https://www.zirve.edu.az/
19.03.2020 17:12
Valideyn məktəbini seçir
Çap et

 

İndiyədək məktəbini seçənlərin 53 faizi Bakı və Sumqayıtda, 47 faizi regionlardadır

 

 

Mart ayının 13-dən başlayaraq, birinci sinfə şagird qəbulunda önəmli mərhələyə start verilib. Belə ki, 2020-2021-ci dərs ilində övladlarını ilk dəfə məktəbə yola salacaq bütün valideynlər kompüter arxasına keçib məktəb seçir. Bu mərhələyə indiyədək məktəbə getməyən,  minimum 6, maksimum 8 yaşı tamam olan bütün uşaqların valideynləri qatılır. 

 

Xatırladaq ki, ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

 

Qeyd edək ki, 2020-2021-ci tədris ili üçün ümumtəhsil məktəbləri, Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbi istisna olmaqla, bütün lisey və gimnaziyalarda I sinfə şagird qəbulu Azərbaycan bölməsi üzrə ümumi qaydada, tədris digər dillərdə aparılan bölmələrə isə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi yolu ilə həyata keçirilir.

 

Onlar məktəbini də seçdi...

 

Prosesin başladığı ilk 5 gün ərzində böyük fəallıq müşahidə edilib. 115 mindən artıq şəxs övladının təhsil alacağı məktəbə qərar verib.  Onların arasında 1 il əvvəlki qərarını dəyişənlər də var.

 

Məlum olduğu kimi, artıq 3 ildir ki, birinci sinfə qəbul məktəbəhazırlıqdan başlayır. Bu il məktəbəqədər təhsil qruplarından birinci sinfə avtomatik şəkildə qəbul olunan 105 min nəfərdən çox  uşaq olduğu bildirilsə də, məktəbəhazırlıq qrupunu bitirənlər arasında təhsil aldığı məktəbi dəyişmək istəyənlər olub. Həmin şəxslər şəxsi kabinetinə daxil olub sorğusunu silib  yenidən məktəb seçiblər.

 

Sorğu verənlərin 21190 nəfəri 2020-ci il ərzində 6-8 yaşı tamam olan və birbaşa birinci sinifdə təhsil alacaq azyaşlılardır.

 

“Müsahibəyə yazıl”

 

Hazırda birinci sinfə qəbul üçün Azərbaycan bölməsi üzrə elektron qeydiyyatdan keçmiş valideynlər məktəb seçimini həyata keçirirlər. Tədris digər dildə aparılan bölmə üzrə məktəb seçimi  şifahi nitq bacarıqlarını qiymətləndirən müsahibələrdən sonra başlanılacaq. Birinci sinfə birbaşa qəbul olunanlar üçün müsahibələr may ayında təşkil ediləcək. Vətəndaşların yaşadığı əraziyə uyğun olaraq həm Bakıda, həm də rayonlarda müsahibə komissiyaları fəaliyyət göstərəcək. Valideynlər sistemə daxil olaraq müsahibə komissiyalarından birini seçib müsahibəyə gün alacaq. Müsahibənin nəticəsindən asılı olaraq,  valideynlər istədikləri məktəbə sorğu yerləşdirə biləcəklər.

 

İndiyədək 9104 nəfər “Müsahibəyə yazıl” xanasını seçərək tədris digər dildə aparılan bölmə üzrə təhsil almaq istəyini bəyan edib.

 

Növbəyə yazılanlar gözləyir...

 

Elektron qəbul sistemində bu ildən tətbiq olunan növbəyə yazılma xidmətindən istifadə edənlər də olub. Qeydiyyatda olmadıqları ərazidə yerləşən təhsil müəssisələrini seçmək istəyən 185 nəfər övladına yer saxlayıb. Xatırladaq ki, məktəb ailənin yaşadığı, ancaq qeydiyyatda olmadığı ərazidədirsə, o, növbəyə yazıla və bu yolla övladına yer saxlaya bilir. Ərazidə qeydiyyatda olanlar yerləşdiriləndən sonra məktəbdə yer qalarsa, növbədə olan siyahı sorğuya çevriləcək və həmin siyahı üzrə yerləşdirmələr həyata keçiriləcək.

 

Regionlar məktəb seçimində fəaldır

 

Birinci sinfə elektron şagird qəbulunun bütün ölkə ərazisində ilk dəfə həyata keçirilməsinə baxmayaraq, regionlar da məktəb seçimində fəallıq nümayiş etdirib. Təhsil Nazirliyinin Yerli təhsil idarəetmə orqanlarının işinin əlaqələndirilməsi sektorunun məsləhətçisi Elçin Kərimov “Azərbaycan müəllimi” qəzetinə bildirib ki, ən çox məktəb seçənlər Hacıqabul rayonundandır: “Fəallığı ilə seçilən rayonlar siyahısında Ağdaş, Abşeron, Bərdə, Beyləqan, Biləsuvar, Balakən, Goranboy, Zaqatala, Xaçmaz, Şəmkir, Şamaxı, Qubadlı, Lənkəran  da yer alıb. Gəncə şəhərindəki valideynlər də Bakı və Sumqayıtdan geri qalmayaraq uşaqlarının təhsil alacağı məktəbə qərar veriblər. Uşaqları məktəbəhazırlığa getməyən, ilk dəfə məktəb seçən valideynlər əksər rayonlarda fəaldır. Elə bir rayon yoxdur ki, orada məktəb seçimi prosesinə qoşulan olmasın. Ancaq Xocalı, Zərdab, Xocavənd, Qusar, Qobustan rayonunda məktəb seçimi edən valideynlərin sayı azdır”.

 

E.Kərimovun sözlərinə görə, Bakı və Sumqayıt şəhərlərində elektron qeydiyyat təcrübəsinə baxmayaraq, bu prosesi ilk dəfə həyata keçirən regionlar da prosesdə fəaldır. İndiyədək məktəbini seçənlərin 53 faizi Bakı və Sumqayıtda, 47 faizi regionlardadır.

 

Elçin Kərimov onu da deyib ki, indiyədək prosesdə hər hansı problem qeydə alınmayıb: “Məktəb  seçimi aparan valideynlər hər hansı çətinliklə üzləşərsə, “Əks əlaqə” bölməsi vasitəsilə müraciət edir. Məlumat xarakterli həmin sorğular dərhal cavablandırılır. İndiyədək hər hansı problemlə bağlı müraciət qeydə alınmayıb. Regionlardan daxil olan müraciətlərdə məhz hansısa məlumat almaq məqsədi ilə göndərilən sorğular üstünlük təşkil edir. Bakı və Sumqayıt şəhərləri üzrə müraciətlər isə yerlərin dolması ilə bağlıdır. Belə ki, bir övladının təhsil aldığı məktəbə ikinci övladını da yerləşdirmək istəyən valideynlər yerlərin dolu olması səbəbindən buna nail ola bilməyərək bizə müraciət edirlər. Belə müraciətlərə baxılır və müsbət cavablandırılır”.

 

Qeyd edək ki, birinci sinfə qəbul prosesi 14 sentyabr 2020-ci il tarixədək davam edəcək. Elektron qeydiyyat zamanı çətinlik çəkən valideynlər müvafiq Alternativ qeydiyyat mərkəzlərinə müraciət edə bilərlər.

 

Ruhiyyə DAŞSALAHLI