Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-18 09:23:00
Məktəblilərin iki layihəsi uğur qazanıb

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun alimlərinin rəhbərlik etdiyi iki layihə “Biologiya” nominasiyası üzrə “Sabahın alimləri” IX Respublika Müsabiqəsinin qalibi olub və qaliblərə mükafatlar təqdim edilib.

AzEdu.az xəbər verir ki, İnstitutun Bioinformatika laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü İlham Şahmuradovun rəhbərliyi altında “Mitoxondridən nüvəyə DNT transferi” adlı layihə çərçivəsində aparılan tədqiqatlara görə Yasamal royonu 177 saylı tam orta məktəbin 11-ci sinif şagirdi   Selcan Nurullayeva və Səbail rayonu 160 saylı Klassik gimnaziyanın 10-cu sinif şagirdi   Tuba  Əliyeva bürünc medala layiq görülüb.  Layihənin məqsədi bəzi bitki və heyvan orqanizmlərinin nüvə genomlarında mövcud mtDNT-sinin qəlpələrinin olub-olmadığını aydınlaşdırmaq, varsa, həmin qəlpələrin mitoxondri genomunu nə dərəcədə təmsil etdiyini qiymətləndirmək olub.

İnstitutda yerinə yetirilən digər layihənin rəhbəri Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi, dosent  Nərgiz Sultanova olub. “Üzüm bitkisində kumarin törəmələrinin boy stimullaşdırıcı təsirləri” layihəsinə görə Bakı şəhəri Nəsimi rayonu 5 saylı tam orta məktəbin 9-cu sinif şagirdi   Feyruz Sultanlı və Müasir Təhsil Kompleksinin 10-cu sinif şagirdi   Xanım Hüseynova bürünc medala layiq  görülüb. Təqdim olunan layihənin əsas məqsədi ölkəmizdə becərilən və yabanı halda rast gəlinən dərman bitkilərindən alınan bioloji fəal maddələrin üzüm bitkisində boy stimullaşdırıcı təsirlərinin tədqiq edilməsi olub.

İnstitutdan bildirilib ki, “Sabahın alimləri” Respublika müsabiqəsinə təqdim olunan layihələrin AMEA alimlərinin rəhbərliyi altında yerinə yetirilməsi istedadlı şagirdlərdə elmə marağın yaradılması üçün böyük əhəmiyyətə malikdir. (Azərbaycan müəllimi)