https://www.zirve.edu.az/
04.04.2020 12:53
“Bakının mərkəzindən kənarda olan rayonlarda belə, internet problemi var” - Distant təhsilə əngəl
Çap et

Ölkə ərazisində yayılan koronavirus pandemiyası ilə əlaqədar olaraq Təhsil Nazirliyinin təşəbbüsü ilə artıq bir müddətdir ki, "Mədəniyyət" televiziyasında şagirdlər üçün teledərslər yayımlanır. Gündəlik fənləri tədris edən bu dərslər məktəblilərin mövcud proqramdan geri qalmaması üçün nəzərdə tutulub.

Amma eyni zamanda istifadə olunan bu üsulun müəyyən çatışmazlıqları insanlarda narahatlıq yaradır və təklif olunur ki, distant təhsilə keçid olunsun.

Bəs maraqlıdır, hazırkı zamanda distant təhsilə keçid nə dərəcədə uğurlu ola bilər?

Təhsil eksperti deyir ki, hər bir müəllimin evdən tələbələrlə əlaqə yartmaq üçün lazımi şəraiti olmalıdır.

 

“Hər bir müəllim evdən tələbələrlə məsafədən əlaqə qurmaq üçün lazımi şəraiti qurmalıdır. Yəni telefonla zənglə, ya da internetlə şagirdlər müəllimə sualı ünvanlayanda cavab almalıdır. Çünki teledərslər zamanı şagirddə suallar yarana bilər. Hazırkı durumda biz ilk olaraq Azərbaycan vətəndaşının sağlamlığını düşünürük. Teledərslərdə olan çatışmazlıqlara gələndə isə görüləcək başqa tədbir olmadığı üçün indi ən ideal vasitə budur.

Bundan başqa Təhsil Nazirliyi ilə Microsoft Korporasiyası arasında digər bir layihə üzərində iş gedir. Belə ki, hər bir şagird öz sinfinə uyğun olaraq onlayn dərslərdə iştirak edə biləcək. Bütün bu addımlar ondan ötrüdür ki, şagirdlər evdə təhsildən uzaq düşməsinlər. Təbii ki, bu tədbirlər ənənəvi dərslərlə əvəz oluna bilməz, amma uyğun addım budur. Valideynlər də çalışsın ki, evdə olduqları müddətdə övladlarına daha çox zaman ayıraraq dərslərinə zaman ayrısınlar”, - deyə İlqar Orucov qeyd edib.

 

Məsələ ilə bağlı AzEdu.az-a danışan Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov teledərslərin distant təhsildən daha üstün olduğunu bildirərək, distant təhsil üçün infrastrukturun olmadığını vurğulayıb:

 

“Təhsil Nazirliyi, təhsil alanlar üçün hazırkı durum gözlənilən deyildi. Təhsil Nazirliyi bu müddətdə çox düzgün mövqe ortaya qoydu. Baxmayaraq ki, şagirdlər məktəbə getmədi, nazirlik çalışdı ki, onlara evdə də olsa nə isə öyrətsin. Buna görə də uyğun addımlardan biri teledərslərin keçirilməsi idi. Teledərslər layihəsi ortaya gələndə bir çoxları düşündü ki, bu uyğun qərar deyil, uğurlu olmayacaq, interaktivlik təmin olunmayacaq və.s. Bütün bunlar da öz növbəsində cəmiyyəti narahat edirdi və təklif olunurdu ki, distant təhsilə keçid olsun.

Amma distant təhsili Azərbaycanda həyata keçirmək təkcə Təhsil Nazirliyinin qarşısında olan məsələ deyil. Çünki ucqar rayonlarda və Bakının mərkəzindən kənarda olan rayonlarda belə, internet problemi var. Eyni zamanda, distant təhsillə bağlı infrastruktur da yoxdur. Buna görə ən uyğun addım teledərslərin keçirilməsi idi. Teledərslərin üstünlüyü ondan ibarətdir ki, bu dərslər "Mədəniyyət" kanalında təqdim olunur və sözügedən kanal ölkənin istənilən ərazisində yayımlanır. İctimai Şura olaraq biz də bu addıma müsbət yanaşdığımızı bildirdik”.