https://www.zirve.edu.az/
13.04.2020 13:11
 İmtahanların evdən idarə olunan versiyada keçirilməsi təklif olunur -DİM

Koronavirus pandemiyası (COVID-19) ilə əlaqədar dünyanın bir çox yerində, eləcə də Azərbaycanda yerli və beynəlxalq imtahanların keçirilməsi müəyyən dövr üçün təxirə salınıb.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən xəbərə görə, bu müddət ərzində imtahan verən şəxslərin yaranmış vəziyyətdən mümkün qədər az təsirlənməsi və imtahan nəticələrini vaxtında əldə etməsini təmin etmək məqsədilə ETS (Educational Testing Service - Təhsildə Qiymətləndirmə Xidməti) yerli imtahan mərkəzləri ilə sıx əməkdaşlıq edərək, kompüter əsaslı TOEFL iBT ® və GRE ® imtahanlarının evdən idarə olunan versiyalarını təklif edir.

 

Yeni formatda imtahanların təşkili Çin və İran istisna olmaqla, standart TOEFL iBT ® və GRE ® testlərinin keçirildiyi bütün ölkələrdə (o cümlədən Azərbaycanda) mümkündür. İmtahanların yeni versiyası iştirakçılar tərəfindən maraqla qarşılanıb. Aprel ayının ilk günlərindən başlayan qeydiyyat prosesindən artıq 7000 nəfər keçib, 500 nəfər isə qeyd olunan imtahanı verib. İmtahanlar barədə ilkin rəy müsbətdir. Hazırda namizədlərin istədikləri vaxt qeydiyyatdan keçmək və bir neçə gün sonra imtahan vermələri üçün imkan yaradılıb.

 

Qeyd etmək lazımdır ki, TOEFL iBT ® və GRE ® imtahanlarının onlayn qaydada ev şəraitində idarə olunması onların məzmunu, keyfiyyəti və təhlükəsizlik prinsiplərində heç bir narahatlıq yaratmayıb. İmtahanlarda real vaxt ərzində həm insan tərəfindən monitorinq, həm də süni intellekt texnologiyası vasitəsilə ən çətin aşkarlanan hərəkətləri görmək və lazımi addımları atmaq üçün yüksək səviyyəli təhlükəsizlik tədbirləri tətbiq edilir.

 

Onlayn qaydada idarə olunan TOEFL iBT ® və GRE ® imtahanları barədə müxtəlif qurumları, imtahan mərkəzlərini məlumatlandırmaq və yaranan sualları cavablandırmaq məqsədilə ETS tərəfindən vebinarlar da təşkil edilib. Bu vebinarlarda DİM-in bir neçə əməkdaşı da iştirak edib və müzakirələrə qoşulub. Vebinarlarda onlayn təşkil olunan TOEFL iBT ® və GRE ® imtahanlarının keyfiyyəti, onların texniki təminatı, imtahan mühiti və təhlükəsizlik kimi məsələlər nəzərdən keçirilib.

 

TOEFL iBT ® və GRE ® imtahanlarının xüsusi versiyası üzrə qeydiyyatdan keçmək istəyənlər ETS-in saytında müvafiq olaraq www.ets.org/mytoefl və ya www.ets.org/mygre keçidinə daxil olub şəxsi hesab yaratmalıdırlar. Daha sonra şəxsi hesaba daxil olub müvafiq test növünü seçərək, imtahana qeydiyyat rüsumunu ödəmək mümkün olacaq. Bundan sonra isə namizədə elektron poçt vasitəsilə ProctorU tərəfindən imtahanın tarixinin və vaxtının seçilməsi üçün müvafiq təlimatlar göndərilir.

 

Xatırladaq ki, DİM ABŞ-ın ETS təşkilatının dəstəyi ilə 2016-cı ilin dekabrından kompüter əsaslı TOEFL iBT ®, bu ilin martından isə GRE ® imtahanını təşkil etməyə başlayıb.

 

Koronavirus infeksiyasının Azərbaycan ərazisində yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərə əsasən, aprel ayında Dövlət İmtahan Mərkəzində ənənəvi TOEFL iBT ® və GRE ® imtahanlarının keçirilməsi nəzərdə tutulmayıb.