https://www.zirve.edu.az/
03.03.2020 14:37
Tətildə itirilmiş dərs günləri necə bərpa ediləcək? - Ekspert
Çap et

Koronavirusla bağlı elan edilmiş tətil günlərinin sonrakı aylarda hansı günlərlə əvəzlənəcəyi hələ məlum deyil, çünki bu, qərarda qeyd edilməyib.

AzEdu.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov koronavirusla əlaqədar məktəblilərin təhlükəsizliyi baxımından ümumtəhsil müəssisələrində elan edilmiş dördgünlük tətil müddətində itirilmiş dərs saatlarının necə kompensasiya ediləcəyi ilə bağlı danışıb.

K.Əsədov bildirib ki, Təhsil haqqında qanuna görə, tətil müddətlərinin yeri dəyişdirilə, bir tətil digər tətillə əvəz edilə bilər, ancaq bu, öncədən elan edilməlidir.

Ekspert müvəqqəti tətillə itirilmiş dərs günlərinin iki yolla bərpa edilə biləcəyini vurğulayıb:

“Nazirlər Kabinetinin qərarında tətillərin yerinin dəyişdirilməsi məsələsi yox idi. Ancaq biz bunu təklif etmişdik. Səbəb də odur ki, pedaqoji təcrübəyə görə, dərs günlərinin müddətinə 15 gündən artıq tətil əlavə edilərsə, yay tətili günlərində həmin tətil dərslərlə əvəz edilməlidir. Ancaq burada məqam fərqlidir. Elan edilən tətil müddəti 15 gündən azdır, yəni cəmi dördgünlükdür.

Ancaq yenə də maraqlıdır ki, bu 4 gün hansı günlərlə əvəz olunacaq? Aprel ayında heç bir tətil və bayram günü yoxdur. Bu səbəbdən həftə sonu üçün məktəblərdə dərs günü elan edilə bilər.

Başqa bir versiya isə dərslərin birləşdirilməsidir. Yəni yalnız 4 dəfə olmaqla ardıcıl olan dərslər birləşdirilir. Bu da elə ciddi və təhlükəli bir məqam deyil. Elan edilmiş tətil 15 gündən artıq olsaydı, dərslər 14 iyun tarixində bitməyəcək və əlavə 15 gün də dərslər davam edəcəkdi. Ancaq yaxşı olardı ki, Nazirlər Kabineti məlum qərarda bu məqamı qeyd edərdi”.

Ekspert tətilə buraxılan məktəblilərlə bağlı diqqət çəkən digər bir məqama da toxunub. O bildirib ki, məktəblilər tətilə təhlükəsizlikləri üçün buraxıldıqlarına görə bunu nəzərə almalı və fürsətdən istifadə edib əyləncə mərkəzlərinə getməməlidirlər:

“Koronavirusa görə məktəblərdə müvəqqəti tətil elan edilməsi o demək deyil ki, bu fürsətdən istifadə edib hamı uşağını götürüb əyləncə mərkəzlərinə, bölgələrə səfər etməlidir. Bu addım Nazirlər Kabineti tərəfindən məktəblilərin təhlükəsizliyi üçün atılıb. Tətilin verilməsi o demək deyil ki, məktəblərimizdə koronavirus var. Xeyr, məktəblərimizdə yoxdur, ancaq digər başqa yerdə ola bilər. Ona görə əgər məktəblilər dərsə getmirsə, maksimum dərəcədə əhalinin sıx toplaşdığı yerlərə getməməli, kütləvi yerlərdə olmamalıdır. Yaxşı olar ki, valideynlər bunu nəzərə alsınlar”.(Axar.az)