Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-10 11:33:00
Tibb Universitetinin 26 tələbəsinə əlavə təqaüd veriləcək

Bu il ərzində Azərbaycan Tibb Universitetinin bəzi tələbələri əlavə aylıq təqaüd almaq imkanını qazanıb. Bu imkan ATU ilə Tibbi Servis şirkəti “Medi Club” MMM arasında əməkdaşlıq müqaviləsinə əsasən yaranıb.

 Ötən il ATU-nun rektoru,professor Gəray Gəraybəyli ilə “Medi Club”-ın baş direktoru Sabir Adnayev arasında imzalanan müqavilə əsasən, universitetin 10 tələbəsinə aylıq 150 manat məbləğində təqaüd ödənilirdi.

 Bu ildən etibarən “Medi Club” tərəfindən təqaüd qazanan tələbələrin sayı artaraq 26 olub. Bu şirkət ATU-nun 26 tələbəsinə hər ay əlavə olaraq 150 manat təqaüd ödəyir. Bundan əlavə, universitetin tələbə və rezidentləri pulsuz təlimlərdə iştirak etmək imkanı qazanıblar.

 Qeyd edək ki, müqavilə şərtlərinə görə, “Medi Club” ATU-nun hər ixtisas üzrə bir rezidentinin kompüter tomoqrafiyası, poliklinik terapiya, pediatriya və təcili yardım üzrə rotasiya tsikllərini keçməsi üçün öz kliniki bazasını təqdim edir. Bundan əlavə, müqavilədə tələbələrin şirkətin bazasında ödənişsiz staj keçməsi və müştərək elmi işlər aparılması da nəzərdə tutulub.

 “Medi Club” MMM ilə ATU arasındakı əməkdaşlığın daha da genişləndirilməsi, təqaüd ayrılan tələbələrin sayının gələcəkdə artırılması nəzərdə tutulub.

 Həmçinin, əməkdaşlıq çərçivəsində ATU-da bu ildən etibarən açılacaq fizioterapist ixtisası üzrə təhsil alacaq tələbələr üçün Gənclər və İdman Nazirliyinin nəzdində olan tibbi idman reabilitasiya mərkəzlərində təcrübə keçirilməsi də baş tuta bilər.