https://www.zirve.edu.az/
24.05.2019 10:24
“Məhkəmədə də, yasda da birinci müəllimim yanımda olub” – Tələbəsi Fuad Poladovdan danışır
Çap et

“Çox ciddi, doğru-dürüst olması onu digərlərindən fərqləndirirdi. Fuad  müəllim  hər kəsin istedadını qiymətləndirirdi. O, bizə irad bildirəndə niyəsini soruşa bilmirdik. Çünki həm oynadığımız rol, həm də hansısa şəxsi keyfiyyətimizlə bağlı o qədər ətraflı şərh verirdi ki, bu suala ehtiyac olmurdu. Yəni, dediyi iradı elə əsaslandırırdı ki, razılaşmaqdan başqa əlacımız qalmırdı”. 

Bu sözləri AzEdu.az-a açıqlamasında  mərhum aktyor,  Xalq artisti Fuad Poladovun tələbəsi Səbuhi Rəhimli deyib.  O, ikinci kursdan etbarən Fuad Poladovdan dərs aldığını bildirib: 

“Mən 1990-1995-ci illərdə İncəsənət Universitetinin aktyorluq fakültəsində oxumuşam. Birinci kursda bizə xalq artisti Şəfiqə Məmmədova dərs deyib. O, “Bizim Cəbiş müəllim”, “Dədə Qorqud”, “İstintaq” filmlərində rol alıb. Güclü pedaqoq  idi. 10 nəfər xüsusi istedadlı uşaqları seçmişdi.  Azər Axşam, Rafael İsgəndərov, Coşqun Rəhimov, Maqsud Məmmədov, Lalə Süleymanova, mən  və digərləri də bu qrupda idik. Şəfiqə xanım bizi çox güclü hazırladı. İkinci kursa keçəndə onu  Musiqili-komediya kafedrasına göndərdilər. Ora gedəndə də seçdiyi qrupu başlı-başına buraxmadı, güclü müəllimə həvalə etmək istədi. Bizim qrupu Şahmar Ələkbarova tapşırdı. O da xəstəliyi ilə bağlı ancaq yarım semestr dərs deyə bildi. Sonra dünyasını dəyişdi. Şəfiqə xanım başqa yerdə işləsə də, yenə də bizimlə maraqlanırdı. Bizə dedi ki, sizin qrupa ən yaxşı müəllim Fuad Poladov ola bilər. İkinci kursun ikinci semestrindən sona qədər bizi Fuad Poladov yetişdirdi”.

O, müəlliminin bütün tələbələri ilə ayrı-ayrılıqda maraqlandığını, ideal müəllim obrazı olduğunu vurğulayıb:

 “Hətta biz universiteti bitirib fərqli teatrlarda işləyəndə də həmişə gəlir, tələbələri ilə maraqlanırdı. Gəlib tamaşalarımızı izləyərdi. Toy, hüzür olanda da hamıdan əvvəl özünü tələbələrinin yanına çatdırıb. 2014-cü ildə atamın cüməaxşamını Bakıda verdik. Mən bunu Fuad  müəllimə ötəri demişdim. Çünki  bilirdim ki, vaxtı olmur. Bir də gördüm ki, hamıdan əvvəl gəlib oturdu. Yəni hər kəsə belə həssas  yanaşardı. Bizdən əvvəl dərs keçdiyi qrupların uşaqları ilə də görüşür, əlaqə saxlayırdı. Rövşən İsak onun tələbəsi olub. O da bizdən əvvəlki qrupdan idi. Sırf belə etibarlı insan olduğuna görə biz hamımız bir nəfər kimi Fuad müəllimimizin dəfn mərasimində iştirak etdik. Elə birazdan müəllimimin  məzarını ziyarət etməyə gedəcəm”.

Tələbəsi Fuad Poladovla olan bəzi xatirələrini yada salıb:

“Fuad Poladovla o qədər xatirəmiz var ki, bilmirəm hansını danışım. Mən ikinci kursda könüllü müharibəyə gedib, ağır yaralanmışdım. Əsalarımla gəlib dərslərdə iştirak edirdim. Yoldaşlarım məşq edir, mən isə yeriyə bilmədiyimə görə sadəcə, oturub baxırdım. Fuad müəllim həssas insan olduğuna görə bunu hiss edirdi. Mən güclü xarakterdə idim, pis olmur, bilirdim ki, sağalacam. Amma adam az da olsa tıncıxır. Məşq bitdi. Əsalarımı götürüb evə gedirdim. Yolda mənə dedi ki, “niyə belə səbirsizləşirsən? Əsl insan zamana aldanmamalıdır. Mən 3 il teatrdan uzaqlaşmışam. Beynim tam dincəlib.  Sonradan gəlib yenə həmin yerə çatmışam. Sən də istirahət et, sağlamlığının qeydinə qal. Sağlamlıq olmadan hər şey boşdur. Sağlıq elə bir şeydir ki, borclu da borclunun sağlığını istəyir. Gör nə qədər qiymətli məfhumdur. Sağlam bədəndə sağlam ruh olar. Aktyorluq, incəsənət də ruhla bağlıdır, bədənlə yox”. Bu sözlər yadımda qaldı. Sonradan peşəmlə bağlı Avestanı öyrənəndə də bunu anladım. Onun ana xətti odur ki, insan zamanın qulu olduqda xoşbəxt ola bilmir. Sonradan anladım ki, Fuad müəllim necə müdrik söz deyib. Siyasət, sənətdə gərək zamana aldanmayasan. Zamana qalib gəlməyin ilkin işartısını mənə Fuad Poladov vermişdi”.

Səbuhi  Rəhimlinin  sözlərinə  görə hətta məhkəmədə  belə müəllimi onu tək buraxmayıb:

“1995-ci ildə bir mətbu orqanında işləyirdim. Bir az müxalif qəzet olduğuna görə məhkəmələr qaçılmaz idi. Bir dəfə siyasi yazıma görə dedilər ki, sabah məhkəmə var. Səhər məhkəmə çatdı. Bir də gördüm ki, Fuad müəllim hamıdan qabaq gəlib, məhkəmədə durub. Məhkəmə bitəndən sonra mənə dedi ki, yaxşı danışdın, əsaslandıra bildin. Yəni, o, çox həssas insan idi”.

Qeyd edək ki, bu gün artıq 19 gündür aramızda olmayan unudulmaz aktyor, xalq artisti Fuad Poladovun 70 yaşı tamam olur. O, 1948-ci il mayın 24-də Bakı şəhərində doğulub. Azərbaycan teatrının mühüm simalarından olan Fuad Poladov çəkildiyi filmlərdə də maraqlı obrazlar yaradıb.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları