https://www.zirve.edu.az/
21.02.2020 17:12
“III qrupa heç nə əlavə olunmamalıdır, mənfəətimiz üçün çalışmayaq”-ÇAĞIRIŞ
Çap et

 Ötən günlərdə  Azərbaycan dili və ədəbiyyat müəllimlərimizdən biri III qrup üzrə qəbul imtahanlarına esse əlavə etməyi təklif etdi və bunun vacibliyindən danışdı. Bu məsələ müzakirələrə səbəb oldu.

Bəs III qrup üzrə  qəbul imtahanlarına essə əlavə olunması vacibdirmi?

Mövu ilə bağlı AzEdu.az-a danışan təhsil eskperti Elçin Əfəndi buna ehtiyacın olmadığını vurğulayıb.

“ İndiki durumda qətiyyən lazım deyil. Ümumiyyətlə,  III qrupa əlavə nəyinsə salınması heç lazım deyil. Bilirsiniz ki, bu ixtisas qrupunda plan yeri azdır. Yetəri qədər də prestijli və perspektiv vəd edən ixtisas yoxdur. Bununla yanaşı, ən çox üz tutulan qrup da I qrupdan sonra III ixtisas qrupudur. Təkcə ötən qəbul ilində 10000-dən çox şəxs müsabiqədən kənarda qaldı. Bunun üzərinə bir də ESSE əlavə olunarsa,  imtahanlarda o zaman bu say 13-14 minə çatacaq. Nəyə lazım bu qədər şəxsi təhsildən kənarda saxlamaq?

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təhsilin əlçatanalılığının təmin edilməsi məqsədilə dövlət sifarişi üzrə plan yerlərinin artırılmasına, ümumi plan yerlərinin artırırlmasına və qəbul zamanı daha çox şəxsin təhsil almasına çağırış edir, sərəncam verirsə, deməli, biz də bu çağırışa qoşulmalıyıq. Daha təhsil almaq istəyən minlərlə gəncin qarşısına xüsusi maneələrlə çıxmamalıyıq”.

Ekspert  həmçinin, qeyd edib ki, lazımlı ixtisaslar üzrə qabiliyyət imtahanı keçirməklə DİM gərəkli işləri görür:

“III ixtisas qrupunda bilirsiniz ki, jurnalistika ixtisası var. ESSE yalnız həmin ixtisasa üz tutan abituriyentlərə lazımdır ki, bunu da Dövlət İmtahan Mərkəzi qabiliyyət imtahanı çərçivəsində edir.  Ümumiyyətlə, hər kəsdən xahiş edirəm ki, heç kim öz mənfəəti üçün müxtəlif çağırışlarda bulunmasın. Gənclik və gələcək üçün daha sadə, daha səmərəli işlər görmək lazımdır. Bu gün özümüzü deyil, övladlarımızı düşünməliyik ki, sabah onlar doğru və dəqiq təhsil alaraq tərəqqiyə nail ola bilsinlər”.

“Biz informasiya dönəmində yaşayırıq. Mən əvvəllər də təklif etmişəm, indi də həmin təklifimin üzərindəyəm. Yaxşı olar ki, qəbul imtahanları Azərbaycan dili, xarici dil, informatika və məntiq üzərindən aparılsın. Digər fənlər üzrə isə şagirdlərin bilik və bacarıqları buraxılış mərhələsində yoxlanılsın. Belə olan halda biz daha mükəmməl, çevik və daha savadlı gənc nəsilə sahib ola bilərik”-deyə təhsil eksperti E. Əfəndi sözlərinə əlavə edib.