kömək etsin deyə, tozsoran fikri ağlına gəldi. Bu ideyanı  təkmilləşdirərək daha güclü, özü hərəkət edə bilən tozsoran düzəltmək fikrindədir”.

 

 

 

Anası söyləyir ki, Məhəmməd müxtəlif texniki avadanlıqlar,  insanların işini asanlaşdıran robotlar hazırlamaq eşqi ilə yaşayır.

 

 

 

“Hazırda vertolyot düzəldir. Onun uçması  üçün müxtəlif sınaqlar edir. Növbəti dəfə isə maqnit vasitəsilə elektrik enerjisi əldə etməyə çalışacaq. Hələ ki, onların maketlərini hazırlayıb və işə salmaq mərhələsindədir. Məsələn, cizgi qəhrəmani Wall-E-nin, müxtəlif maşınların maketləri hazırlayıb. Hərəkət etdirməsi üçün bəzi avadanlıqlar çatışmır ki, yaxında onları da əldə edecək”.

 

 

 

Ülviyyə Əliyrva qeyd edir ki, bu işdə atası ona dəstək olur:

 

 

 

“Riyaziyyat  müəllimi olan atası Məhəmmədə  yol göstərir,  avadanlıqların tapılmasında köməklik edir. Sinif müəllimi Nilufər Mədətova həmişə ona motivasiya verib həvəsləndirir. O, Məhəmmədi gələcəyin robot mühəndisi kimi görür. Sinif yoldaşları da Məhəmmədə stimul verir. O, hər  dəfə onlarla öz ideyalarını paylaşıb məsləhət alır”.

 

 

 

Qeyd edək ki,  Məhəmməd valideyninin dəstəyi ilə düzəltdiyi qurğu təmizləmə funksiyasını icra edir.

 

 

 

Karton qəfəs üzərində yığılan elektrik cihazı kiçik həcmli təmizləmə işlərində səmərəli ola bilər.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları