https://www.zirve.edu.az/
11.03.2020 16:59
Qətərin elm və təhsil müəssisələri ilə əlaqələr yaradılır  
Çap et

Qətərin Azərbaycandakı səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab martın 11-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.

AzEdu.az xəbər verir ki, elmi müəssisənin direktoru, akademik Gövhər Baxşəliyeva səfirlə görüşdə Azərbaycanın ərəb ölkələri ilə elmi və mədəni əlaqələrindən söz açıb, bu əlaqələrin möhkəmlənməsində şərqşünas alimlərin mühüm rolunu qeyd edib. G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunda ərəb ölkələrinin tarixi, iqtisadiyyatı, ərəb dili və ədəbiyyatı ilə bağlı aparılan tədqiqatlardan, nəşr olunan kitablardan danışıb, ərəb mənbələrində bir çox xalqların, o cümlədən Azərbaycanın tarixinə dair mühüm məlumatların olduğunu söyləyib.

Səfir Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab Şərqşünaslıq İnstitutunda ərəbşünaslıq sahəsində aparılan tədqiqatların onda maraq doğurduğunu bildirib, Qətərin elm və təhsil müəssisələri ilə əlaqələrin yaradılmasının əhəmiyyətini vurğulayıb.

Daha sonra Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab Şərqşünaslıq İnstitutunun əməkdaşları ilə görüşüb. Diplomat Qətər–Azərbaycan münasibətlərindən danışıb, şərqşünasların suallarını cavablandırıb. Görüşdə institutun əməkdaşları - Vilayət Cəfərov, Laura Orucova, Fərda Əsədov, Elnur Mustafayev və başqaları öz elmi yaradıcılıqlarından bəhs ediblər.